Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Toy mafiyasının oyununda
Və yaxud Azərbaycan toyunu necə dəyişdirirlər?

Ötən yazımızda toyaqədərki mərhələni özündə əks etdirən adət-ənənlərimiz haqda qeydlərimiz olmuşdu. Mövzunu bu xətt üzrə davam etdiririk. Bir daha təkrarlayaq ki, söhbət nəmər adı ilə alınan mədəni "rüşvətlər"dən və tərəflərin hədər yerə xərclədikləri pullardan gedir. Onu da qeyd etmişdik ki, toy mədəniyyətinin korlanmasında və cəmiyyətin deqradasiyasında bu nəmərlərin müstəsna rolu olub. Məhz bu cür "rüşvətlər"lə xəmiri yoğrulan uşağın gələcəyi müasir başıpozuq gənclər olmalı idi. Davam edək.
Süd haqqı. Toy günü oğlan anasından qız anasına böyüdüb boya-başa çatdırdığı qızı əvəzi, ana haqqının halallığı naminə ona çox dəyərli bir hədiyyə göndərilir. Qızın anadan faktiki satın alınması deyilsə, bunun başqa adını tapın.
Bayramlıq. Toya qədər bütün bayramlarda qıza bayramlıq gətirirlər. Bunlardan ən maraqlısı Novruz bayramlığıdır.. Ya axır çərşənbə, ya da bayram axşamı gəlinə bayramlıq gətirirlər. Burada qıza qırmızı rəngli paltar, ya yaylıq, bir zinət, başına xına qoyulmuş buynuzlu qoç gətirirlər. Bundan başqa şəkərbura, paxlava, qatdama, qoz-fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirirlər. Gəlinin başına, əlinə, ayağına xına qoyurlar. Bayramlıq indi o qədər ifratlaşdırılıb ki, toyunu gözləyən gənclərə həmin bayram az qala "qara" gətirilir. Bu qədər də izafi xərc olar?
Danışığagəlmə. Bir gün oğlanın atası qız evinə xəbər göndərir ki, sabah danışığa gəlirik, evdə olun.
Səhərisi gün təşkil edilən məclisdə oğlan tərəfdən əmi, dayı, ata və başqa yaxın adamlar, qohumlar iştirak edirlər. Burada qızın, bacılığının və oğlanın qardaşlığının ataları da iştirak edir. Danışıqda toy günü təyin olunur. Çalğıçının kim olacağı, toyu kimin aparacağı müəyyənləşdirilir. Toyda xərci oğlan evi verir. Bəzən qız atası xərc istəmir. Ancaq oğlan evi qız toyuna bacardığını göndərir. Danışıb razılığa gələndən sonra bir-birlərinə xeyir-dua verib ayrılırlar.
Cehiz. Toydan iki-üç gün əvvəl gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və "qardaşlığı" gətirirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir. Bu bir. Bəzən isə qızın yengəsi onun cehizlərinin üstündə oturub arabaya, maşına yükləməyə qoymur. Ona "nəmər" verdikdən sonra cehizləri götürüb arabaya yığırlar. Bu iki. Sonra gəlinin yengəsi, bacısı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qayınana evi bəzəyənlərə də xələt verir. Bu üç. Söhbət təkcə cehizaparmadan gedir ha.
Paltarbiçdi. Toydan qabaq qız evində "paltarbiçdi" olardı. Bu məclisdə ancaq qadınlar iştirak edir. Qohum-əqraba qıza aldığı hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatdan götürərdilər. Sonra qız bacısı gəlinin ata evindən aparacağı cehizi göstərər. Cehizlər oğlan evinə aparılar və gəlin otağı bəzənərdi. Adətən paltar apararkən özləri ilə birlikdə geyim əşyaları, biçib-tikməyi bacaran bir nəfər qadın da aparırdılar. Paltar biçərkən həmin qadın qayçını parçaya toxundurur və qayçının kəsmədiyini elan edir. Yəni "rüşvət" tələb edir. Oğlanın anasından pul aldıqdan sonra geyimləri biçməyə başlayırdı. Mərasimin sonunda burada iştirak edənlərə yemək verilir və onlardan pul, "nəmər" toplanır. Bu da dilənçiliyin başqa forması.
Xınayaxdı. Qızlar yığışır otağın birinə, qız yengəsi də islanmış xınanı götürüb düşür ortaya, oynayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib qoyur oğlan adamının qabağına. O da boş kasaya pul atıb, xınanı götürür. Bu bir. Oynaya-oynaya gəlir qızın yanına. Onun əllərinə, ayaqlarına xına qoyur. Sonra da məclisdəkilərin qabağına gətirir. Hamı xına qoyub, nəmər salır. Bu iki.
Qız toyu. Kənd yerlərində, əksər bölgələrdə səhər saat on birdə, on ikinin yarısı qara zurnanın səsi ətrafa yayılar, kəndi ayağa qaldırardı. Toy başlanardı. Kimi xonça gətirir, kimi də nəmər atır. Yemək verilməzdən əvvəl oğlan evindən bir nəfər kişi gəlir, yemək qazananın üstünə pul atır. Buna "qazanaçdı" deyirlər. Oğlan evi qızı oynadır. Sonra isə təxminən saat dörddə-beşdə geri qayıdırlar.
Gəlinaparma. Azərbaycan xalqının ən qədim havası olan "Vağzalı"nın sədaları altında oğlan evi qız evinə gəlir. İndi "rüşvətləri" siz sayın: toy dəstəsi oğlan evindən xeyli aralandıqdan sonra cavanlar mərasimin qabağını saxlayıb "torpaqbasdı" istəyirlər. Belə hallarda onlara bir baş kök toğlu və bəzən isə müxtəlif cür hədiyyələr təklif edilirdi. Qız evinin qapısında hamı minikdən düşür, təkcə bəydən başqa. Qardaşlıq gəlir qız anasının yanına ki, xala, get bəyi düşür. Qayınana gəlir sürücüyə xələt, bəyə də nəmər verib düşürür.
Musiqiçilər qız evinə çatdıqda evin astanası qarşısında qabağını saxlayıb "qapıbasması" deyilən hədiyyə tələb edirdilər. Bunu qızın yengəsi edirdi. Qonaqlara əvvəlcə yağlı fətir (yuxa) təklif edilir və "fətirüstü" deyilən nəmər yığılırdı. Adətən yığılan bu pullar fətir bişirən qadınlara çatırdı. Gəlini bəzədiyinə görə oğlan yengəsi qız yengəsinə "baş bəzəməsi" verirdi. Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymaz. Sonra gəlinin əlinə pul qoyub bağlayırlar. Bütün yaxın və uzaq qohumlar qızla öpüşüb görüşürlər. Nəhayət, qızın atasına yol verirlər. Ata bir neçə kəlmə ilə qızına nəsihət verir və xoşbəxtlik arzulayır. Sonra onun alnından öpür. Gəlinə ana da xeyir-dua verir. Oğlanın bacısı ucadan səsləyir: "Gəlin, gəlinimizi aparaq". Bu vaxt qız evindən kiçik uşaq qaçıb qapını bağlayır. Yenə də "qapıbasma" hoqqası. Bəy və "qardaşlıq" ona nəmər verir və qapını açırlar. Oğlan evinə çatmamış yolda miniklər dayanır. Biri gəlinin ayaqqabısının bir tayını götürüb, düşür qabağa, hamıdan tez çatıb, ayaqqabını qayınanaya, qayınataya göstərib deyir: "Muştuluğumu verin, gəlininiz gəlir". Qayınana ona xələt verir.
Oğlan evinə çatanda gəlinə arabadan düşmək təklif olunurdu, ancaq o, bu təklifə məhəl qoymur. Qayınatası ona yaxınlaşıb müəyyən bir hədiyyə boyun olduqdan sonra o, arabadan düşür. Sonra gəlini aparırlar otağa. Gəlin oturmur. Qayınana gəlib ona xələt verir və ya nə isə alacağına boyun olur. Sonra gəlib gəlinlə görüşür və ona xələt verirlər. Buna "boygördüsü"də deyirlər. Bundan sonra hamı əyləşir. Həyətdə də toy başlayır.
Oğlan toyu. Axşamüstü saat altıda, altının yarısında qız evindən oğlan toyuna qohumlar gəlir. Qızın ata və anasından başqa kim istəsə gələ bilər. Bir-iki saat oturub gedirlər. Amma oğlan evində toy mərasimi davam edir.
Oğlan nişanlısı ilə yatdığı döşəyin altına pul qoyub onu tərk edirdi. Bu pul qız yengəsinə çatırdı. Gecə rəsmi dilənçilik başlayır: "Bəytərifi". Gəlsin xələt versin bəyin əmisi, xalası, xalsının "uçastkovı" əri, bir sözlə, hamı...
Üzəçıxdı. Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan 10-15 gün sonra qayınana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırır. Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, (ailəyə daxil olmaq üçün rüşvət) bu ailənin ən əziz üzvü olduğunu deyir. Kəndlərdə gəlin oğlan evində (1-3 ay müddətində) qayınatası ilə danışmazdı. Lakin qayınatası gəlinə "yemşək" adlı nəmərini verdikdən sonra onlarla danışıq ünsiyyətinə başlayırdı. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.
Gəlingördü. Toydan iki-üç ay sonra qız evi oğlan evinə xəbər göndərir ki, "filan gün gəlirik gəlini görməyə". Oğlan evi hazırlıq görür. Yaxın qonum-qonşudan üç-dördünü dəvət edir. Qızın anası da yaxın adamlardan götürüb gəlir qudasıgilə. Yeyib içib şənlənirlər. Axırda qızın anası gəlinə və bəyə gətirdiyi hədiyyələri verib qayıdırlar.
Ayaqaçdı. Gəlingördüdən sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna "ayaqaçdı" deyirlər. Ayaqaçdıda kişilər də gəlir. Böyük məclis qururlar. Qızın anası oğlana və qıza aldığı hədiyyəni verir. Həmin gün qızı evdə qonaq saxlayırlar. Bir-iki gündən sonra əri gəlib aparır. "Ayaqaçdı"dan sonra bəylə-gəlin istədikləri vaxt ora gedib-gəlirlər.
Qonaqçağırma. "Ayaqaçdı"dan sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar "bəylə gəlini" qonaq çağırırlar. Bu da bir növ "ayaqaçdı"ya bənzəyir. Qonaq çağırdıqdan sonra bəylə-gəlin onların evinə gedib-gəlirlər. Qonaq çağırarkən onlara hədiyyə verirlər. Ümumiyyətlə, "bəylə-gəlin" kimi evinə ilk dəfə qədəm qoysa, o zaman onlara hədiyyə verirlər.
Nəvəgörmə. Gənc ailənin üçüncü üzvünün dünyaya gəlməsi toy-bayrama çevrilir. İlk nəvənin yorğan-döşəyini qız anası salar. Nəvəni görməyə "qırx" çıxdıqdan sonra gedirlər. Gəlinin ata-anası, bacı-qardaşı, gəlinləri yığılıb gəlirlər. Körpəyə paltar alırlar. Bu şeylərin hamısının qırmızı lentlə bağlayırlar. Körpəni görəndə isə hamı qundağına nəmər qoyur.
Azərbaycan toyu, toy adətləri haqda bu qədər. Xüsusi olaraq nəmər hissələrini qabartdıq. Bu, toydan çox, rüşvətvermə, rüşvətalma prosesinin el arasında böük dövriyyəsidir desək, yanılmarıq.
Adətlərimizi tənqid etdik. Amma adətlərimizdə xüsusi qeyd ediləsi məqamlarımız da az deyil. Bunlardan biri toy vaxtının seçilməsi olub. Çünki toyu keçirmək üçün külli miqdarda kənd təsərrüfatı məhsulları və asudə vaxt tələb edildiyindən bu mərasimlərin çox hissəsi ilin payız fəslində və qışın əvvəllərində keçirilirdi. Oğlanın valideynləri toy etmək üçün maddi imkanlarını götür-qoy etdikdən sonra öz fikirlərini yaxın qohumlarına bildirməyi son dərəcə vacib sayırdılar.
İkinci qeyd ediləsi məqam "Toypayı" adlanan adətdir. Toy zamanı toya gələnlərin çoxu adət idi, özüylə bir yaxşı beli xınalı, buynuzu nəmərlə bağlanmış erkək toğlu pay gətirərdilər. Yaxın qohum-əqrəba isə bunu bir neçə gün əvvəl həyata keçirərdi ki, toy yiyəsi sıxıntı keçirməsin, artıq xərcə düşməsin.
Fətirüstü. Azərbaycanın əksər bölgələrində xeyir işlərində adətən toya çox güclü hazırlıq işləri aparılırdı. Bir həftə qabaqdan xarab olmayan ərzaq və digər vacib işlər üçün yavaş-yavaş tədarük görülməyə başlanardı. Belə işlərdən biri də qonum-qonşunun yığışıb birgə bişirdiyi xamralı fətiri idi. Hərə öz evindən oxloy-duağını"götürüb gələrdi sacın qırağına. Bir gün axşama yeddi sacın qırağında qız-gəlin yığışıb toyun bütün fətir-çörək ehtiyatını görərdilər. Fətir bişdisinə gələnlər adət idi, bişirənlərə qulpundan nə çıxdı nəmər verərdi. Bu nəmərə "Fətirüstü" deyərdilər. Bu, el bayramına hazırlıq kimi yozulur - deyə alqışlanasıdır.
Aşpazlar. Adətimizdir, toya bir neçə gün qalmış aşçılar toy evinə dəvət olunar, qonaqların sayı barədə məlumatlandırılar, əvəzində nədən, nə qədər qoyulacağı, aşçılara nələrin lazım olacağı soruşulardı. Toydan sonra isə çox hörmət-izzətlə bir dəst corab, bir əlçiti, bir köynək, bir də toyda qoluna bağlanmış qırmızı kəlağayla aşçılar evlərinə yola salınardı.
Hər halda xoşdur. Təəssüf ki, indiki toylar haqda xoş danışmağa bir kəlmə də olsun söz qalmayıb.
Etiraf edirəm ki, fatalistəm. Predmetlərin düzülüşünə, düşər-düşməzliyinə fikir verənəm. Buna görə məni sentimentallıqda, xırdaçılıqda qınamayın. Nədənsə mənə belə gəlir ki, bizim dədə-babadan qalma sınanmış adətlərimizdən, inanclarımızdan uzaqlaşma təməli qoyulan ailələrin onurğa sütünunda yaranan çatların başlıca səbəbidir. Amma ona da əminəm ki, məhz bu cür alıb-verməklə xamırı yoğrulan övlad böyüyüb müasir cəmiyyətin sütunlarını təşkil etməli idi. Məsələ olduqca qəlizdir. Bu, toy deyil desəm, bir az mədəni çıxar. Bu nədirsə, başqa şeydir.
Müasir toylardan danışmalıyıq. Gənc nəsil bir çox adətlərin mahiyyətini anlamır. Əminəm ki, Azərbaycanda gəlin ata evindən çıxdıqda onun arxasınca su atılmasının, onun yeni evdə həyatının işıqlı və aydın olması, gəlinin başına pul, şirniyyat səpilməsinin isə sərvətə, rifaha yaxın olması üçün edildiyini yaşlı nəsildən başqa bilən az tapılar. Və yaxud gəlinlə birlikdə əlində güzgü və şam tutmuş qızların getməsi gəlinin saflığına, təmizliyinə, şamlarsa yeni qurulan ocağın işıqlı, isti gələcəyinə işarədir. Amma hər halda dədə-babadan qalma adətdir.
Çox təəssüflər ki, qədimlərdən bu günümüzə güc-bəla ilə gəlib çatmış toy adət-ənənlərimiz, xüsusən də mərhələli toy tarixin şirin bir səhifəsi kimi getdikcə bizdən uzaqlaşır. "Qızbəyəndi", "hə", "şirin "çay", "paltarkəsdi", "xınayaxdı", "gəlinaparma", "üzgördü" və s. ritualları olan Azərbaycan toyu əvəzsizdir, möhtəşəmdir, canlı tarixdir. İndi nə edək ki, zaman bütün bunları öz qazanında bişirib süfrəmizə müasirlik adı ilə qoyur. Şirinçayı oğlanla qız öz aralarında içib, "hə"ni aqsaqqallara özləri deyirlər. Nə edək ki, "paltarkəsdi" o qədər ifratlaşıb ki, mini yubkanı belə keçib. Nə edək ki, "xınayaxdı" keçmişin qalığıdır deyə, xanımlarımız əllərinin manikürünü korlamaq istəmirlər.

(ardı var)
+  -  Çap 
Yerləşdirilib: 04.02.10 | Baxılıb: 411

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •