|
Cari ilin sonuna qədər Balaxanı məişət tullantıları poliqonunda ilk çeşidləyici qurğu quraşdırılaraq istifadəyə veriləcək. "APA-Economics"in bildirdiyinə görə, bu barədə "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat verilib. Z.İbrahimovun sözlərinə görə, gələcəkdə Bakıda və Abşeronda məişət tullantılarının bir neçə toplama və çeşidləmə məntəqəsinin yaradılması planlaşdırılır. Bu məntəqələrdə tullantıların təkrar emal üçün yararlı hissəsi ayrılacaq, qalan hissəsi yandırılma və ya digər üsullarla zərərsizləşdiriləcək. Səhmdar cəmiyyətinin sədri bildirib ki, Balaxanıda məişət tullantılarının emalı zavodu 2012-ci ilin sonunda istifadəyə veriləcək. Artıq zavodun özülünün tikintisi aparılır.
Eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin sifarişi ilə lazımi infrastruktur yaradılır. Zavodun tikintisi layihəsinin podratçısı Fransanın "Constructions Industrielles de la MaterranaS.A." ("CNİM" S.A.) şirkətidir. Zavodun layihələndirilməsi və tikintisinə 346 mln. avro vəsait ayrılıb. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavodun layihələndirilməsi, tikintisi və 20 illik istismarı nəzərdə tutulur. Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik eneryisi istehsal edən turbindən ibarət olacaq. Tullantıların yandırılması prosesi nəticəsində əldə ediləcək elektrik eneryisinin miqdarı ildə 231,5 mln. kVt saat eneryiyə bərabər olacaq.
|