|
Bu gün görkəmli şair, şeirimizin ağsaqqalı Bəxtiyar Vahabzadənin ölümündən bir il keçir. Onun qismətinə düşən ömür payının hər anı mənalı keçib. Ona görə də "Ömür yolum-içimdəki vuruşlarım. Mübarizəm-talem ilə yarışlarım"- deyirdi Xalq şairi Bəxtiyar Vahabzadə. Vaxtilə söylədiyi bu sözləri deməyə şairin haqqı vardı. Çünki o, hələ sağlığında heykəli ucaldılanlardan idi. Görkəmli şair, şeirimizin ağsaqqalı Bəxtiyar Vahabzadə poeziya kimi çətin, ağır və əzablı yolu ən böyük həzz kimi şərəflə yaşamağı bacardı. ...İnsan ürəyində ən böyük çevrilişlər heyrətdən yaranır. Uşaq da dünyanı heyrətlənə-heyrətlənə dərk edir. Gözəlliyə sevgi də heyrətdən yaranır. Onun üçün ən böyük heyrət sənət heyrəti idi. Şeirə də heyrəti uşaqlıqda yaranmışdı. Bircə dəfə oxuduğu, bircə dəfə eşitdiyi yadında qalırdı. Təbiətin rənglərini, çayların, bulaqların büsatını gözünə, könlünə yığıb evə gətirərdi. Fərəhindən aşıb-daşar, sevincindən qanad alıb uçardı. Nə qəribə olurmuş uşaq marağı. Hələ ürəyindəkiləri sözə çevirməyə tələsməzdi. Uşaq heyrəti dilində donub qalardı.
Sonra sözlərə duyğularyıla elə sığal çəkərdi ki, lap nağıllar aləmini xatırladardı. Ancaq bu nağıllar dünyasının gerçək üzü də vardı. Özünü bu sirli-sehrli dünyada tapardı. Zaman keçdikcə bu yol onun öz yolu oldu: Bəxtiyar Vahabzadə yolu. Onda bilmirdi ki, uşaqlıq dünyasının qeyri-adi marağı sonralar aqibətinə də qeyri-adilik yazacaq, təmənnasız, iddiasız bir ömür yaşayacaq. Uşaqlıqla bağlı çox xatirəni yaddaşına köçürmüşdü. O günlərdən söz düşəndə ilk xatırladığı Şəkidən Bakıya köçdükləri gün olurdu: "9 yaşımda ailəmlə birlikdə Bakıya daşındım. İlk və orta təhsilimi bu şəhərdə tamamladım. İnsanın aldığı biliyin yarıdan çoxu uşaqlıq illərinin payına düşür. Bir çoxları üçün uşaqlıq solmayan rənglərə, oxuya, göy üzünün təmizliyinə, yarpaqların sözə gəlməyən işığına, axşam qəribliyinə, təbiətin səslərinə çevrilir. Mənim uşaqlıq illərim isə bu cür romantikadan daha çox hərəkətə söykənmişdi".
SÖZ qədrini bilən şair
Bəxtiyar Vahabzadə ədəbiyyata asan yolla gəlməmişdi. Çətinlikləri çox olmuşdu. Günahsız yerə az incidilməmişdi. Bu haqsızlıqlar ona baha başa gəlsə də, inamını itirməmişdi. Böyük şair "Ömür başdan-başa, beşikdən-qəbrə, həyatın sevinci-qəmi deyilmi?" - deyə özünə təsəlli verirdi. Heç şübhəsiz, bu qoca dünyaya dərdinin içindəki dərdləri görüb gələn adamlar yəqin ki, yalnız Bəxtiyar Vahabzadə kimi şair ola bilərdi. Çünki dərdi özününkü bildinsə, onu duymağı, sevməyi, əzizləməyi bacarmalısan. Bəxtiyar Vahabzadə dünyanın çox ağrılarını görmüşdü. Şairliyi də bu ağrılardan doğulmuşdu. Şair öz dərdlərini yox, xalqın dərdlərini sözün işığına tutmuşdu. "Sənin güvəndiyin dünya əzəldən, Əkilən biçilən zəmi deyilmi?"- yazan şairin elə munis niskilləri, elə məlhəm ağrıları vardı ki, "ürəyimin arzularını yazmağa Dədə Qorqud timsalında ozan ola" deyə arzulayırdı. Söz zamanının arxada qalmasından, sözün təsir qüvvəsinin zəifləməsindən, sözün əhatə dairəsinin azalmasından, Ana dilimizin təhrif olunmasından gileyli idi Bəxtiyar Vahabzadə. Şairin ürəyində gəzdirdiyi, məqam düşəndə dilə gətirdiyi bir istək vardı: SÖZü ucuzlaşmaqdan qorumaq.
İstiqlal mücahidi
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etməklə başlayan şairin o vaxtdan başlayaraq dövri mətbuatda şeirləri, elmi məqalələri və rəyləri müntəzəm çap olunur. Bəxtiyar Vahabzadə ədəbiyyata böyük şair Səməd Vurğunun xeyir-duası ilə gəlmiş, onun zəmanəti ilə Yazıçılar İttifaqına üzv qəbul olunmuşdu. Sonra da Səməd Vurğunun yaradıcılığına həsr olunmuş monoqrafiya və doktorluq dissertasiyası üzərində işləyirdi. 1964-cü ildə "Səməd Vurğunun lirikası" adlı monoqrafiyası ilə namizədlik, "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmlər doktoru alimlik dərəcəsini alır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının üzvlüyünə seçilir və 1990-cı ildə təqaüdə çıxan günə qədər universitetdə pedaqoyi işdə çalışır. Süleyman Rəhimov onun poeziyasının pərəstişkarlarından idi: "Sən şeirdə ecazsan. Öz ustadın Səməd Vurğun nəfəslisən, sən bizim Səmədin ən ləyaqətli şagirdisən. Qoy Bəxtiyar Vahabzadənin şahin şəhpərli, qartal qanadlı şeiri Yer kürəsinin hər tərəfinə yayılsın!" Yazıçı Nahid Hacızadə qədimdən-qədim, uludan-ulu Azərbaycan şeirinin gücündən güc, qüdrətindən qüdrət, şöhrətindən şöhrət alıb XX əsrdən XXI əsrə pərvazlanan, adı ellərdən-ellərə düşən Bəxtiyar Vahabzadə dünyası haqqında xatirələrində yazır: "Mən universitetin birinci kursunda oxuyanda bizə dərs deyirdi. O zaman gənc idi. 30 yaşını hələ təzəcə haqlamışdı. Yaşıdları arasında seçilirdi. Onu qəlbən sevir, alqışlayırdılar. Gur-gur salonlarda səslənirdi Bəxtiyar şeirləri. O, elə bil ayrıca bir universitet idi. Biz Bəxtiyar sözünün sehrinə düşmüşdük. Onun həndəvərindən aralanmırdıq. Dediklərinin cövhəri bu idi: "Sənət heyrətdən yaranır, yanğıdan yaranır". Bəxtiyar Vahabzadə Nizamidən, Nəsimidən başlayır, Füzulini incələyə-incələyə, Sabir, Məhəmməd Hadi, Səməd Vurğun poeziyasına baş vurur, çox vaxt Puşkində, Bayronda dayanırdı. O, bizə təkcə sənət dərsi deyil, həm də məslək, əqidə dərsi keçir, qəlbimizi, duyğularımızı, ruhumuzu vətən sevgisi üstündə kökləyirdi. Yarım bu tayda, yarım o tayda qaldı - deyə ikiyə bölünmüş Azərbaycan dərdindən yana-yana danışır. Bizi kökümüzə, ilkinliyimizə, şərəfli tariximizə hər gün baş vurmağa, dilimizi, mənəviyyatımızı uca tutmağa, ana yurdumuzun, zərrəsi olduğumuz bu xalqın Məcnunu olmağa çağırırdı. Biz onda bilmirdik ki, iki əsr tarixi olan ayrılıq faciəsinin hıçqartıları ürəyinin başında od saçan, atəşə çevrilən misralara dönür və ədəbiyyatımızın qeyrət qılıncı, qeyrət rəmzi olan "Gülüstan" poeması yol gəlirdi..." Görkəmli şair 1960-cı illərdə başlayan azadlıq hərəkatının öncüllərindən olub. 1959-cu ildə qələmə aldığı "Gülüstan" poeması ilə ikiyə bölünən Azərbaycan xalqının fəryadından danışıb. Bu əsərinə görə "millətçi" damğası ilə universitetdəki vəzifəsindən uzaqlaşdırılaraq təqiblərə məruz qalıb. Yalnız 2 ildən sonra yerinə qaytarılıb. Xalqın çətinliklərindən bəhs edən əsərlərinin çoxunu yurd xaricində nəşr olunmasına nail olub. Birbaşa sovet diktaturasını ifşa edən əsərlərini isə "Sandıqdan səslər" başlığı altında nəşr etdirib. Şairin mübarizələri izsiz ötüşmədi. 1995-ci ildə Azərbaycan xalqının azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif olundu.
Yanan ürək
Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. "Vicdan", "Yağmurdan sonra", "Fəryad", "Darağacı", "Özümüzü kəsən qılınc", "Hara gedir bu dünya" və s. əsərləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Əsərləri əsərləri dünyanın bir çox dilinə tərcümə olunub. Bəxtiyar Vahabzadə son illər yazdığı şeirlərdə Qarabağ dərdindən, işi dolaşıq təbiət, ipi dolaşıq cəmiyyət haqqında söz deyirdi. Təzə sözü olmayanda susmağa üstünlük verirdi. Oxucunu inandırmaq, səmimi söz demək, nəyisə etiraf etmək şairin amalı idi. Şair Ana dilimizin saflığı, şəffaflığı uğrunda yorulmadan mübarizə aparırdı. Görkəmli şair enişli-yoxuşlu ömür yolunda daima öz-özünə hesabat verməyi xoşlayırdı. Bunu vaxtilə ona yol göstərən, əlindən tutan, sonradan yaradıcılığı ilə ona örnək olan dəyərli ustadlardan öyrənmişdi. Ömrünün son gününə qədər özünün də öyrətmək həvəsindən heç nə əskilməmişdi. Həmişə də "Bircə ondan razıyam ki, özümdən narazıyam" deyirdi. Ömür yolundan razı qalmağa haqqı olan şair yəqin ki, torpaqlarımız düşmən əlindən azad olmayınca, qaçqın və köçkünlərimiz doğma yurd yerlərinə qayıtmayınca "Yanır ürəyimin hıçqırıqları" deyəcəkdi.
Təranə MƏHƏRRƏMOVA
|