|
Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə komissiyasının növbəti iclasını keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ-nin sədr müavini Umud Rəhimoğlunun rəhbərliyi ilə keçirilən müzakirələrdə 5 mətbu orqanla bağlı müraciətlər araşdırılıb. Əvvəlcə "Bakıelektrikşəbəkə" ASC-nin "Yeni xəbər" və "Kriminal - 107" qəzetləri ilə bağlı şikayətinə baxılıb. Komissiya üzvləri hər iki mətbu nəşrdə bu qurumla bağlı gedən yazılarda etik prinsiplərin pozulmasına yol verilməsi qənaətinə gəliblər. "Yeni xəbər"də "Bakıelektrikşəbəkə" "şef"i də siyasi oyunlara qoşulur" sərlövhəli, "Baba Rzayevin himayədar axtarışları ona baha başa gələ bilər" altsərlövhəli yazıda balans prinsipinin pozulması ilə müşahidə edilən qarşı tərəflə bağlı ictimai rəyin yönəldilməsinə istiqamətlənən qeyri-məqbul üsula müraciət olunmasının qəbul edilməzliyi nəşr rəhbərliyinin nəzərinə çatdırılıb. Komissiya üzvləri "Kriminal - 107" qəzetində də sözügedən qurumla bağlı verilən yazıda etik prinsiplərin pozulmasını irad tutaraq qəzetə xəbərdarlıq ediblər. "Bakıelektrikşəbəkə" ASC-nin medianın sorğularını vaxtında cavablandırılmasının da zəruriliyi bu qurumun nəzərinə çatdırılıb.
İclasda daha iki qəzetə də xəbərdarlıq olunub. "Söz azadlığı" qəzetində Şəmkir rayonundakı Çaparlı kənd İcra nümayəndəsi İbrahim Zeynalov barədə gedən silsilə yazılarda onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə yönələn fikir və ifadələrin işlədilməsi ilə bağlı şikayətinin müzakirəsi zamanı mətbu nəşrə xəbərdarlıq olunması barədə rəy çıxarılıb. Eyni zamanda nəşr rəhbərliyinin nəzərinə çatdırıb ki, şəxsi münaqişə zəminində olan mövzuların qabardılmasında qəzetin tərəf kimi mövqe tutması qənaəti də onun obyektivliyinə ictimai fikri formalaşdıra bilməz. "Söz azadlığı" qəzeti rəhbərliyi həmin iradlarla razılaşdığını, məsələyə yekun vurulduğunu, qarşı tərəflə anlaşma əldə olunduğunu bildirdiyi üçün komissiya nəşrə xəbərdarlıq olunması ilə kifayətlənib. Goranboy Rayon Mərkəzi Xəstəxanasının "Ölkə naminə" qəzeti ilə bağlı şikayətinin müzakirəsi zamanı məlum olub ki, həmin nəşrdə şikayət doğuran məsələ ilə əlaqədar qarşı tərəfin təkzibi dərc olunub. Bununla belə, həmin nəşrdə gedən materialların təhlilinə əsasən, qəzetə xəbərdarlıq olunması məqbul sayılıb. İclasda "Qanun alidir" qəzeti ilə bağlı son rəyin verilməsi Şuranın "Reket" yurnalistikaya qarşı mübarizə komissiyasına həvalə olunub. Komissiya bu KİV-in fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan halların üstünlük təşkil etməsinin buna əsas verdiyi qənaətinə gəlib.
|