Hacı Sultanəli məscidindən ibadətdən çıxan bir qrup şəxsin heç kimin gözləmədiyi halda aksiya keçirməyə cəhd göstərməsinin İranın təxribatı olduğu gün kimi aydın idi
Fevralın 13-də Hacı Sultanəli məscidindən ibadətdən çıxan bir qrup şəxsin heç kimin gözləmədiyi halda aksiya keçirməyə cəhd göstərməsi müxtəlif fikirlərin yaranmasına yol açsa da, bunun İranın təxribatı olduğu gün kimi aydın idi. Həm səslənən şüarlardan, həm də aksiya iştirakçılarının radikallığından İranın dəst-xəttini sezmək üçün ekspert olmaq lazım deyildi. Əslində nə baş vermişdi?
Təxminən 60-70 nəfərdən ibarət özlərini “dindarlar” kimi qələmə verən şəxs qeyri-qanuni aksiya keçirməyə cəhd göstərmiş və ictimai qaydaları kobud surətdə pozaraq xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq etmişlər. Dini İşlər üzrə Dövlət Komitəsinin, az sonra isə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı rəsmi açıqlamada bu hal təxribat kimi qiymətləndirilmiş və onu törədən şəxslərin dinlə hər hansı bağlılığı olmadığı vurğulanmışdı.
Sivil dünyanın qəti şəkildə pislədiyi radikal dini davranışların, o cümlədən Bakıda keçirilən, məramı qaranlıq qalan aksiyanın arxasında niyə məhz İranın durduğu iddia edilir? Elə hadisələrin xronologiyasına ötəri nəzər salsaq, bu təxribatın və onun tərkib hissəsi olacaq daha hansı təhlükəli ssenarilərin müəllifinin məhz cənub qonşumuz olması heç kimdə şübhə doğurmaz.
BİRİNCİ MƏQAM: İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycana rəsmi səfərə gələr-gəlməz İran hakimiyyətinin çirkab ruporu “Səhər” televiziya kanalı çamur püskürməyə başladı. Bu kanalın jurnalistikaya dəxli olmadığı və «soyuq müharibə» dövrünün sınıq-salxaq aləti kimi ancaq Azərbaycan dövlətinə qara yaxdığını xatırlatmağa, məncə, ehtiyac yoxdur. Zaman-zaman şahidi olmuşuq ki, bu təxribat maşını işini aktivləşdirəndə, başqa sözlə desək, xalqımıza və hakimiyyətimizə qarşı söyüşlərini bol edəndə mütləq hansısa təxribat olacaq.
İKİNCİ MƏQAM: Fevralın 13-də Bakıda keçirilən İransayaq aksiyanın sədası 3 gün sonra Təbrizdən gəldi. Bu ölkənin “Ənsar-e Hezbollah” adlı qrupunun 40 nəfərə yaxın üzvü fevralın 16-da tarixi şəhərimiz olan Təbrizdə Azərbaycanın Baş Konsulluğu qarşısında aksiya keçirdi. Radikal dini şüarlar səsləndirən kütlə Bakıdakı aksiyanın qarşısının alınmasını pisləmiş, hələ bu azmış kimi Azərbaycan rəhbərliyini və xalqını təhqir etmişdir.
ÜÇÜNCÜ MƏQAM: Maraqlıdır ki, elə həmin aksiyada Azərbaycana ünvanlanmış bəyanatın sonunda onlara verilən dəstəyə görə İranın rəsmi dövlət qurumlarına minnətdarlıq bildirilir.
Bütün bu məqamlar İranın hakimiyyət orqanlarının Azərbaycana qarşı təxribat xarakterli aksiyaların keçirilməsində rolu olduğunu göstərmirmi? Əslində, bu faktları sadalamadan da daim müstəqilliyimizə və uğurlarımıza düşmən münasibəti bəsləyən İranın əsl xislətini bilmək çətin deyil.
İranın molla rejiminin mahiyyətini göstərən belə qara piarın məhz Təbrizdən başlaması da təsadüfi deyil. Təbriz Azərbaycanın tarixi şəhəridir, əsrlərlə yaranıb formalaşmış əzəmətli dövlətlərimizin də paytaxtı məhz Təbriz olub, indi ana dilində təhsil hüququndan məhrum olmuş 30 milyondan çox həmvətənimizin iztirab və əsarət şəhəri də Təbrizdir. Biz Təbrizdə aksiya keçirilməsinin gözləyirdik, fevralın 26-da Xocalıda törədilmiş erməni vəhşiliyinə sərt münasibət göstərən, vandalizmi lənətləyən protest gözləyirdik. Amma dəyməzmiş… Çünki bu, xristian Ermənistanına hamilik edən müsəlman İranının siyasi xəttinə uyğun deyil. Qulağının dibində Xocalıda, Qarabağda müsəlman qardaşlarının soyqırımına məruz qalmasını islam təəssübünü çəkən dövlət nədənsə görmür, amma əldəqayırma raketlərini İsrailə tuşlayıb Fələstini qeyrət məsələsinə döndərib. İran Ermənistanın ən yaxın dostu, müttəfiqi, strateji tərəfdaşıdır, elə Ermənistan da şimaldan baxanda Rusiyanın forpostudursa, cənubdan İranın ostandarlığı kimi görünür.
Azərbaycana qarşı tələb irəli sürənlər nəyə görə öz hökumətlərindən Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla geniş əməkdaşlıqdan çəkinməyi tələb etmirlər?
Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?
Bütün bunlar İranın müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə və xarici siyasətinə təsir göstərmək cəhdləri kimi başa düşülür – bunun başqa adı ola bilməz.
Yuxarıda cənub qonşumuzun müstəqilliyimizə daim qısqanclıqla yanaşmasına toxundum. Bu təsadüfi xatırlatma deyil. Azərbaycana qarşı yönəlmiş təxribatlar seriyasında İranın çəkisini müəyyənləşdirmək üçün yaxın tarixə ekskurs edək – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti istiqlalını elan edəndə ona dırnaqarası yanaşan yeganə dövlət bəlkə də İran olmuşdu. İran diplomatları özləri məzlum gündə olmalarına baxmayaraq, 1918-ci ildə Versal sülh konfransına qatılmış topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətimizin hətta kostyumlarına belə kinayə ilə yanaşırmışlar. Hikkələrinin səbəbi də bu imiş ki, niyə yaratdığınız dövlətə Azərbaycan adı qoymusunuz?!
Şahların yerinin mollalar tutsa da, yenə köhnə məkr qalmaqdadır. «Əli və Nino»nun məşhur personajının təbirincə desək, «İran dəyişmir ki, dəyişmir…» Amma zaman o zaman deyil…
İran da daxil olmaqla heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna yol verilməyəcək. Dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq, tolerantlıq ənənələrinə xələl gətirmək və etiqad azadlığından sui-istifadə etmək cəhdlərinin qarşısı bundan sonra da qanunla müəyyən edilmiş qaydada alınacaq.
Azərbaycan Respublikası region ölkələri ilə münasibətlərini dostluq, mehriban qonşuluq, səmimilik, səmərəli əməkdaşlıq prinsipləri əsasında qurur. Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və öz daxili məsələlərinə, xarici siyasət prioritetlərinə istənilən müdaxilənin, maneçilik törətmək cəhdlərinin qarşısını almaq iqtidarındadır.