Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, millət vəkili Əli Məsimlinin fikrincə, hökumət bu yolla iqtisadi fəallığı artıra bilər
"Azərbaycan hökuməti vergi dərəcələrini tədricən aşağı salmalıdır". Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, millət vəkili Əli Məsimli bu fikirdədir. Onun sözlərinə görə, Azərbaycan dünyada tüğyan edən qlobal iqtisadi böhrandan ən az itki ilə çıxan ölkələrdən biridir. Amma hələ də iqtisadi böhran başa çatmayıb. Bəzi iqtisadçılar böhranın yeni dalğasının müşahidə oluna biləcəyi xəbərdarlıqları ilə çıxış etməkdədirlər. Ə.Məsimlinin sözlərinə görə, dünya iqtisadiyyatında müəyyən dinamika müşahidə olunsa da, hələ də maliyyə sektorunda problem hesab oluna biləcək hallar davam etməkdədir.
Ekspertlərin hesablamalarına görə, 2010-cu ildə dünya ölkələrinin qeyri-neft sektorunun ixracat imkanları geniş olmayacaq. Bu xəbərdarlıq Azərbaycana da aiddir. Belə bir şəraitdə hökumət qeyri-neft sektorunun inkişafı üçün əlavə addımlar atmalıdır. İlk növbədə ölkədə iqtisadi fəallığın artırılması gündəmə gətirilməlidir. Millət vəkilinin fikrincə, hökumət daxili bazarın qorunması və iqtisadi fəallığın artırılması istiqamətində müvafiq addımlar atsa, bu, böhranın təsirlərini bir qədər də azaldacaq. Bundan əlavə, hökumət ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması üçün vergi islahatlarını davam etdirməlidir: "İndiki halda mən Azərbaycanda mənfəət vergisinin 22 faizdən 20 faizə endirilməsini təklif edirəm. Amma bu da son hədd olmamalıdır. Növbəti ildən mənfəət vergisi 20 faizdən 18 faizə endirilməlidir. Gəlirləri 2000 manatdan artıq olan fiziki şəxslərin ödədikləri gəlir vergisi bir qədər də aşağı salınmalıdır. Düzdür, bu göstərici 35 faizdən 30 faizə endirilib, amma bunun daha 5 faiz endirilməsinə ehtiyac var. Eyni zamanda, daha yüksək vergiyə cəlb olunan məbləğ də 2000 manatdan 3000 manata qədər artırılmalıdır. Bu, ölkədə orta təbəqənin güclənməsinə dəstək olardı. Orta təbəqənin əlində əlavə vəsaitlərin olması isə bütövlükdə ölkə iqtisadiyyatı üçün çox vacibdir". Ə.Məsimlinin fikrincə, hökumət əhalinin aşağı təbəqələrinin maraqlarını da nəzərə almalıdır. Çünki ölkədə minimum əmək haqqı hələ də yaşayış minimumuna çatmayıb. Üstəlik son iki ildə minimum əmək haqqının artımı baş vermir. Belə olan halda hökumət gəlirləri yaşayış minimumu səviyyəsində olan fiziki şəxslərdən vergi tutmamalıdır: "Bu təklifin nəzərə alınması əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addım olardı". İqtisadçı millət vəkili həmçinin əlavə dəyər vergisinin (ƏDV) aşağı salınmasının da hökumətin gündəmində olmasını vacib hesab edir. Onun sözlərinə görə, dünya praktikasına görə, ƏDV aşağısı 4, yuxarısı 14 faiz olduqda effekt verir. Azərbaycanda isə bu vergi dərəcəsi 18 faizdir. Buna görə də hökumət 2011-2014-cü illərdə ƏDV-ni ildə 1 faiz aşağı salmaqla 14 faizə endirməlidir.
İlham Quliyev
|