Ekspert Ramin Osmanov: "Konkret əmlak sahiblərinə kompensasiyaların ödənilməsi məsələsi müzakirə olunmalıdır"
2010-cu ilin "Ekologiya ili" elan edilməsi çərçivəsində ölkədə yeni avrostandartların tətbiqinə start verilir. İyulun 1-dən etibarən qüvvədə olacaq avro-2 standartı ölkədə istehsal edilən yanacağa, avtomobillərə, həmçinin ölkəyə idxal edilən avtomobillərə şamil ediləcək. Bu standarta uyğun gəlməyən avtomobillərin isə ölkədə istifadəsi qadağan ediləcək. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramin Osmanovun sözlərinə görə, avrostandartların tətbiqində müxtəlif yanaşmalar var: "Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avrostandartların yalnız Azərbaycana idxal edilən avtomobillərə tətbiq olunacağını bildirib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov isə iyul ayından standartların tətbiqindən danışarkən bir növ cəmiyyətə mesaj ötürdü ki, avtomobil sahibləri bu standartların tətbiqinə hazır olmalıdırlar.
Onun təbirincə desək, iyul ayından Azərbaycanda, xüsusilə də avtomobillərin daha çox olduğu Bakı şəhərində ili köhnə, istismara yararsız, ümumiyyətlə, avrostandartlardan kənar olanların dövriyyədən çıxarılması gündəmə gələ bilər". Ekspertin fikrincə, standartların yalnız idxala deyil, bütövlükdə tətbiqi isə bu gün məqsədəuyğun deyil: "Hesab edirəm ki, bu, o qədər də aktual deyil. Ona görə ki, bu gün Azərbaycanda ümumi dövriyyədə olan avtomobillərin 70 faizi qədəri avrostandartların tələblərinə cavab vermir. Hazırda şəhərdə hətta 70-ci illərdən qalan avtomobillər var. Hesab edirəm ki, bu məsələ proqram şəklində mərhələli olaraq həyata keçirilməlidir". R.Osmanov deyir ki, həmin avtomobillərin dövriyyədən çıxarılması zamanı konkret əmlak sahiblərinə kompensasiyaların ödənilməsi məsələsi də müzakirə olunmalıdır: "Əgər avrostandartlara keçid birinci istiqamətdə, yəni yalnız idxala tətbiq olunarsa, o zaman ili köhnə olan avtomobillərdə qiymət artımları əvəzinə kəskin qiymət azalması müşahidə ediləcək. Amma standartlar ikinci istiqamətdə, yəni həm də daxildə olan avtomobillərə tətbiq olunarsa, bu zaman vəziyyət bir qədər fərqli olacaq. Belə ki, idxal olunan avtomobillərin qiyməti kəskin şəkildə artacaq. Daxildə, dövriyyədə olan avtomobillərin qiyməti isə düşəcək".
Ekspert avtomobillərə tətbiq olunan gömrük rüsumlarının artırılması məsələsinə də münasibət bildirib: "Bu proses nəticə etibarı ilə avtomobillərin qiymətinin artımına təsir edən ən əsas amillərdən biridir. 2007-ci ilin yanvar ayında da avtomobillərə tətbiq olunan rüsumlar artırılan zaman avtomobillərin qiymətində çox kəskin - 20-30 faizlik qiymətdəyişməsi oldu. Ona görə də bu amil avtomobillərin qiymətinin artımına təsir edə bilər. Baxmayaraq ki, iqtisadi böhran nəticəsində alıcıların kəskin azalması müşahidə olunur və bu, özünü idxalda da göstərir. Belə ki, idxalın 40 faizdən artıq azalması müşahidə edilir".
Hazırda avtomobil bazarında mövcud vəziyyətə gəlincə, R.Osmanov proseslərin 2009-cu ildəki tendensiya üzrə davam etdiyini deyir. Belə ki, bazarda dinamikanın çox kəskin şəkildə azalması tendensiyası hələ də mövcuddur: "Məsələ burasındadır ki, avtomobil bazarının inkişafı istiqamətində qərarların qəbul olunması gözləntiləri hələ ki, özünü doğrultmur. Konkret desək, bu sahəyə yönəldilən kreditlərin həcminin artırılması, faizlərin azalması məsələsi aktual idi. Amma bu gün faktiki olaraq belə şeylər hələ ki, yoxdur. Bu baxımdan da avtomobil bazarında mövcud vəziyyət hələ də passiv olaraq qalır. Alıcılıq qabiliyyəti çox aşağıdır". Ekspert bu vəziyyətin özünü daha çox təkrar avtomobil bazarında göstərdiyini də vurğulayır: "Təkrar avtomobil bazarında orta sahibkarların çox ciddi problemləri var. Yəqin ki, yaxın 2-3 ay ərzində bazarda müsbət tendensiyanın başlanması, aktivliyin müşahidə olunması mümkün olmayacaq".
HƏQİQƏT