Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 




 
 
 
Axtarış: 
"Diffamasiya haqqında" qanunun qəbulu üçün yurnalistikamızın peşəkarlığı artmalıdır"
Bəhruz Quliyev: "Cəmiyyət yurnalistikanı "reketlər"ə görə tanımamalıdır"

Son vaxtlar Azərbaycanda medianın problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qanunvericilik bazası demokratikləşdirilən medianın maddi-texniki bazasının genişləndirilməsi istiqamətində də addımlar atılır. Mətbuat Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu istiqamətdə fəaliyyətlərini davam etdirməkdədirlər. Amma yurnalistikamızın problemləri də az deyil. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevlə söhbətimizi də bu məsələ ətrafında qurduq. Müsahibimiz son vaxtlar Azərbaycanda yurnalistikanın inkişafı istiqamətində atılan addımlardan razılığını ifadə etdi, eyni zamanda, müəyyən problemlərin də həllini gözlədiyini vurğuladı:
- Hazırda Azərbaycanda mətbuatın inkişafı üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Mətbuatın inkişafı üçün hərtərəfli dəstək var. Bu istiqamətdə görülən işlər göz qabağındadır. Bilirsiniz ki, 2005-ci ildə Mətbuat Şurasının yaranmasından sonra mətbuat öz fəaliyyətini özü tənzimləyir. Keçən il isə ölkə prezidenti tərəfindən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Bu fond mətbuatın inkişafı üçün gözəl zəmin formalaşdırır. Artıq birmənalı şəkildə demək olar ki, hazırda Azərbaycan mətbuatı inkişaf mərhələsindədir. Təəssüflər olsun ki, bütün bunlarla yanaşı, müəyyən problemlərimiz də var.


- Mətbuatın problemləri dedikdə siz əsasən nələri nəzərdə tutursunuz?

- Bu gün mətbuatın ən əsas problemi "reket yurnalistikası" ilə bağlıdır. Bu gün bizdə söz azadlığı üçün hər bir şərait yaradılıb. Həm ölkə Konstitusiyası, həm qanunlarımız, həm də Mətbuat Şurasının Nizamnaməsi bunun üçün əsas verir. Amma bundan sui istifadə edənlər də var. Biz yurnalistikamızı "reketlər"dən təmizləməliyik. Həqiqi yurnalistika ilə "reket yurnalistikası" arasında fərqi hiss etdirməliyik. Cəmiyyət yurnalistikanı "reketlər"ə görə tanımamalıdır. Digər bir problem peşəkar yurnalistlərin qıtlığıdır. Yurnalistikamızdakı mövcud problemlərin bir çoxu məhz bundan qaynaqlanır. Hesab edirəm ki, mətbuat orqanlarının rəhbərlərinin bu istiqamətdə işləməsinə ehtiyac var. Bu gün yurnalist hazırlayan tədris ocaqlarının fəaliyyətinin yenidən qurulmasına da ehtiyac hiss olunur. Universitetlərdə 4-5 il yurnalistika təhsili alan tələbələr praktikada özlərini doğrulda bilmirlər. Onların əksəriyyətinin səviyyəsinin yüksək olmadığını ilk baxışdaca müəyyən etmək olur. Mətbuatın reklamın cəlb olunması ilə bağlı da müəyyən problemləri qalmaqdadır.


- Bəzi xarici dövlətlərin təsir dairəsində olan təşkilatlar mütəmadi olaraq Azərbaycanda söz azadlığının olmaması haqqında hesabatlar dərc edirlər. Sizcə, bunun səbəbi nədir?

- Bəzən belə təsəvvür yaratmağa çalışırlar ki, guya Azərbaycanda azad sözə qarşı basqılar var. Bu fikir bəzi beynəlxalq təşkilatların hesabatlarında da yer alır. Amma onlar bu fikirləri söyləyərkən, Azərbaycanda peşəkar yurnalistikayla "reket" yurnalistləri bir-birinə qarışdırırlar. Onların dediklərinin hamısı "reket yurnalistikası"na aid edilə bilər. O ki qaldı yurnalistlərin həbsinə, burada da qərəzli yanaşma hiss olunur. Hansısa bir yurnalist məişət zəminində törətdiyi əmələ görə məsuliyyətə cəlb olunubsa, bu, yurnalistin həbsi kimi qiymətləndirilməməlidir. Yurnalist də peşəsindən asılı olmayaraq vətəndaşdır. O da etdiyi əməllərə görə cavab verməlidir. Məncə, Azərbaycanda yurnalistlərlə baş verən proseslərə yanaşma dəyişməlidir. Yurnalistlərə təzyiqdən o zaman söhbət gedə bilər ki, o, peşə fəaliyyətinə görə həbs olunsun. Azərbaycanda isə bu səbəbdən həbs olunan yurnalist yoxdur.


- Son vaxtlar yurnalistləri böhtana görə cinayət məsuliyyətindən azad edən "Diffamasiya haqqında" qanunun qəbulu gündəmə gəlib. Necə hesab edirsiniz, Azərbaycanda belə bir qanunu qəbul etməyə ehtiyac varmı?

- Mən düşünürəm ki, bu qanunun qəbulu hələ Azərbaycan cəmiyyəti üçün tezdir. Səbəb də yuxarıda sadaladığım məsələlərdir. Yurnalist böhtana görə cinayət məsuliyyətinə cəlb olunmaqdan azad olunsa, təsəvvür edin ki, hansı problemlər yarana bilər. Hələ böhtana görə cinayət məsuliyyəti ola-ola bəzi qəzetlər necə böyük səhvlərə yol verirlər. Mətbuatda böhtan xarakterli, sifarişlə yazılan yazılar kifayət qədərdir. Bunu heç kim inkar edə bilməz. "Diffamasiya haqqında" qanunun qəbulu bu prosesləri intensivləşdirə bilər. Mən deyərdim ki, bu qanunun qəbulu Azərbaycanda "reket yurnalistikası"nın çiçəklənməsinə səbəb ola bilər. Bir sözlə, bu qanunu qəbul etmək üçün ilk növbədə cəmiyyəti hazırlamalıyıq. İkinci tərəfdən isə yurnalistikamızın peşəkarlığı artmalıdır. Yalnız bundan sonra bu qanunun qəbulunun zəruriliyindən danışa bilərik.


- Bəhruz müəllim, yurnalistikamızın problemləri sırasında əsas problemlərdən biri kimi sıravi yurnalistlərin sosial durumunun yaxşı olmaması göstərilir. Bir qəzet rəhbəri kimi siz bu barədə nə düşünürsünüz?

- Bu gün Azərbaycan yurnalistlərinin sosial vəziyyəti həqiqətən də qaneedici deyil. Dövlət bu problemlərin aradan qaldırılması üçün artıq rəsmi səviyyədə müəyyən addımlar atmağa başlayıb. Yuxarıda qeyd etdiyimiz kimi, ölkə prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond hər il qəzetlərin müxtəlif layihələrinin maliyyələşdirilməsinə vəsait ayırır. Daha çox yurnalistikanın inkişafına təkan verəcək layihələr maliyyələşdirilir. Eyni zamanda, qəzetlərə birdəfəlik əvəzsiz maliyyə yardımları edilir. Artıq bir dəfə KİV-lərə bu cür yardımlar ayrılıb. Məncə, bu yardımlar gələcəkdə mütəmadi olaraq həyata keçirilməlidir. Bu həm qəzetlərin inkişafı, həm də peşəkarların yurnalistikadan ayrılmaması üçün çox vacibdir. Digər tərəfdən, ölkə prezidenti tərəfindən təsdiqlənən konsepsiyaya əsasən, fond tərəfindən sıravi yurnalistlər arasında fərdi yazı müsabiqələri keçirilir. Yəni bu proses mərhələ-mərhələ gedir. Digər tərəfdən, mətbuatda çalışanların sosial durumu KİV-lərə rəhbərlik edən şəxslərdən də asılıdır. Bu gün əgər hər hansı bir qəzetdə çalışan yurnalistlərin sosial problemləri varsa, bu, ilk növbədə həmin qəzetin baş redaktorunu narahat etməlidir. Qəzet rəhbəri yurnalistin problemini öz problemi kimi qəbul etməlidir. Yanaşma belə olanda sıravi yurnalistin probleminin həll olunması istiqamətində qəzet rəhbərliyi tərəfindən də addım atılır. Təbii ki, hər şey imkan daxilində olmalıdır. Heç kimə sirr deyil ki, bu gün qəzet rəhbərlərinin özlərinin də imkanları o qədər geniş deyil. Hesab edirəm ki, gələcəkdə yurnalistlərin sosial problemlərinin həll olunması üçün fond qarşısında məsələ qaldırılmalıdır. Xatırlayırsınızsa, bir müddət öncə yurnalistlərin mənzil probleminin həlli ilə bağlı məsələ gündəmə gəlmişdi. Sirr deyil ki, yurnalistikamızın bu sahədə dəstəyə ehtiyacı var. Ötən illərdə Mətbuat Şurası bununla bağlı təklifləri dəstəkləmişdi. Yurnalistlərə ev tikmək üçün torpaq ayrılması gündəmdə idi. Təklifə görə, iş stayı, peşəkarlığı müəyyən kriteriyalara cavab verən yurnalistlər evlə təmin olunmalı idi. Amma təəssüf ki, bu ideya reallaşmadı. Ancaq hesab edirəm ki, gələcəkdə bu məsələyə yenidən qayıdılmalıdır. Biz hansısa bir forma tapıb yurnalistlərin mənzil probleminin həllinə kömək göstərməliyik.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 09.02.10 | Baxılıb: 49

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev səfir Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
  • Bakıda Çıraq Neft Layihəsinə sanksiya verilməsi münasibətilə imzalanma mərasimi keçirildi
  • “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinə start verildi
  • Bakıda “Caspian Banking and Finance” 6-cı Beynəlxalq Banklar və Maliyyə konfransı keçiriləcək
  • Gənc xanım modelyerlərin festivalı keçiriləcək
  • ATƏT PA-nın prezidenti Joao Soareşin Cənubi Qafqaz respublikalarına səfəri başlayıb
  • Bu gün Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfər edəcək
  • Deputat Dünyamin Xəlilov Qırğızıstanda ekspert görüşündə iştirak edir
  • Deputatlarımız AŞ PA-nın büro və komitə iclaslarında iştirak edəcəklər
  • Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Chung Jong-Hwan Azərbaycana səfərə gəlir
  • Hərbçilərimiz NATO-nun tədbirlərinə qatılacaqlar
  • Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin arasında Azərbaycan vətəndaşı yoxdur
  • Bu gün Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

  •  
    BANNERİMİZ
     
    kod almaq: