|
Teatrın qastrol səfəri də gözlənilir
Bu il ərzində Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında bir neçə yeni tamaşa hazırlanacaq. Teatrın direktoru Mehman Şükürovun bildirdiyinə görə, yaxın günlərdə Mirzəağa Atəşin ailə-məişət mövzusunda yazdığı "Şərəfin sandığı" komediyasının nümayişi keçiriləcək. Tamaşa Əməkdar artist, teatrın baş reyissoru Firudin Məhərrəmovun quruluşunda hazırlanıb. Əvəz Mahmud Lələdağın qələmə aldığı "Gecikmiş etiraf" tarixi dramının quruluşçu reyissoru Vasif Məmmədovdur. Hazırda əsərin məşqləri davam edir.
Marat Haqverdiyevin "Məhəbbət yaşa baxmır" müasir komediyasını isə tamaşaya Şahmar Qəribli hazırlayır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Tuncər Cücənoğlunun "Ziyarətçi" pyesinin quruluşu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Könül Şahbazovaya həvalə olunub. M.Şükürov bu il teatrın aktrisası, Xalq artisti Svetlana Həkimovanın 70 illik yubileyini keçirəcəklərini də açıqlayıb. Hələlik yubileyin proqramı hazırlanır, tarixi yaxın günlərdə bəlli olacaq. Sonda M.Şükürov qeyd etdi ki, teatrın truppası ilə birlikdə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Dərbəndə qastrol səfəri nəzərdə tutulub. Truppa bu il eyni zamanda Nyu-York Azərbaycan Assosiasiyasının prezidenti Əli Nəsibovun dəvəti ilə Amerikaya getməyi planlaşdırırır.
S.İBRAHİMOVA
|