Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə yataqxanalarda komendatlar siyahı tutur və sakinlərdən "yaxşı evə sahib olmaq" adı altında pul alırlar
Bakı şəhərindəki yataqxana və sanatoriya binalarında yaşayan məcburi köçkünlərin köçürüləcəyi haqda məlumatlar rəsmi səviyyədə öz təsdiqini tapıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun mətbuata açıqlamasında qeyd olunur ki, dövlət başçısının Nazirlər Kabinetinin müşavirəsində verdiyi tapşırığa əsasən, komitə bununla bağlı işlərə başlayıb. "Biz artıq təkliflərimizi vermişik. Təkliflər baxılandan sonra ayrılacaq maliyyə vəsaiti müqabilində məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə başlanacaq", - deyə Ə. Həsənov bildirib.
Xatırladaq ki, hazırda Bakı şəhərində 60 yataqxanada 6100 ailə və ya 24 min məcburi köçkün yaşayır. Həmçinin sanatoriya binalarında 2836 ailə yaşayır ki, bu da 10 min nəfər deməkdir.
ANS-ə açıqlama verən komitə sədri onu da vurğuladı ki, köçürülməyə ilk olaraq ali məktəblərin yataqxanalarından başlanması nəzərdə tutulur. Əli Həsənov yataqxanalarda yaşayanlara müraciət ünvanlayaraq xəbərdarlıq da etdi. Komitə sədrinin sözlərinə görə yataqxanalarda komendatlar siyahı tutur və sakinlərdən "yaxşı evə sahib olmaq" adı altında pul alırlar. O, belə hallardan uzaq durmağı məsləhət bildi.
Qaçqınların sıx məskunlaşdığı yerlərdən biri Azərbaycan Texniki Universitetinin və Bakı Dövlət Universitetinin Şərifzadə küçəsindəki yerləşən (Yasamal rayonu) yataqxanalarıdır. Burada məskunlaşanların köçürülməsi, vaxtı və qeyd edilən neqativ halların mövcudluğu barədə yerindəcə məlumat almaq üçün yollandıq Şərifzdə küçəsinə. Əvvəlcədən deyək ki, komendatlar hədəfimizdir.
Açıqğını deyim 1995-ci ildən bu tərəflərə ayağım dəymir deyə, (vaxtilə burada AzTU-nun "Hərbi Kafedrası" yerləşirdi), girişi tapa bilmədim. Daha doğrusu o qədər mağaza, kafe, sallaqxana salınıb ki, əvvəlki görkəmdən əsər-əlamət qalmayıb. Birtəhər ikinci korpusu tapıb, kommendantı soruşuram. Zəngilan rayonundan olan Elşadı göstərirlər. Komendant gəlişimizin səbəbini öyrənəndən sonra "mən də sizin kimi məlumatsızam" dedi. Bəlli oldu ki, hələki, yataqxanalarda yaşayan məcburi köçkünlərin siyahıya alınması başlamayıb. Kimin hara, necə köçürüləcəyi haqda yalnız fərziyyələr var. "Mən bildiyimə görə bu proses 2012-ci ildə start götürəcək və mərhələli olacaq. Böük ehtimalla ilk olaraq yataqxanalardan başlanacaq"-deyən komendantdan daha neqativ halın, yəni gizli siyahıya alınmanın olub -olmamasını soruşmadıq. O məqsədlə ki, soruşulası adamlarla rastlaşacağıq.
Birinci korpusun komendantı Əfqanı tapa bilmədik. Elə fikirləşməyin ki, yurnalist olduğumuzu bilib, qaçıb gizlənmişdi. Xeyr, sadəcə harasa problem çıxmışdı deyə, gəlmədi. Düzünü o edib. Yurnalistlə vaxt itirənə kimi, daman tavanı düzəltdirmək daha məsləhətdir. Tam ciddi sözümdür.
Korpusların düz ortasındakı meydanda mini bazar var. Meyvə-tərəvəzdən tutumuş sənaye mallarına kimi satılır. Orada işləyənlərə yaxınlaşıb, doğru-düzgün məlumat alacağımızı zənn etdik. Və zənnimizdə yanılmamışıq. Rəna adlı bir xanım bizi maraqlandıran bütün suallara cavab verdi və üstəlik sualları qarşısında mat da qoydu.
Əslən Zəngilan rayonundan olan Rəna xanım yataxananın birinci mərtəbəsinə sığınan 21 saylı Zəngilan rayon orta məktəbində xadimə işləyir. Amma nə xadimə, həyat bu xanımı əsl siyasətçi kimi yetişdirib.
"Bu haqda biz də sizin bildiyiniz qədər məlumatlıyıq. Bu xəbər hamımızı sevindirdi. Amma problemlərimiz az deyil"-deyən Rəna xanımın sözünə yanındakılar da qüvvət verdilər. Daha doğrusu sual yağışı başladı. "Bir yataqxana otağında 6 nəfər qalır. Onlara yeni ev veriləndə ailənin say tərkibi nəzərə alınacaq?", "Burada özümüzə azacıq da osla gün ağlamışıq. Yeni köçdüyümüz yerdə iş problemimiz necə həll olunacaq?", "Buradan köçüb kirayədə yaşayanlar var, onların taleyi necə olacaq?" və s. və i. Sonra hərə öz problemindən danışdı.
Zəngilandan olan başqa bir qadın dedi ki, onların ailəsi 6 nəfərdən ibarətdir. "Nəvəmi təzəliklə evləndirmişik. Altı nəfərin bir otaqda qalması faktiki mümkün deyil. Əgər bu deyilən doğrudursa böyük problemdən qutarmış olarıq"-deyən həmsöhbətimizdən kommendantların gizli siyahısı haqda məlumat almaq istəyirik. "Yox siyahıya almayıblar. Amma komendat deyir ki, belə bir məsələ var. Belə baxanda komendant kimdir ki, o da bizim kimi məcburi köçkündür. Eyni şəraitdə yaşayır, eyni problemləri görür". "Bəs pulla ev satma?" sualımız səslənər-səslənməz başımıza yığışan bütün sakinlər öz komendatlarını təriflədilər. "Adamın üstündə Allahı olar. Belə bir şey eşitməmişik. Bizim komendat Asifdən dünyalar qədər razıyam. O hamı kimi yaşayır, eyni səviyyədə dolanır. İşıq sönür onun üstünə qaçırıq, su damır ona deyirik. Kanalizasiya tutulanda sakinlərlə birgə problemi ardan qaldırmağa çalışır".
Komendatlarını belə müdafiə edən sakinlərdən söz ala bilmirik. Hər halda həqiqəti söyləyərlər. Sonuncu sualı veririk: "Bəlkə yeni binalar Bakıda deyil, başqa bölgədə oldu. Misal üçün rayonlardan birində, ona necə razısınızmı?". Cavablar fərqli oldu. Bir qisim sakin "hara olur-olsun, təki bura olmasın" dedisə, zəngilanlı Rəna başqa cür fikirləşir. "Bilirsiniz, əlbəttə ki, kənddə yaşamış insanlarıq. Rayon olarsa lap yaxşı olar. Amma 18 ildir Bakıda yaşayırıq. Hamının azdan çoxdan işi var. Kimisi fəhləlik edir, kimisi mənim kimi xadimədir, başqa biri ustadır. Uşaqlarımızı dolandırırıq. Rayona köçürsələr nə ilə dolanacağıq?". Qubadlıdan olan bir xanım isə "Bura sanki bir qəsəbədir. Hamı bir-birini tanıyır. Mən maaşımı alıb, bu gördüyünüz mağazadan bazarlıq edirəm. İmkanım olmayanda borca yazdırıram. Burada hamı bir-birini tanıyır deyə belə bir etibar yaranıb. Uşaqlar burada məktəbə gedirlər. Yeni yerə köçsək bunların axırı necə olacaq? Çətindir" deyir. Başqa bir xanım isə "Bəlkə də hərəyə 10 mal-qara, torpaq sahəsi verilsə bəlkə də nə isə etmək olar. Təsərrrüfat yaradıb, dolanarıq. Belə olarsa, getməyə ümid var"-deyir.
Füzulidən olan Famil dayı isə bizim əbəs işlə məşğul odluğumuzu deyir: "Yazmaqlıq bir şey yoxdur. Sizin yazmağınızla nə dəyişəcək? Bizim problemlərimizi yazmaq üçün, onu başa düşmək üçün gərək burada illərlə yaşayasınız".
Sonra yataqxana sakini olan yeni evlənmiş Heydərlə binaya baxırıq. O da eyni problemlərdən danışır, yataqxana şəraitində dolanmağın "ləzzəti"ni izah edir.
Yolda rastımıza çıxan Əliyev İlqar Zülfiqar oğlu əslən Füzuli rayonunun Əbdürrəhmanlı kəndindəndir. O da məlumatsızdır. Amma siyahı tutulduğunu bilir və hətta deyir ki, siyahı tutanlardan biri yeznəsidir. Amma İlqar kişinin dərdi başqadır. O, yaxın qohumları və qonşuları ilə məsləhələşmədən sonra bu qərara gəlib ki, İlqar kişiyə ev düşmür. Niyə? "Mən oğluma yataqxanada ayrıca ev alıb vermişəm. İndi qızım, kürəkənim və iki nəvəmlə bir otaqda qalırıq. Mən təkəm heç kimim yoxdur. Qızımla bir yerdə qalıram. Harada yer versələr gedib orada qalacam" -deyir. Daha ağsaqqala oğluna ev verildiyi halda özünün ayrı evə ümid etməsini vicdan məsələsi olduğunu demədik.
Beləcə, yataxana kvartalını geridə qoyub, Elmlər Akademiyasının indi özəlləşdirilmiş yataqxanasına üz tuturuq. Burada BDU-nun adının çəkilməsini istəməyən müəllimi bizi qarşılayıb məlumat verir ki, həmin binada 7-8 məcburi köçkün ailəsi yaşayır. Onları isə siyahıya almayıblar. Müəllimin qardaşı da məcburi köçkündür, əgər belə bir hal olsaydı, hamı bilərdi.
Nəhayət, BDU-nun 2 saylı yataqxanasına gəldik. Burada tələbələr də yaşayır. Məlumat verdilər ki, dərs zamanı olduğu üçün tələbələrlə görüşə bilməyəcəyik. Əvəzində binanın komendantı bizə maraqlı məlumat verdi. Bildirdi ki, ötən ilin dekabrından etibarən siyahıyaalmanı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları aparırlar. Hər bir otaqda neçə nəfərin qaldığı, qeydiyyatda olduğu dəqiqləşdirilir, ondan sonra siyahı tərtib olunur. Burada komendatlıq bir iş yoxdur... Əgər kimsə bu yolla pul qazanmaq istəyirsə bu artıq cinayətdir...
Sənan Nəcəfov