|
İş üzrə şahidlər məhkəməyə məcburi gətiriləcək
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə bir sıra ağır cinayətlərdə ittiham olunan şəxsin məhkəməsi davam etdirilib. Məhkəmə qarşısında Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev cavab verir. İttihama görə, M.Əliyev Müdafiə Nazirliyinin hərbi ticarət idarəsinin sabiq rəisi Murad Sadəddinov və Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasının rəisinin növbə üzrə köməkçisi Faiq Mirzəyev və qeyriləri ilə cinayət əlaqəsinə girərək, 1994-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə MTN-nin istintaq təcridxanasından qaçırılan keçmiş müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərlini, keçmiş alay komandiri Arif Paşayevi və qondarma "Talış Muğan Respublikası"nın başçısı Əlikram Hümbətovu əvvəlcə Xırdalanda, sonra isə Abşeron rayonu Məhəmmədli kəndidə gizlədib. Daha sonra isə onların Rusiya Federasiyasına qaçmasını təşkil edib. Dünənki prosesdə hakim bildirib ki, şahidlərdən 4 nəfəri artıq dünyasını dəyişib, 2 nəfər isə cəzaçəkmə müəssisəsində saxlanılır. Məhkəmə şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar çıxarıb. Proses fevralın 18-də davam etdiriləcək.
|