Eldar İbrahimov kooperasiyaların yaradılmasını çox xeyirli hesab edir
Məlum olduğu kimi, artıq Milli Məclisin yaz sessiyası işə başlayıb. Parlamentin müxtəlif komitələri sessiya ərzində müzakirələrə hansı qanun layihələrini təqdim edəcəklərini açıqlayıblar. Milli Məclisin Aqrar siyasət komitəsi də bu sessiya çərçivəsində 3 qanun layihəsinin müzakirəsini planlaşdırır. Onlardan biri də "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsidir. Qanun layihəsi Azərbaycanın kənd rayonlarında kənd təsərrüfatı kooperasiyalarının yaradılmasını nəzərdə tutur. Komitəsinin sədri Eldar İbrahimov bu qanunun qəbulunun kənd təsərrüfatı istehsalçılarına dəstək olacağını deyir.
- Eldar müəllim, bilmək istərdik ki, belə bir qanunun hazırlanması zərurəti nədən yarandı?
- Belə bir qanun layihəsinin hazırlanması və qəbulu çox vacibdir. Eyni zamanda nəzərinizə çatdırım ki, artıq sözügedən qanun layihəsinin hazırlanması və parlament müzakirəsinə çıxarılması üzərində çox ciddi işlər gedir. Bu sənədin hazırlanması ilə hazırda mütəxəssislər və bizim şöbənin əməkdaşları məşğul olur. Sənədin hazırlanmasında da məqsəd odur ki, ölkədə kənd təsərrüfatının inkişafına təkan, stimul verilsin. Onu da qeyd edim ki, kənd təsərrüfatı kooperativləri dünyanın hər yerində, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrində - Almaniyada, İngiltərədə, Fransada, Avstriyada və digərlərində mövcuddur. Ümumiyyətlə, kooperasiya nə deməkdir? Kooperasiya istehsalçıdan - məhsul istehsal edən fermerdən tutmuş həmin məhsulun emalı, saxlanması, onun bazara çıxarılaraq satışının təşkilinə qədər bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Məsələn, bu gün kənddə istehsalla məşğul olan fermer sahədə işləyir. İndi belə olan halda, o, məhsul istehsalında iştirak etsin, yoxsa onu emal müəssisəsinə gətirsin və ya bazara çıxarıb satışıyla məşğul olsun? Bu, bir adamın görəcəyi iş deyil. Tədarükçü, emalçı və istehsalçı - bunlar hamısı bir sistemdə olmalıdır. Bu sistem də, təbii ki, kooperasiyadır, kooperativlərdir. Bunlar bir sistem olaraq bu işi görürlər və bunun nəticəsində də hasil olan ümumi gəlir bir yerə toplanır. Yaxud kimsə istehsal etdiyi süd məhsulunu, meyvəsini emal edib süd kimi, şirə kimi satır və ya emal etmir, məhsulun özünü satır. Axır nəticədə həmin məhsulun pulu kooperativə yığılır. Burada emalçının da, bu məhsulu bazara çıxaranın da haqqı var. İstəyirik ki, gələcəkdə bizdə də belə bir sistem olsun. Bir atalar məsəlində də deyildiyi kimi, tək əldən səs çıxmaz. Fakt onu göstərir ki, fermerlər tək özləri-özləri üçün heç nə edə bilmirlər. Bir vaxtlar deyirdilər ki, Bakının hər bir rayonu kənd rayonu və yaxud digər şəhər rayonu ilə müqavilə bağlamalı və deməlidir ki, mənim rayonumun bu qədər kartofa, bu qədər soğana, nə bilim südə və sairə ehtiyacı var. Sənin buna imkanın var, ya yoxdur? O da fermerləri bir yerə yığmalı və deməlidir ki, Bakıdan gəlib müqavilə bağlamaq istəyirlər, onların bu məhsullara ehtiyacı var, hansı fermer nə qədər məhsul istehsal edə bilər? Elə hesab edirəm ki, "Azərittifaq" yenidən bu işi öz üzərinə götürərsə, bu, çox məqsədəmüvafiq olar. Bu olarsa, həm fermerlərin işi yüngülləşər, gəliri artar, həm də bazarlarda rəqabət əsasında ucuzlaşma baş verər. Bir sözlə, hesab edirəm ki, kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatı məhsullarının, bu məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və Avropa standartlarına daha uyğun gəlməsinə öz töhfəsini verə bilər.
- Necə hesab edirsiniz, kooperasiya sistemi sovetlər dönəmində mövcud olan kolxoz quruluşunun hansısa bir formada bərpası, təkrarı deyil ki?
- Qətiyyən. Kolxoz tamam başqa bir sistemiydi, kolxoz kollektiv təsərrüfatı idi. İnsanlar kənddə bir yerə yığışır, kolxoz yaradır və bunun nəticəsində ümumi bir işi icra edirdilər. Sonra isə ortadan kolxoz sədri, o birisi, bu birisi çıxırdı. Burada - kooperasiyada isə nə sədr, nə mühasib, nə də digəri var. Burada iş görən - istehsalçı, emalçı, tədarükçü var. Burada kolxoz quruluşunda olduğu kimi, necə deyərlər, müftə yeyənlər yoxdur. Odur ki, bizdə də bu sistemə keçilməlidir.
- Yeri gəlmişkən, komitəniz tərəfindən "Kredit kooperativləri haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı da məlumatlar var...
- Bilirsiniz, əslində, bu yöndə qanun layihəsi komitəmizə Kredit İttifaqları adlı ictimai təşkilat tərəfindən daxil olub. Bu qanun layihəsi də çox maraqlı və xeyirli bir qanunvericilik aktıdır. Düzdür, biz onu bu yaz sessiyasında çatdıra bilmərik. Çünki hazırda komitədə elə üç qanun layihəsi var, onları bu sessiyada müzakirəyə çıxarıb qəbul etdirə bilsək, bu, böyük işdir. Amma bununla belə, hesab edirəm ki, kredit kooperativləri ilə də bağlı hüquqi bazanın yaradılması və bunun gələcəkdə həyata keçirilməsi xeyirli olar. Xeyirli olar ki, kəndlərdə fermerlərə kömək etmək üçün kredit kooperativləri yaradılsın və buradan onlara kreditlərin verilməsi təmin edilsin... Sizə də yaxşı məlumdur ki, ümumiyyətlə, hər bir məsələnin ucu gəlib maliyyəyə dirənir. Bu baxımdan, bu məsələnin reallaşdırılması ona gətirib çıxara bilər ki, kəndlərin özündə, belə demək mümkünsə, bank sistemi formalaşar və fermerlərin kredit, maliyyə məsələləri xeyli yüngülləşər. Hər halda bunlar gələcəyin işidir. Odur ki, sözügedən qanun layihəsinin üzərində işləyəcəyik, çalışacağıq ki, mütəxəssislərin iştirakı ilə onu daha da təkmilləşdirək və qanun qəbul olunduqdan sonra gələcəkdə fermerlərə öz töhfəsini verə bilsin.
- Sizə də məlumdur ki, Azərbaycanda fermerlərə verilən kreditlərin faiz dərəcələri çox yüksəkdir. Sizcə, bu qanunun qəbulunun nəticəsi olaraq, gələcəkdə yerlərdə fermerlərin daha sərfəli şərtlərlə kreditlər əldə etməsi mümkün ola bilərmi?
- Yerlərdə kredit kooperativləri yaradılandan sonra onlar, təbii ki, kənd rayonlarında kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olanlara daha yaxın olacaqlar. Eyni zamanda elə bilirəm ki, kreditlər veriləndə də fermerlər incidilməyəcək. Mən demirəm, bu gün kimsə fermerləri incidir, amma bu kredit təşkilatları gələcəkdə fermerlərə daha çox kömək ola bilərlər.
- Sözügedən qanun layihəsinin təkmilləşdirilərək başa çatdırılması ilə bağlı komitənizin nəzdində işçi qrupu yaradılıbmı?
- Yox, hələlik biz həmin sənədi yeni almışıq. Anca çox güman ki, yaxın zamanlarda bu sənədin daha da təkmilləşdirilməsi, cilalanması üçün müvafiq işçi qrupunu yaradacağıq.
- Sizcə, bu sənəd heç olmasa bu çağırış parlamentin sonuncu - payız sessiyasının müzakirəsinə çıxarıla bilərmi?
- Güman edirik ki, bu sənədi payız sessiyasının müzakirəsinə çıxarmaq mümkün olacaq. Əgər mümkün olmasa, o, növbəti çağırış parlamentə qalacaq. Hər halda bunları gələcək göstərəcək.
İlham QULİYEV