«Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqəyə 76 yazı təqdim olunub
Fevralın 16-da Azərbaycan Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyi «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqənin nəticələrinin birinci mərhələsi ilə bağlı mətbaut konfransı keçirdilər. Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqənin keçirilməsi məqsədlərindən danışdı. O, bildirdi ki, bu müsabiqənin ilkin şərti beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı ətraflı məlumatlandıracaq yazılara üstünlük verilməsidir. Məlumat verildi ki, müsabiqəyə fevralın 10-da yekun vurulub və müxtəlif KİV təmsilçilərindən 76 yazı təqdim olunub. Bu indiyə qədər keçirilən yazı müsabiqələrinə ən çox yazı təqdim olunan müsabiqə kimi qeydə alınıb. Yazılar 36 qəzet, 5 informasiya agentliyi, 2 xəbər portalı, 1 radio şirkətinin internet saytında dərc olunub.
Ümumilikdə 41 KİV tərəfindən işıqlandırlıb. Bütün yazıalr Azərbaycan dilində, 3 yazı isə rus dilində təqdim olunub. Sonra mətbuat nümayəndələrinə yazıları yoxlayacaq münsiflər heyəti təqdim olundu. Bəlli oldu ki, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun sədrlik etdiyi münsiflər heyətinə Dispor ilə iş üzrə Dövlət Komitəsinin təmsilçisi Elşad Miraləm, Xarici İşlər Nazirliyinin təmsilçisi Elxan Poluxov, Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Mahir Cavadlı, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, millət vəkili Elman Məmmədov daxildilər. Qeyd olundu ki, müsabiqə nəticələri fevralın 24-ü açıqlanacaq. Xatırladaq ki, münsiflər heyətinin layiq gördüyü yazı birinci yer tutarsa 1000 AZN, ikinci yer üçün ( 2 nəfər) 650 AZN, üçüncü yer üçün (3 nəfər) 300 AZN, ən yaxşı araşdırma işi üçün (1 nəfər) 500 AZN dəyərində mükafatlandırılacaq. 5 nəfər üçün isə həvəsləndirici mükafatlar təqdim olunacaq.
|