Viktor Yanukoviç Yuliya Timoşenkonu cüzi fərqlə qabaqladı
Fevralın 7-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Rəsmi məlumatlara görə, səsvermədə seçicilərin 69,07 faizi iştirak edib. Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) bülletenlərin 97,56%-ni hesablamasından sonra Regionlar Partiyasının lideri Viktor Yanukoviçin qələbə qazandığı məlum olub. Səslərin 97,56%-nin sayılmasından sonra Yanukoviçə 48,49% seçicinin dəstək verdiyi məlum olub. Bu, baş nazir Yuliya Timoşenkoya rəqibinə çatmaq şansı saxlamayıb. 45,92% səs toplamış Y.Timoşenkonun məğlub olduğu artıq dəqiqdir.
Ukraynadan kənarda keçirilən seçkilərin nəticələri isə bir gün əvvəldən məlum idi. Xaricdə yaşayan ukraynalılar yaşadıqları ölkələrin səfirliklərinə gələrək seçkilərdə iştirak ediblər. Seçicilərin əksəriyyəti Y.Timoşenkoya səs verib. Səslərin 88,49%-nin hesablanmasından sonra Y.Timoşenkonun V.Yanukoviçi 17,98% üstələdiyi məlum olub. Xüsusilə İspaniyada seçicilərin 89,73%-i Y.Timoşenkoya səs verib.
Xatırladaq ki, 2004-cü ildə Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda V.Yanukoviçlə V.Yuşşenko arasındakı mübarizə 2,85% fərqlə birincinin xeyrinə olmuş, lakin "narıncı" müxalifət bu nəticələri tanımamışdı. Nəticədə ölkədə "narıncı inqilab" baş vermiş və yenilənən ikinci turda V.Yuşşenko prezident seçilmişdi. Bu il keçirilən prezident seçkilərinin birinci turunda isə V.Yanukoviç 35%-dən çox , baş nazir Y.Timoşenko isə 25%-ə yaxın səs toplayaraq ikinci tura çıxıb. V.Yuşşenko isə 5,5% səslə beşinci olub.
Ukraynada prezident seçkilərinin ikinci turunda da rəqibindən öndə olan Regionlar Partiyasının lideri V.Yanukoviç xalqı qələbə münasibətilə təbrik edib. O, "5-ci kanal"da yayımlanan müraciətində ikinci turda ona səs verən bütün seçicilərə təşəkkür edib: "Biz bu günün gəlib çatması üçün sizinlə bərabər inadla çalışdıq. Mən bizim ümumi işimizə, dəyişikliklər uğrunda mübarizəyə verdiyiniz dəstəyə görə sizə minnətdaram. Bu gün dünya sizin azad və ədalətli seçkilər vasitəsilə ifadə olunan səsinizi eşitdi. Mən sizin etimadınızı doğruldacağam". V. Yanukoviç seçkilərdə Y.Timoşenkonu və digər namizədləri dəstəkləmiş və məyus olmuş seçicilərə vəd edib ki, onların da etimadını qazanmağa çalışacaq: "Hesab edirəm ki, Ukraynada istənilən prezidentin vəzifəsi ölkənin şərqinin, qərbinin, şimalının və cənubunun birləşdirilməsi, vətəndaşlarımızın vahid xalq kimi bir araya gətirilməsidir. Bu məqsədə nail olunması mənim başlıca vəzifəmdir".
Lent.az saytının məlumatına görə, V. Yanukoviç "İnter" telekanalına müsahibəsində isə Y.Timoşenkoya baş nazir vəzifəsində istefa verməyə hazırlaşmağı tövsiyə edib: "Bu seçkilərdə Yuliya Timoşenko göstərdi ki, güclü namizəd və opponent olub. Onun məğlubiyyətini ləyaqətlə qəbul etməsi, bu yolu sona qədər getməsi vacibdir. Vaxtilə mən bunu etmişdim və o, baş nazir olmuşdu". V.Yanukoviç parlamentdə yeni koalisiya yaratmağa çalışacağını açıqlayıb: "Hesab edirəm ki, Yuliya Vladimirovna istefaya əvvəldən hazırlaşmalı idi. O, bunu yaxşı anlayırdı".
Prezidentliyə namizəd Y.Timoşenko ikinci tur keçirilməmişdən əvvəlki müsahibəsində opponentlərini son protokol sayılana qədər özlərini qalib edib bayram keçirməməyə çağırıb. Bu sözlər artıq birinci turdan özünü qalib elan edən V.Yanukoviçə ünvanlanmışdı. Y. Timoşenko keçirdiyi brifinqdə ona səs verən seçicilərə təşəkkür edib: "Əminəm ki, bu insanlar çoxluqdadır. Tarixdə belə nümunələr var ki, kimsə prezident elan olunur, ona vəsiqə verilir, lakin sonra hər şey başqa cür olur". Baş nazirin fikrincə, hər şey onun komandasının yerlərdə nəticələri necə müdafiə edəcəyindən asılı olacaq: "Mən onların hamısını hər protokol, hər yekun akt, hər səs uğrunda mübarizə aparmağa çağırıram. Bir dəqiqə belə arxayınlaşmaq olmaz. Bir səs Ukraynanın taleyini həll edə bilər".
Ukraynada keçirilən prezident seçkilərində üçüncü yeri tutmuş Sergey Tiqipko 2-ci turda nə V.Yanukoviç, nə də Y.Timoşenkoya dəstək verməyəcəyini bəyan edib. APA-nın "Ukrainskaya pravda"ya istinadən verdiyi məlumata görə, S. Tiqipko verdiyi sözü tutaraq ikinci tur ərəfəsində ona səs vermiş insanlara hörmət əsasında hərəkət edərək: "Mənə səs vermiş insanlar Ukraynada dəyişikliklərə, müasirləşməyə səs veriblər. Bu gün mən nə Yanukoviçdən, nə də Timoşenkodan bu cür müasirləşmə barədə heç nə eşitmirəm. Ona görə də mənim tərəfindən hər hansı dəstək olmayacaq. Seçicilərimə deyəcəyəm ki, özləri qərar qəbul etsinlər".
Seçkilər qabağı V.Yuşşenko mətbuat üçün verdiyi bəyanatda qarşıda çox çətin ikinci turun olduğunu deyib: "Çətinlik ondadır ki, Ukraynada azad seçki var, lakin layiqli seçim imkanı yoxdur. Ötən təcrübədən göründüyü kimi, milli, demokratik və Avropa dəyərləri hər iki namizəd üçün yad, anlaşılmaz və uzaqdır. Mən bir vətəndaş olaraq iki namizəd arasında fərq görmürəm". V.Yuşşenkonun seçki qərargahının rəhbərinin müavini Roman Bessmertnı nəticələrlə bağlı aldıqları məlumatların Mərkəzi Seçki Komissiyasının məlumatları ilə üst-üstə düşdüyünü deyib: "Azsaylı pozuntular səsvermənin nəticələrinə təsir etməyib. Seçki baş tutub".
"Ukraynada prezident seçkilərinin birinci və ikinci turu yüksək səviyyədə keçirilib və əvvəlki seçkilərlə müqayisədə ciddi tərəqqi olduğunu nümayiş etdirilib". Bu qiymət seçkiləri müşahidə etmiş ATƏT və Avropa Şurası müşahidəçilərinin bəyanatında əksini tapıb. Müşahidəçilər bildiriblər ki, Ukraynadakı seçkilər zamanı vətəndaşların hüquqlarına və siyasi hüquqlara hörmət göstərilib, namizədlər sərbəst şəkildə kampaniya aparmaq imkanı əldə ediblər, kütləvi informasiya vasitələri seçicilərə namizədlər haqqında hərtərəfli məlumatlar verib, səslərin sayılması prosesi şəffaf olub. ATƏT-in Parlament Assambleyasının prezidenti Yoao Suares seçkilərin çox yaxşı, rəqabət şəraitində keçirildiyini və Ukrayna demokratiyasının gələcəyi üçün çox şey vəd etdiyini bildirib.
"Ukraynada keçirilmiş prezident seçkiləri beynəlxalq müşahidəçilər tərəfindən müsbət qiymətləndirilir". Bunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ukraynada keçirilən seçkiləri müşahidə edən missiyasının üzvü, Azərbaycan Milli Məclisinin üzvü Sabir Hacıyev deyib. O bildirib ki, AŞ PA, ATƏT, NATO parlament assambleyaları və Avropa Parlamentdən olan müşahidəçilər seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini hesab edirlər: "AŞ PA-dan olan nümayəndə heyətinin üzvlərinin toplantısında hamının fikri bu oldu ki, seçki öncəsi mətbuatdakı ab-havaya baxmayaraq, seçki çox normal, sakit şəraitdə keçdi. Biz qeyri-qanuni hallara rast gəlmədik. Mən Kiyev vilayətində AŞ PA-dan olan finlandiyalı deputatla müşahidə apardım. Hər şey normal idi. Bu gün keçirdiyimiz toplantıda hamımız çıxış etnik və ümumilikdə seçkilərin gedişi müşahidəçilər tərəfindən müsbət qiymətləndirildi".
Sonda onu da diqqətə çatdıraq ki, dünən axşam V.Yanukoviçin 3500 nəfərə yaxın tərəfdarı Mərkəzi Seçki Komissiyasının qarşısına toplaşıb.Onlar bildiriblər ki, axşam saatlarınadək MSK qarşısına 10 mindən artıq adam toplaşacaq və MSK binası qarşısında V.Yanukoviçə dəstək konserti başlayacaq.
İlkin MURADOV