Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi artıb
Genetik modifikasiya olunmuş məhsulların Azərbaycana idxalına qadağa qoyulmalıdır. Bu fikir Fevralın 17-də AMEA İnsan Hüquqları İnstitutunda “Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi” adlı konfransda səslənib.
Tedbiri giriş sozü ilə açan institutun direktoru Aytən Mustafayeva insitiutun bu konfransla “Bioteka, yeni texnologiyalar və insan hüquqları” adlı yeni tədqiqat istiqamətinin yaradılmasının əsasını qoydugunu bildirib.
Belə ki, yeni tədqiqata respublikanın müxtəlif ixtisaslar üzrə aparıcı alimləri cəlb edilib. İnstitut direktoru genetik modifikasiya olunmuş (GMO) məhsullarla bağlı layihələrin biznesə transformasiyasının milyonlarla insanın həyatı, ümumən bəşəriyyət üçün ciddi təhlükə yarada biləcəyini vurgulayıb. Onun sözlərinə görə, GMO edilmiş məhsullardan istifadə edilməsi bu gün dünya alimlərinnin əsas müzakirə mövzusuna çevrilib:
EKOLOJİ RİSKLƏRDƏN BAŞQA, QİDA RİSKLƏRİ DƏ ARTIR
“Təəssüf ki, milyonlarla insan bu məhsulların gətirəcəyi zərərdən xəbərsiz halda onlardan istifadə edir. GMO ekoloji risklərdən başqa, qida riskləri də yaradir. Bu məhsullardan nəzarətsiz istifadə gələcəkdə gözlənilməz nəticələrə gətirib çıxara bilər”. A.Mustafayevanın sözlərinə görə, məhz bu səbəbdəndir ki, ABŞ və Avropa ölkələrində transgen məhsullar satışda fərqləndirilir və xeyli ucuzdur. Belə ki, Avropa İttifaqında ümumən malların tərkibində gen modifikasiyası olunmuş elementlər 0,9%-dən artıq olmamalıdır. Azərbaycanda isə transgen məhsullar nəinki markalanmır, üstəlik adi məhsullarla bir yerdə və təxminən eyni qiymətə satılır. A.Mustafayeva bildirib ki, Azərbaycana xarici ölkələrdən hazır qida məhsulları ilə yanaşı, heyvanlar üçün yem, genetik modifikasiya edilmiş komponentlərlə zəngin qida əlavələri idxal olunur. Bu baxımdan GMO məhsullari Azərbaycan istehlak bazarında yayılmaqdadır.
İNSANLAR BU CÜR MƏHSULLARDAN ÇƏKİNMƏLİDİR
Botanika İnstitutunun əməkdaşı Ələmdar Məmmədov çıxışında GMO məhsullarının zərərli oldugunu vürgulayaraq insanları bu cür məhsullardan istifadədən çəkinməyə çağırıb. Alim bu cür məhsulların istehsalçılar üçün əlverişli olmasının səbəblərini izah edərək bildirib ki, belə məhsullar məhsuldarlıq baxımından sərfəl olmaqla yanaşı, ucuz başa gəlir, eləcə də zərərverici həşəratlar onlara yaxın düşmür. Ə.Mahmudov GMO məhsullarınin əsasən İrandan idxal edildiyi və qonşu ölkənin GMO məhsulları istehsal edən ölkələr sırasına daxil oldugu haqda məlumat verərək bildirib ki, Azərbaycan bazarında bu ölkədən gətirilən kifayət qədər məhsula rast gəlmək mümkündür.
“LABORATORİYA SİÇOVULLARI”
Alim ölkəmizdə GMO məhsulları ilə bağlı qanunun hazırlandığını da diqqətə çatdırb.Müstəqil ekspert Babək Tatlıyev GMO məhsullarının Azərbaycana idxalına qadağa qoyulması təklifi ilə çıxış edib. Ekspert bildirib ki, Çin və Yaponiya kimi ölkələr artıq GMO məhsullarının öz ölkələrinə idxalına qadaga qoyublar. Onun sözlərinə görə, ümumiyyətlə, Avropa öz bazarına belə məhsulların çıxarılmasına mane olur. Ekspert GMO məhsulları istehsal edən şirkətlərin insanlara zərərli qidalar satmaqla yüksək gəlir əldə etmələri barədə də məlumat verib. Onun sözlərinə görə, hələ keçən əsrin 90-cı illərində belə şirkətlərin illik gəlirləri on milyard dollarlarla ölçülürdü. “Dünyanın bir sıra ölkələrinin əhalisi, o cümlədən Azərbaycan xalqı hazırda “laboratoriya siçovulları”na çevrilib. Əlaqədar şəxslər bu problemlə ciddi məşğul olmalıdırlar. Çünki bu məhsulların ziyanını gələcəkdə onların övladları da görəcək”. Ekspertin deməsincə, bu gün Rusiyadan Azərbaycana gətirilən ət məhsullarının 80-90%-i GMO məhsullarıdır. Bu siyahıya həmçinin şokolad, dondurma, 19 günə böyüyən toyuqlar və s. məhsullar daxildir. Ekspert problemin qarşısının alınmayacagı təqdirdə bir sıra xəstəliklərin artmasının müşahidə olunacagını diqqətə çatdırıb.
Təranə