|
Mətbuat Şurası (MŞ) açıq və obyektiv sözə, jurnalistin və mətbuatın təmiz adına, əxlaqına ləkə gətirən neqativ hallara biganə qalmır. MŞ-nın yayadığı bəyanata belə deyilir.
“Mətbuat Şurası ötən müddətdə quruma ünvanlanan çoxsaylı müraciətləri və şikayətləri ictimai sifariş kimi dəyərləndirərək «reket nəşr»lərə qarşı ardıcıl və prinsipial mübarizə aparmaqdadır. Konkret şikayət və müraciətlər əsas götürülərək Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan qəzet və jurnallar həmin siyahıya salınmaqdadır. Hazırda onların sayı 94-dür”.
Bəyanatda daha sonra bildirilib: “Mətbuat Şurası bəzi «reket nəşr»lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. MŞ bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur”. Şura bildirib ki, quruma qarşı göstərilən bütün təsir və təzyiq cəhdləri mənasız və əbəsdir.
|