|
Respublikanın baş psixiatrı Gəray Gəraybəyli: "İndi uşaqlar kinolarda yalnız dava, qırğın görürlər. Uşaq cizgi filmində gördüyü hansısa aqressiv hərəkəti ailədəki kiçik bacı və qardaşına tətbiq etməyə çalışır..."
- Azərbaycanda psixi sağlamlıq sistemini necə qiymətləndirirsiniz?
- Təkcə Azərbaycanda yox, bir çox ölkələrdə psixiatriyaya uzun müddət diqqət yetirilməyib. Ona həmişə ikinci dərəcəli, vacib olmayan məsələ kimi baxılıb. İndi isə "psixi sağlam olmayan insan heç zaman fiziki sağlam ola bilməz" şüarı gündəmə gəlməkdədir. Dünya təcrübəsi göstərir ki, psixi problemləri olan insanlar psixiatra çox vaxt gec müraciət edirlər. Çünki xəstəni ilk görən ümumi həkim problemi psixi pozuntu kimi qiymətləndirmir. Bu da vəziyyətin kəskinləşməsi, dərinləşməsi və xroniki hala çevrilməsi ilə nəticələnir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə ötən il ümumi həkimlərimizin psixiatriya üzrə biliklərini öyrənmək üçün sorğu apardıq. Təəssüf ki, analiz ümumi həkimlərin biliklərinin kifayət qədər olmadığını göstərdi.
- Sizcə, azərbaycanlılar psixi sağlamlığın əhəmiyyətini lazımınca dərk edə bilir?
- 2007-ci ildə psixi sağlamlığın öyrənilməsi ilə bağlı veriliş hazırlayırdıq. Müxbirlə birlikdə küçələrdə müsahibə alan zaman bir cavan oğlan mikrofonu itələyib qaçdı ki, "mən dəli deyiləm". Çox təəssüf ki, bu, cəmiyyətin bir qisminin psixi sağlamlığa olan münasibətini göstərir. Yəni psixi sağlamlığı məhz dəliliklə əlaqələndirirlər. Əslində ailədə, kollektivdə problemlər, psixoloyi durum, nevrotik vəziyyətlər, həyəcan, yuxusuzluq, yüngül depressiya və s. psixi sağlamlığı pozur. Çoxumuz hiss etməyərək bunlarla yaşayırıq. Halbuki onların bizə böyük təsiri var.
- ÜST-ün hesabatına görə, Azərbaycanda əhali "psixi xəstə" damğası almaqdan qorxduğu üçün psixiatra müraciət etmir. Doğrudanmı bu adı nə zamansa daşımaq insanın bütün həyatını məhv edə bilər?
- Dünyada belə bir termin var - stiqmatizasiya. Bu sözün kökü stiqma, yəni ləkələnmə deməkdir. Psixi problemləri olan insanları ləkələyirlər. Artıq onda damğa qalır ki, bu, psixi xəstədir. Bu, çox yanlışdır. Problemi olanı damğalamaq lazım deyil ki, o, evə qapanıb özünə nəsə etsin. Əksinə, onu aşkara çıxarmaq lazımdır. İnsan həkimə müraciət etməyə, problemlərini yaxınlarına deməyə utanır. Bu problemlər dərinləşir, xroniki forma, intihar və s. yaranır. Ona görə də cəmiyyət buna münasibətini dəyişməlidir. İnsanın digər orqanlarında problem yarandığı kimi, psixi vəziyyətində də yarana bilər. Bu, insanın qüsuru deyil, ondan utanmaq lazım deyil. Stiqmatizasiya ucbatından insanlar həkimə getmirlər. Ailədə problemi olan insan Psixiatriya Xəstəxanası adlı müəssisəyə getməyə çəkinir ki, "birdən məni kimsə görər". Ancaq adi məsləhətxana, mərkəzə getmək ona daha rahat gəlir. Ona görə də psixiatriya yardımı göstərən, psixi sağlamlığa qulluq edən nativ müəssisələr, konsultativ mərkəzlər yaradılmalıdır. Poliklinikalarda psixoterapevtlər çoxaldılmalıdır.
- Belə insanları ilk növbədə yaxınları başa düşməlidir. Amma müalicədən sonra onları evə aparmaqdan imtina edən qohumlar da var. Bu hallara tez-tez rast gəlinir?
- Çox təəssüf ki, bizdə belə problemlər var. Bir aydan sonra sağalan insanlardan nadir hallarda imtina edilir. Adətən qohumlar uzunmüddətli xroniki hallarda, 20-25 il xəstə olan insanlardan imtina edirlər. Xəstəxanada 5 il yatan cavan bir qız var. Atası onu aparmaq istəmir. Demirəm ki o, sağlamdır. Ancaq onun bu qədər müddətə xəstəxanada saxlanmasınə əsas verən dərin problemi yoxdur. Hər bir xəstəlik kimi, psixi xəstəlik də kəskinləşmə və yaxşılaşma dövründən ibarətdir. Xəstəliyi nə zamansa kəskinləşəcək deyə, o, həyatını burada yaşamalıdır? Valideynin öz uşağından və ya yaxın qohumundan imtina edərək evə aparmaması bütün insani normalara zidddir. Burada hüquq məsələsi də var. Bəzən həkim xəstəni evə yazmaqdan çəkinir ki, onu heç kim aparmır, xəstəni evə yazarsa, nə isə olar və məsuliyyəti o daşıyar. Bu da xəstəxanalarda xroniki xəstələrin çoxalmasına gətirib çıxarır. Belə xəstəni uzun müddət xəstəxanada saxlamaq isə dövlət büdcəsinə ziyandır. Bu həm hökumət üçün çox baha başa gəlir, həm də xəstələrin hüquqları baxımından düzgün deyil. Bu insanlar da yaşamalıdır. Elə xəstələr var ki, onlara böyük tibbi yardım lazım deyil. Ancaq onlar kəskin xəstəliyi olanlarla bir yerdə qalır. Elələri də var ki, kimsəsizdir. Dünya təcrübəsinə görə, belə insanlar üçün xüsusi evlər yaradılır. Bizdə də bu insanlar üçün belə evlər, bəlkə də şəhərciklər yaradılmalıdır.
- Psixi xəstəliklərin son illərə aid hansısa yeni formalarına rast gəlinir?
- Tamamilə yeni formalar deməzdim, ancaq hansısa olmuş formaların yeni xüsusiyyətləri ortaya çıxır. XX-XXI əsrin problemləri depressiyalar, həyəcan-nevrotik hallar, sərhədyanı pozuntular, böhran, zəlzələ və hansısa müalicədən sonra meydana çıxan psixi pozuntulardır. Məsələn, vaxtilə SPİD yox idi, Spidofobiya da yox idi. Hal-hazırda isə insanlar SPİD-dən qorxur. Bu, yeni yaranmış bir variantdır. Faciə, zəlzələ və təbii fəlakətlərin nəticəsində yaranmış posttravmatik stress pozuntularının da sayı çoxalır. Müasir diaqnostika üsulları ilə xüsusi xəstəlikləri aşkarlamaq mümkündür. Bəlkə də 15-20 il əvvəl Azərbaycanda Altsheymer xəstəliyi diaqnozu qoyulmurdu. Altsheymer yaddaşın zəifləməsi, zəifləmənin dərinləşməsi, diqqətdə, təfəkkürdə digər pozuntuların yaranması ilə müşahidə olunur. Bu, yeni xəstəlik deyil. Sadəcə, onu aşkarlamaq üçün bizdə nə maqnitrezonans, nə də kompyuter tomoqrafiyası var idi. İndi isə bunlar bir çox müəssisələrdə var.
- Kişilər, yoxsa qadınlar daha çox psixi xəstəliyə düçar olurlar? Bu problemlər hansı yaşda özünü daha çox büruzə verə bilər?
- Ən geniş yayılmış xəstəlik olan depressiyalarda qadınların sayı bir qədər artıqdır. Nevrozlar isə daha çox kişilərdə baş verir. Yaşından və cinsindən asılı olmayaraq, hər kəs psixi problemlərlə üzləşə bilər. Amma hər yaşa görə xəstəlik və pozuntular fərqlidir. Məsələn, qocalıq yaş dövründə olan psixi pozuntulara heç zaman cavan yaşlarda rast gəlinmir. Erkən yaşlarında baş verən nevroloyi pozuntu və ya depressiyalara isə orta və ya yaşlı adamlarda təsadüf edilmir. Şizofreniyanın gənc yaş variantlarına yaşlı adamlarda rast gəlinmir. Gec başlayan şizofreniyaya isə cavanlarda rast gəlinmir. Cavanlar daha çox stress reaksiyalara, emosional affektiv pozuntulara məruz qalırlar. Uşaqlarda nevrotik pozuntular, şizofreniya, erkən davranış pozuntuları, hərəkətlərin aktivləşmə və diqqətin yayınması, məhdudiyyəti sindromu yayılıb. Uşaq autizm formaları da mövcuddur. Autizm - uşağın qeyri-adi inkişafı, özünə qapanması, digər uşaqlara qaynayıb-qarışmaması, daxili aləminə qapanmasıdır.
- Psixi xəstəliyi olan şəxslərin hüquqlarının qorunmasına nəzarət edən hansısa qurum var?
- Hal-hazırda psixi xəstələrin hüquqlarının qorunması ilə məşğul olan xüsusi qurum tanımıram. Amma Ombudsman Aparatı bizimlə sıx əməkdaşlıq edir, psixi xəstələrin hüquqlarının qorunmasına diqqət yetirir. Azərbaycan Psixiatriya Assosiasiyasının bir bölməsi da psixi xəstələrin hüquqları ilə bağlıdır. Amma psixi xəstələrin hüquqlarının qorunmasında birinci maraqlı şəxs onun qohumları olmalıdır. Dünya təcrübəsində belə xəstələrin hüquqları ilə bağlı Psixi Xəstələrin Qohumları Assosiasiyası yaradılır.
- Sizə elə gəlmir ki, cəmiyyətdə aqressiya çoxalıb?
- Cəmiyyətdə həqiqətən də aqressiya çoxalıb. Bu bir çox amillərlə - stress, daimi vaxt məhdudiyyəti, qıcıqların çox olması, səs-küyün artması, bəzən isə elmi-texniki tərəqqi ilə bağlıdır. Kompyuter, internet çox müsbətdir. Amma elə cavanlar var ki, gecədən səhərə qədər kompyuter qarşısında əyləşir. Sonra valideyni deyir ki, bizim uşaq çox əsəbidir, ona söz demək olmur. Telekanallarda aqressiya mövzusu da çox geniş reklam edilir. İndi uşaqlar kinolarda yalnız dava, qırğın görürlər. Uşaq cizgi filmində gördüyü hansısa aqressiv hərəkəti ailədəki kiçik bacı və qardaşına tətbiq etməyə çalışır. Onlar zehni gücdənsə, fiziki gücə daha çox fikir verməyə başlayıblar. Vaxtilə deyərdilər ki, mən 700 bal toplayıb filan instituta daxil olmuşam. Amma indi əksinə, deyirlər ki, mən filankəsi döymüşəm. Fiziki sağlamlıq vacibdir, ancaq problemlərin güc yolu ilə həlli indi daha qabarıq olub. Yaşlı adam üçün bu təhlükəli deyil. Cavan isə bunu götürür və çalışır ki, özünü o formada tərbiyə etsin.
- Problemlərin yaranmasında günahları daha çox cəmiyyətdə görürük. Cəmiyyət bizi eybəcərləşdirir, ya biz cəmiyyəti eybəcərləşdiririk?
- Bu əlaqələr qarşılıqlıdır. Biz cəmiyyətin tərkib hissəsiyik, cəmiyyətlə bağlıyıq. Biz cəmiyyətə, cəmiyyət də bizə təsir edir. Hər bir insan ilk növbədə özünü müayinə etsə, hamı düzələndən sonra cəmiyyət də düzələcək. Hər bir şəxsiyyət özündən başlayıb mənfi faktorları, qüsurları aradan götürsə, görün, bu, nə qədər böyük dəyişikliyə gətirər.
Həqiqət İsabalayeva Milli.Az
|