Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Cərimlər siqaretçəkməni azalda biləcəkmi?
Rasim Balayev: “Mən özüm siqaretin əziyyətini çəkənlərdən biriyəm. Arabir azaldıram, amma əl çəkə bilmirəm...”
Nurəddin Mehdixanlı: “Özümüz sağlam mühitdə yaşamaq və yaşatmaq istəyiriksə, ümumiyyətlə siqaretdən imtina etməliyik”

Dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə, XXI əsrdə tütündən 1 milyard insan dünyasını dəyişəcək. Ümumiyyətlə, orta hesabla dünya əhalisinin 29 faizini siqaret çəkənlər təşkil edir.
Azərbaycanda isə 3 milyona yaxın əhali siqaret çəkir. Artıq dünyada qlobal miqyas alan bu problem Azərbaycanda da öz aktuallığını saxlayır. "Siqaretçəkmənin məhdudlaşması barədə" qanun layihəsinin gündəmə gəlməsinin başlıca səbəbi də məhz bu məsələdən doğan problemlərdir. Acınacaqlı hal isə odur ki, qapalı şəraitdə tütün məhsullarının yanması nəticəsində yaranan ikincili tütünün zərərli təsirinə həm siqaret çəkənlər, həm də ondan istifadə etməyənlər məruz qalırlar.
Beynəlxalq Əmək Təşkilatının statistikasına görə, hər il ən azı 200 min insan iş yerində məruz qaldığı tütün tüstüsünün təsiri nəticəsində həlak olur. Ümumiyyətlə, ikincili tütünün təhlükəsiz səviyyəsi mövcud deyil. Bu məsələ isə "Bəs harada siqaret çəkmək olar" sualını doğurur. Qanun layihəsində siqaret çəkilməsinə qadağa qoyulacaq müəssisələr konkret göstərilir. Belə ki, hava və dəniz limanları, dəmiryolu və avtobus vağzalları, şəhərlərarası bütün marşrutlarda, taksi də daxil olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan edilir. Bundan başqa, kinoteatrlar, idman yarışları və konsert keçirilən qapalı zallar, tədris müəssisələri, uşaq bağçaları, səhiyyə və ictimai-iaşə müəssisələri, şadlıq evlərində siqaret çəkilməsinə qadağa qoyulur. İş yerlərinə gəlincə, orada xüsusi ayrılmış yerlərdə siqaret çəkilməsinə icazə verilir. Bu qaydaları pozanlar isə fiziki şəxs olarsa 50, hüquqi şəxs olduğu halda isə 200 manatla cərimələnə bilər. Amma bu məbləğlər də hələ ki təklif şəklindədir.
Bəs bu cərimlərin tətbiqi reallaşarsa, vəziyyətin düzələcəyinə ümid etmək olarmı?

"SİQARETİN ƏZİYYƏTİNİ ÇƏKƏNLƏRDƏN BİRİYƏM"

Siqaret istifadəçisi olduğunu deyən xalq artisti Rasim Balayev layihəni dəstəklədiyini bildirib: "Mən özüm siqaretin əziyyətini çəkənlərdən biriyəm. Arabir azaldıram, amma əl çəkə bilmirəm. Çalışıram ki, ondan yaxa qurtarım. Bir-iki dəfə siqareti atmağa cəhd eləmişəm. Amma alınmayıb. İndi isə həkim səhhətimlə bağlı siqareti atmağı məsləhət görür. Yəqin ki, əməl edəcəyəm".
R.Balayev siqaret çəkmənin ictimai yerlərdə məhdudlaşdırılmasının səmərə verə biləcəyini düşünür: "Pis çıxmasın, vaxtilə bizə "qılınc müsəlmanı" deyiblər. Yəni bir az zorluq tətbiq etmək lazımdır. Hazırda bütün dünyada bu proses gedir. Ölkələrin əksəriyyətində ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub. Ona görə də mənə elə gəlir ki, siqaret çəkmənin ictimai yerlərdə məhdudlaşdırılması düzgün qərar olardı. Bu qərar insanlara xeyli səmərə verə bilər: ya daha az siqaret çəkərlər, ya da ictimai yerlərdə ondan istifadə etməzlər".

"CƏRİMƏLƏRİN TƏTBİQİNİN QANUNDA YAZILMASININ TƏRƏFDARI DEYİLƏM"

Siqaret çəkmədiyini deyən Milli Məclisin deputatı Nazim Məmmədovun sözlərinə görə, bu qanun problemə cəmiyyətin diqqətini artırmaq üçün çox vacibdir: "Hamı bilir ki, siqaret çəkmənin orqanizmə nə qədər ziyanı var. Bu baxımdan, həmkarlarımın bir neçə dəfə qaldırdığı bu məsələ çox aktualdır. Bundan cəmiyyət yalnız qazanacaq". Cərimlərin məbləğinə gəlincə, millət vəkili hesab edir ki, onların tətbiqində əhalinin maddi durumu nəzərə alınmalıdır: "Güman etmirəm ki, cərimələri qanun layihəsinə salmalıyıq. Qanunun əlyehinə deyiləm. Amma cərimələrin tətbiqinin qanunda yazılmasının tərəfdarı deyiləm".

BU CƏRİMƏLƏR DƏ YETMİR

Xalq artisti Nurəddin Mehdixanlı da layihənin tərəfdarlarındandır: "Özümüz sağlam mühitdə yaşamaq və yaşatmaq istəyiriksə, ümumiyyətlə siqaretdən imtina etməliyik. Mən hesab edirəm ki, bu cərimələr də azdır. Cərimə o səviyyədə olmalıdır ki, insan məcbur olub siqaret çəkməkdən imtina etsin. Bu məcburiyyət də onun sağlamlığına xidmət edəcək. Çünki siqaretin hesabına xəstəlik qazananlar sonradan 20 qat, 50 qat, 100 qat pul xərcləyirlər, amma sağlamlıqlarını bərpa edə bilmirlər".
Xalq artisti təbliğati işlərin gücləndirilməsini də vacib sayır: "Mənə elə gəlir ki, ümumiyyətlə, Azərbaycanda total şəkildə siqaret çəkmənin qarşısını almaq üçün konkret işlər görülməlidir. Bu, həmişə, hər yerdə zorla olmamalıdır. Eyni zamanda, bununla bağlı təbliğat aparılmalıdır. Televiziya kanallarımızda çox zaman gedən boş, mənasız proqramların əvəzinə hər telekanal gününün bir saatını ancaq siqaret təbliğatına sərf etsə, təbliğat vasitəsilə insanlarımızı bu zəhrimardan uzaqlaşdırarıq. Eyni zamanda, inzibati qaydalar da öz işini görməlidir. İctimai, qapalı yerlərdə, restoranlarda, istirahət yerlərində siqaretinçəkmənin qadağan olunmasının tərəfdarıyam".

CƏRİMƏLƏR RƏMZİ OLMAMALIDIR

Amma N.Mehdixanlı hesab edir ki, cərimələr də rəmzi xarakter daşımamalıdır. Təyin ediləcək məbləğ insanı bu addımdan tamamilə çəkindirməlidir: "Cərimə elə bir məbləğ olmalıdır ki, insan bir dəfə cərimələnəndə təkrar o səhv addımı atmasın. Əvvəllər mən də siqaret çəkirdim. Zərərini görəndən sonra artıq xeyli vaxtdır ki, ondan imtina etmişəm. İndi sağlam həyat tərzindən zövq alıram". Səhiyyə Nazirliyinin Sağlam Həyat Tərzi üzrə Milli Koordinatoru Azad Hacıyevin fikrincə isə siqaret çəkməkdən imtina edənlər üçün ayrıca müəssisələrə ehtiyac var. Belə ki, siqaretdən uzaqlaşmaq istəyənlər məsləhət almaq üçün narkoloji dispanserlərə müraciət etməli olurlar: "Bu isə prosesin özünü çətinləşdirir və əhalinin mentalitetinə uyğun deyil. Ona görə də bu istiqamətdə işin yerli poliklinika şəraitində qurulması məqsədəuyğun olar. Konkret tələbatların müəyyən edilməsi və müvafiq strategiyanın dəqiqləşdirilməsi məqsədilə Azərbaycanda siqaret çəkməyə dair vəziyyətin ilkin qiymətləndirilməsi və mütəmadi monitorinqin davam etdirilməsi mütləqdir". Bundan başqa, Bakıda və digər ərazilərdə müalicəvi-profilaktik müəssisələr əsasında ərazilərdə tütün çəkməyi atmaq istəyənlərə kömək göstərən xüsusi punktlar yaradılmalı və bütün sahə həkimləri bu işə cəlb edilməlidir: "Tütün vergilərindən büdcəyə gələn gəlirin 50 faizi isə tütünçəkmə ilə mübarizə proqramının müəyyən edilməsinə və aztəminatlı vətəndaşların tütün asılılığını aradan qaldırmaq üçün kömək göstərilməsinə yönəldilməlidir". Siqaret qutularında "az qatranlı", "yüngül", "ultra yüngül" və digər çaşqınlığa səbəb olan oxşar terminlərin yazılması da qadağan edilməlidir. Bu məhsulları yalnız xüsusi mağazalarda, təhsil, idman, tibb və mədəni müəssisələrdən uzaq yerlərdə satmaq məqsədəuyğun hesab edilir.

PASSİV SİQARETÇƏKMƏDƏN SƏMƏRƏLI MÜDAFİƏNU 17 ÖLKƏ TƏMİN EDİR

Onu da bildirək ki, tütün epidemiyasına qarşı qlobal mübarizədə ilk atılan addım 2003-cü ildə 150 tərəfin iştirakı ilə qəbul edilmiş ÜST-nin Çərçivə Konvensiyasıdır. Bu konvensiya tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmadır. Razılaşma ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının reklamını qadağan edir. ÜST tərəfindən 6 strategiyadan ibarət MPOWER - tədbirlər kompleksi də tərtib edilib. Burada tütün istehlakının və profilaktik strategiyaların monitorinqi, insanların tütün tüstüsündən mühafizəsi, tütündən istifadənin dayandırılması məqsədi ilə kömək təklifi yer alıb. Bundan başqa, tütünlə bağlı təhlükələrə dair xəbərdarlıq, tütün məhsullarının reklamına, satışının stimullaşdırılmasına və sponsorluğuna qoyulmuş qadağalara əməl edilməsinə təminat, tütün məhsullarına qoyulan vergilərin artırılması tədbirləri nəzərdə tutulur. Amma bu gün passiv siqaretçəkmədən ümumi və səmərəli müdafiəni təmin edəcək ölkələrin sayı çox azdır. Hazırda dünyada tütünsüz mühit siyasəti həyata keçirən belə ölkələrin sayı cəmi 17-dir.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 22.02.10 | Baxılıb: 292

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •