|
İmtahanlarda iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlər keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə aparılan qəbul imtahanlarına hazırlıq prosesinə başlayıb. Belə ki, bu gündən TQDK növbəti tədris ili üzrə imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar- məşğələlər keçirir. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Bu barədə qəzetimizə komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Mənbədən qeyd edilib ki, seminarlar TQDK-nın Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda orta məktəblərdən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək: "Seminar-məşğələlərdə nəzarətçiləri imtahan prosesi ilə əyani surətdə tanış etmək məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdiriləcək. Burada iştirak edənlər, xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək". Komissiyadan seminarların qrafik üzrə aparılacağı da vurğulanıb. Belə ki, ilk məşğələ paytaxtın Binəqədi rayonunda fevralın 9-da 276 saylı məktəbdə baş tutacaq. Xətai rayonunun 138 saylı məktəbində isə seminar fevralın 10-da olacaq. Fevralın 12-nə planlaşdırılan məşğələ isə Əzizbəyov rayonunun 136 saylı məktəbində keçiriləcək. Suraxanı rayonunda seminar fevralın 16-da (278 saylı məktəb), Sabunçu rayonunda fevralın 17-də (96 saylı məktəb), Nizami rayonunda isə fevralın 18-də (214 saylı məktəb) olacaq. Bundan başqa, Qaradağ rayonu üzrə məşğələ fevralın 19-da (166 və 319 saylı məktəblər), Nərimanov rayonu üzrə fevralın 23-də (45 saylı məktəb), Səbail rayonu üzrə fevralın 24-də (51 saylı məktəb), Nəsimi rayonu üzrə fevralın 25-də(211 saylı məktəb), Yasamal rayonu üzrə isə martın 2-də (53 saylı məktəb) olacaq. Abşeron rayonunda seminar məşğələ martın 3-nə təyin olunub. Sumqayıt şəhərində isə bu tədbir martın 4-də keçiriləcək. Lənkəranda məşğələlər fevralın 16-dan 19-nə qədər davam edəcək. Şirvan şəhərində məşğələlər fevralın 23-də olacaq. Naxçıvan şəhərində isə seminarlar 16-19 və 22-24 fevral tarixlərində aparılacaq. Şəkidə bu ayın 23-də başlayan seminarlar fevralın 25-də bitəcək. Mingəçevir şəhərində isə bu tədbirlər martın 2-də baş tutacaq. Quba şəhərində məşğələlərə gəlincə, bu proses martın 10-dan 12-nə qədər davam edəcək.
HƏQİQƏT
|