İsrailin xarici işlər naziri Aviqdor Libermanın ölkəmizə səfəri yerli və xarici mətbuatda geniş müzakirə olunur
İsrailin xarici işlər naziri Aviqdor Libermanın ölkəmizə səfəri yerli və xarici mətbuatda geniş müzakirə olunur. Xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə ötən il təyin olunan Liberman Azərbaycana ilk dəfə 2007-ci ildə strateyi təhlükələr naziri qismində gəlmişdi. Əksəriyyət hesab edir ki, İsrail XİN rəhbərinin ölkəmizə ilk səfəri iki ölkə arasında onsuz da yüksək olan əməkdaşlıq tellərinin daha da güclənməsinə gətirib çıxaracaq.
Lakin bəziləri bu qənaətdədir ki, Türkiyə ilə İsrail arasında münasibətlərin soyuq olduğu bir dönəmdə Libermanın Bakıya səfər etməsi qonşu ölkələrdə narazılığa səbəb ola bilər. Lakin bu qənaətdə olanlar yanılırlar ki, Azərbaycan və İsrail arasında olan strateyi münasibətlər əsrlər boyu formalaşıb və hansısa kənar təsirlər üzərində qurulmayıb. Bu qənaətdə olanlara Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun cavabı belə olub ki, Türkiyə-İsrail münasibətlərindəki gərginlik Azərbaycanın İsraillə ikitərəfli əlaqələrinə təsir göstərə bilməz: "Bu səfərin reallaşması da ölkələrimiz arasında münasibətlərin göstəricisidir. Türkiyə ilə İsrail arasındakı münasibətlər isə bu ölkələrin müəyyənləşdirdiyi xarici siyasət kursu ilə bağlı məsələdir. Biz bu ölkələrin hər ikisi ilə münasibətlərdən milli maraqlarımız üçün maksimal dərəcədə bəhrələnməyə çalışırıq".
Tək bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycanda çoxminlik yəhudi icması fəaliyyət göstərir və onlar ölkəmizin ictimai-siyasi həyatında aktiv fəaliyyətləri ilə seçilirlər. Məsələn, Azərbaycandakı dağ yəhudiləri icmasının rəhbəri Semyon İxilov hesab edir ki, Azərbaycanın İsrailə və İsrailin Azərbaycana verə biləcəyi çox şey var: "İsrail müasir texnologiyalar, kənd təsərrüfatı və hərbi-texniki sahədə təcrübəsi ilə bölüşə bilər. Bu sahələrdə İsrail dövlətinin nailiyyətləri isə dünya boyunca şöhrət və etibar qazanıb. Azərbaycan isə öz növbəsində yalnız neft və qazı ilə deyil, habelə adi şirin içməli suyu ilə də məhşurdur. İsraildə isə su, bildiyimiz kimi, qıtlıqdır". Ümumiyyətlə, ölkələrimiz arasında tarixi, mədəni, siyasi və iqtisadi əlaqələr hər zaman yüksələn xətlə inkişaf edib.
Yeri gəlmişkən, qeyd edək ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi sürətlə artır. Belə ki, əgər 2008-ci ildə İsralin ixracı cəmi 120 mln dollara yaxın idisə, 2009-da bu göstərici 50 faiz artaraq 250 mln. dollar təşkil edib. Cari il isə neft alqı-satqısı da nəzərə alınmaqla bu rəqəmin daha da artacağı gözlənilir. Eyni zamanda İsrailin dövlət baçısı Şimon Peresin ötən il Bakıya səfərinin bu əməkdaşlığa xüsusi dinamika verdiyi deyilir. Onu da qeyd edək ki, Qərb mətbuatında Libermanın Bakıya bir sıra təkliflər paketi ilə təşrif buyurduğu göstərilib. Bəzi məlumatlara görə, İsrail tərəfi eneryi və hərbi-texniki əməkdaşlıq sahəsində yeni layihələri müzakirəyə çıxarıb. İsrail Xəzər regionunda çıxarılan neftin iri idxalçılarından biridir və müvafiq rəqəmləri artırmaq niyyətində olduğu yayılan xəbərlər sırasındadır.
Ən önəmli məsələ İsrail XİN rəhbərinin Bakıda verdiyi bəyanatlardır. "Hər zaman Azərbaycanın haqq işini müdafiə edən İsrail Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tərəfdardır" - deyə Liberman vurğulayıb. O bildirib ki, rəsmi Təl-Əviv ATƏT-in Minsk qrupu çərçivəsində əldə edilən razılaşmanın reallaşacağına ümid edir: "İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və Minsk qrupu çərçivəsində əldə edilən razılaşmanın reallaşacağına ümidliyik". İsraillə Azərbaycanın siyasi münasibətlərinin çox isti olduğunu deyən nazir müəyyən fikir ayrılıqlarının olduğunu da etiraf edib: "Tərəflər heç də hər şeydə razılığa gəlmirlər. Lakin açıq danışır və bir-birini dəstəkləyirlər. Hesab edirik ki, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində işlər sürətləndirilməlidir". Onun sözlərinə görə, İsrail və Azərbaycan arasındakı əməkdaşlıq dialoqu necə aparmaq və hətta hər şey barədə razılaşmadan bir-birinə hörmət göstərməklə digər ölkələr üçün əməkdaşlıq modeli ola bilər.
Azərbaycanın Yəhudi Cəmiyyətinin nümayəndələri ilə görüşdə isə Liberman Azərbaycan və İsrailin gələcək əlaqələrinə inandığını dilə gətirib. Liberman İsrailin Azərbaycanın ərazi bütövlüyünə sadiq qaldığını bildirərək deyib ki, regiondakı bütün siyasi mübahisələr beynəlxalq razılıq çərçivəsində həll edilməlidir. Liberman Azərbaycanın Yəhudi Cəmiyyətinin üzlərinin sayının artmasından da məmnun olduğunu ifadə edib: "Biz İlham Əliyevin siyasət modelinə hörmət edirik: tarixi ənənə və mədəni irslərin müasir dünyanın dəyərləri - səbrlilik, konfessiyalararası tolerantlıq. Bu model təqlidəlayiqdir və biz ümid edirik ki, bütün region üzrə yayılacaq". İsrailin XİN-in rəhbəri son dəfə 2 il yarım əvvəl Bakıda olduğunu və Bakıya son gəlişindən sonrakı vaxtı iki ölkə arasındakı əlaqələrin inkişafında çox məhsuldar dövr kimi qiymətləndirib: "Bu dövr ərzində iki ölkənin əlaqələrində çox işlər görülüb. İnfrastruktur, yüksək texnologiya sahəsində ticari-iqtisadi əməkdaşlıq artıb. Tezliklə Azərbaycandan olan böyük biznes-nümayəndə heyəti İsraildə olacaq".
Azər NURİYEV