|
Ağamalı Bəhmənov əmisi uşaqları ilə əlbir olub bacısını qətlə yetirib
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Şakir Ələsgərovun sədrliyi ilə bacısını qətlə yetirən şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Yardımlı rayon sakinləri Ağamalı Bəhmənov və onun əmisi oğlanları Fərail və Xubiyar Bəhmənovlar cavab verir. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə ittiham olunur.
İttihama görə, 1992-ci ilin noyabrında Yardımlı rayonunun Honuba kəndində, kənd sakinləri A.Bəhmənov, Fərail və Xubiyar qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ağır cinayət törədiblər. Belə ki, A.Bəhmənov əmisi oğlanları əlbir olub onunla bir evdə yaşayan bacısı İradə Bəhmənovanı əxlaqsız hərəkətlər edərək hamilə olmasından şübhələndiklərinə görə qətlə yetiriblər. Onlar İradəni yaşadıqları evdə başına bağladığı şal ilə boğublar və cinayətin izini itirmək məqsədi ilə meyiti həyətin kənarındakı ayaqyolunun yanında torpağa basdırıblar. 17 il bağlı qalan cinayətin üstü Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb. İş üzrə məhkəmə baxışı fevralın 10-da keçirləcək.
|