|
Azərbaycanlı mühacirlərin xarici ölkələrdə saxlanılan arxiv materiallarının bir hissəsi ölkəyə gətirilib. APA-nın məlumatına görə, Azərbaycana gətirilən arxiv materiallarının sərgisi və təqdimatı keçirilib. Arxiv materiallarını Türkiyə, Polşa və Almaniyadan toplayaraq Azərbaycana gətirən professor Nəsiman Yaqublu deyib ki, görülən iş Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub. Onun sözlərinə görə, Azərbaycana gətirilən 200-dək arxiv materialları arasında Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy topçubaşov, Ceyhun Hacıbəyli, Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin və başqalarının şəxsi məktubları, nəşr etdirdikləri yurnallar, qəzetlər, kitablar, fotolar və digər sənədlər var: "Biz "Yeni Qafqaziya", "Odlar yurdu", "Azərbaycan" və digər yurnalların bütün saylarını, Almas İldırıma, Mirzəbala Məmmədzadəyə, Gültəkinə məxsus kitabları, Mustafa Kamal Atatürkün azərbaycanlı mühacirlərə bağlı verdiyi sərəncamları, Düdənginskiyə aid video görüntüləri, fotoları və digər sənədləri ölkəyə gətirmişik. Bunlar çox mühüm sənədlərdir.
Biz onları Milli Arxiv İdarəsinə təhvil verəcəyik". Tədbirdə çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev belə bir layihəni maliyyələşdirməkdən qürur duyduqlarını, görülən işin Azərbaycanın tarixi, mədəniyyəti baxımdan mühüm əhəmiyyət kəsb etdiyini deyib. A.Quliyev bildirib ki, ölkəyə gətirilən sənədlər həm də qiymətli araşdırma materiallarıdır.
|