Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Mar.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
 




 
 
 
Axtarış: 
"Repertuarımızı süni gülüş doğuran tamaşalardan təmizləmək üçün mücadilə etmişik&a
Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi: "İndi bizim öz tamaşaçı auditoriyamız var"

Musiqili Komediya Teatrı İranda keçirilən 28-ci Beynəlxalq Fəcr Festivalından qələbə ilə qayıdıb. Dahi Üzeyir Hacıbəylinin "Məşədi İbad" operettası ilə festivala qatılan teatrın kollektivi yanvar ayının 22-i və 23-ü Tehranın ən böyük teatr-konsert salonu, möhtəşəm Talari Vəhdət Sarayında çıxış edib. Dünyanın 50-yə yaxın ölkəsinin qatıldığı Fəcr Festivalında Musiqili Komediya Teatrının ilk dəfə iştirak etməsinə baxmayaraq, "Məşədi İbad" festivalın ən çox tamaşaçı toplayan əsəri hesab edilib.
Teatrın direktoru Əliqismət Lalayev səfər təəssüratlarını bizimlə bölüşdü:
- Mən hələ keçən il İranda keçirilən 27-ci Beynəlxalq Fəcr Festivalında iştirak etmişdim. Festivalda göstərilən tamaşaların tənqidçilər şurasında təmsil olunurdum. O zaman "Məşədi İbad" tamaşasını təzə təhvil vermişdik. Cənnət Səlimova isə Kamera Teatrı ilə həmin festivalın iştirakçısı idi. Biz orada qərara gəldik ki, "Məşədi İbad"ın sənədlərini Fəcr Festivalına təqdim edək. Dünyaca məşhur olan bu əsəri İranda xüsusilə tanıyır və maraq göstərirlər. Yanvarın əvvəlində münsiflər heyəti tərəfindən tamaşanın qəbul olunduğunu öyrəndik və təcili səfərə hazırlaşdıq. Bu, Musiqili Komediya Teatrının həyatında çox önəmli hadisə idi. Çünki son 20 ildə bizim teatr böyük bir kollektivlə səfərə çıxmamışdı. Biz bundan əvvəl Rusiyanın müxtəlif şəhərlərində, Gürcüstanda, Türkiyədə olmuşduq. Yanvarın 22-23-də Tehranın Talari Vəhdət Sarayında iki gün çıxış etdik. Tamaşa çox böyük şövqlə qarşılandı. Hətta sarayın qarşısında o qədər təntənə vardı ki, mühafizə xidməti bizi sarayın arxa qapısından çıxarmağa məcbur oldu. İnsanların hamısı bizə yaxınlaşmaq istəyirdi. Onlar aktyorlarla, xüsusən Afaq Bəşirqızı, Arif Quliyev, Elçin Həmidovla görüşmək istəyir, qaldığımız otelə gəlirdilər.
Beynəlxalq Fəcr Festivalı hər il 3 nominasiya - musiqi, kino və teatr nominasiyaları üzrə keçirilir. Bu il festivala 50-yə yaxın ölkədən nümayəndələr gəlmişdi. Biz gedəndə özümüzlə "Arşın mal alan" və İmre Kalmanın "İddialı qaraçı" tamaşalarının diskini də aparmışdıq. Onlar bu disklərlə çox maraqlandılar. Tamaşadan sonra bizi təbrik edən rəsmilər səhnəyə çıxaraq tamaşanın uğuru haqqında danışdıqdan sonra aprel ayında kollektivimizi yenidən İrana 10 günlük qastrola dəvət etdilər. Yanvarın 24-də festivalın təşkilatçılarından olan İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) festivalın qaliblərinin şərəfinə ziyafət verdi. Həmin ziyafətə EKO-ya üzv dövlətlərin Tehrandakı nümayəndələri də dəvətli idi. Mərasimdə reyissor Cənnət Səlimova EKO Mədəniyyət İnstitutunun xüsusi mükafatına layiq görüldü. Bütün bunlar bizə fərəh gətirən hadisələr idi. Səfərin gerçəkləşməsində bizə təşkilati yardım göstərən Mədəniyyət və Turizm Nazirliyinə və şəxsən Əbülfəz Qarayevə minnətdaram ki, 45 nəfərlik bir kollektivin İrana getməsinə yardımçı oldu. Eləcə də İrandakı səfirimiz Cavanşir Axundov və səfirliyin əməkdaşları bizə çox diqqət göstərdilər.

- İndicə dediniz ki, bu, teatrın 20 ildən sonra ən böyük səfəri idi. Nə üçün kollektiv bu illər ərzində hansısa festivala qatılmayıb?

- Mən 15 ilə yaxın müddət ərzində Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi vəzifəsində çalışmışam. Sadəcə olaraq, görünür, təşəbbüs göstərilməyib. Nə üçün olmayıb, buna yəqin ki, o vaxt cavabdeh olan insanlar cavab verə bilər.

- Siz bu teatra rəhbər təyin olunandan sonra nəyə nail oldunuz?

- Ona nail oldum ki, bu gün artıq Musiqili Komediya Teatrı haqqında danışmağa başlayıblar. Bu teatrın repertuarı maraq doğurur. Musiqili Komediya Teatrına yeni qüvvələr cəlb olunur. Teatrda fərqli bir nizam-intizam hökm sürür. İllərlə rol arzusunda olan aktyorlar tamaşaçı ilə ünsiyyətdə olmaq şansı qazanıblar. Aktyorlar "mən də bu tamaşada oynamaq istəyirəm" arzusu ilə gəlirlər. İnsanların həyatlarını sərf etdikləri işə maraqları artıb. Aktyorlar bu günlərini itirmək istəmirlər. Sənətə ömürlərini veriblərsə, tamaşalarda, qastrollarda olmaq istəyirlər. Kim istəmir ki, onu sərhəddən kənarda tanısınlar, kim istəmir ki, dünyanın müxtəlif səhnələrinə çıxıb iştirak etsin?

- Hər hansı bir teatr kollektivi festival məkanına necə düşür? Bunun üçün özünüz çalışmalısınız, yoxsa dəvətlər olmalıdır?

- Sənətini göstərmək arzusundasansa, istəyirsənsə səni tanısınlar, özün çalışmalısan. Biz çalışmasaydıq, bəlkə də festivala düşə bilməzdik. Ola bilər ki, bəzi teatr tənqidçiləri Avropa ölkələrində daha nüfuzlu teatr festivallarının olduğunu iddia edirlər. Ancaq mən bu fikirlə razılaşmıram və bir mütəxəssis kimi Fəcr Festivalına böyük önəm verirəm. Çünki bura dünyanın müxtəlif ölkələrindən aparıcı kollektivlər qatılır. Bütün mədəniyyətlərin qovşağına bənzəyən bu festivalda teatr aləmini seyr edir, dünyanın ümumi teatr məkanını görürsən. Şübhəsiz ki, bu festivallara qatılmaq üçün kollektivin öz arzusu olmalıdır. Çox istərdik ki, belə festivallarda bütün heyət iştirak etsin, orkestrin ifası canlı olaraq eşidilsin.

- Bəs dünyanın ümumi teatr məkanını seyr edəndə hansı qənaətə gəlirsiniz: bizim teatrlar nədən geri qalırlar və hansı keyfiyyətlərə görə irəlidədirlər?

- Mənim üçün geridə qalma anlamı yoxdur. Bu gün Azərbaycan teatr məkanı çox maraqlıdır. Çox gözəl tamaşalar hazırlanır. O yaxşı şeydir ki, kənardan baxanda özümüzü qane etmir. Bilirik ki, bundan daha yaxşısı ola bilər. Festivallarda isə görürük ki, bizim tamaşalar başqalarından daha yaxşıdır. Bizim üçün "Məşədi İbad" tamaşası şedevr deyil, ancaq görərdiniz ki, iki gün ardıcıl olaraq 1300 nəfərlik Talari Vəhdət Sarayı coşqudan necə titrəyirdi! Bu da tamaşaçının verdiyi qiymətdir.

- Bir tənqidçi olaraq rəhbərlik etdiyiniz teatrın repertuarından narazı qaldığınız məqamlar varmı?

- Şübhəsiz ki, var. Uzun illər bizim teatrın repertuarında bayağı əsərlərə yol verilib. Son iki ildə repertuarımızı bayağı, süni gülüş doğuran bir sıra tamaşalardan təmizləmək, sağlam, işgüzar, sözün əsl mənasında yaradıcılıq ab-havası yaratmaq üçün mücadilə etmişik. Qismən də olsa, istəyimizə nail olmuşuq, indi bizim öz tamaşaçı auditoriyamız var.
Biz bu gün daha çox klassikaya meyil edirik. Teatr o zaman peşəkarlaşır ki, onun repertuarında klassik əsərlər yer tutur.
Ötən il bizim ən uğurlu tamaşalarımızdan biri həm Azərbaycan, həm də rus bölmələrində müvəffəqiyyətlə oynanılan Üzeyir Hacıbəylinin illər ötdükcə öz təravətini, aktuallığını və gözəlliyini itirməyən "Arşın mal alan" operettası oldu. Keçən il tamaşaya qoyulan digər bir əsər Əziz Nesinin "Şəhərdə manyak var" komediyasıdır. Gənc dramaturq Maarif Məmmədovun da "Matəm marşı və ya gözünüz aydın" tamaşası ilə teatrımızla ilk əməkdaşlığı uğurlu oldu. Bundan əlavə, dünya şöhrətli İmre Kalmanın məşhur "İddialı qaraçı" əsəri Azərbaycan tamaşaçılarına yaxşı tanışdır. Müxtəlif illərdə bu əsər rus bölməsində uğurla göstərilib. Biz yubiley tamaşalarımız arasında "İddialı qaraçı"nı da görmək istədik və bu əsərin qəhrəmanlarını Azərbaycan dilində danışdırmağı qərara aldıq. Klassik Avropa operettası ilk dəfə olaraq Azərbaycan dilində təqdim olundu. Bu, artıq tarixə dönmüş bir hadisədir.
Yubiley ilində tamaşaçılara təqdim edəcəyimiz daha bir əsər SSRİ Xalq artisti Arif Məlikovun və unudulmaz şairimiz Əliağa Kürçaylının "Ləpələr" iki hissəli musiqili komediyasıdır. Əsərə gənc reyissor Mikayıl Mikayılov quruluş verir. Teatrımızın rus bölməsində isə keçid tamaşa Xalq artisti Cənnət Səlimovanın hazırladığı Aleksandr Volodinin "Sevdiklərinizdən ayrılmayın" əsəri olacaq. Həmçinin məşqləri davam edən Üzeyir Hacıbəyovun "Ər və arvad" operettası bu ilin repertuarına daxil ediləcək və teatrsevərlərin ixtiyarına veriləcək.

- Adətən teatr rəhbərləri, reyissorlar, elə aktyorların özləri də teatrın problemindən danışan kimi ədəbi material qıtlığından şikayətlənirlər. Çağdaş dövrdə Musiqili Komediya Teatrı üçün sanballı librettolar, operettalar yazan müəlliflər varmı?

- Deyə bilmərəm ki, bu gün teatra gözəl liberettolar gəlir. Bizim yaxşı bəstəkarlarımız var. Dünya operetta teatrlarının səhnəsində elə əsərlər var ki, bu gün bizim üçün də maraqlıdır. Sadəcə olaraq, onların səhnəyə gəlməsi üçün müəyyən çətinliklər var. Öz bəstəkarlarımız tərəfindən isə yeni şedevr əsərlər yaranmayıb. Musiqi cəhətdən çox gözəl ola bilər. Ancaq teatra rəhbərlik etdiyim iki ilə yaxın müddət ərzində maraqlı librettoya rast gəlməmişəm.

- Siz Naxçıvan teatrında işləyəndə reyissor kimi tamaşalara quruluş vermisiniz. Bəs, bu teatrda necə, tamaşa hazırlamaq fikriniz varmı?

- Mən reyissorluq sənətinə böyük dəyər verən insanam. Naxçıvan teatrında xeyli uğurlu tamaşalarım olub. Sözün düzü, burada da tamaşa hazırlamaq istəyirəm, amma hələ yox.

- Siz teatra təzə rəhbər təyin olunan vaxtlarda qəzetlərə müsahibələrinizin birində demişdiniz ki, əsas məqsədiniz evlərdə, televizorun qarşısında oturan gəncləri ayırıb teatra cəlb eləməkdir. Buna nə qədər nail ola bildiniz?

- Teatrın tamaşalarına bu qədər gəncin axını varsa, deyəsən, artıq buna nail oluruq. Tamaşaçılarımız arasında gənclərimiz çoxluq təşkil edir. Teatrımızda elə tamaşalar var ki, orada daha çox gənclər oynayırlar. "Arşın mal alan"ın axşam tamaşalarında gənclərin əlindən oturmaq mümkün deyildi. Cənnət Səlimovanın hazırladığı "Sevdiklərinizdən ayrılmayın" tamaşası gənclərə bir töhfə olacaq. "Biri vardı, biri yoxdu" əsəri də maraq doğuracaq. Təbii ki, hər şeyə birdən nail olmaq olmaz, biz də bu məqsədimizə tədricən nail oluruq.


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 04.02.10 | Baxılıb: 134

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev səfir Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
  • Bakıda Çıraq Neft Layihəsinə sanksiya verilməsi münasibətilə imzalanma mərasimi keçirildi
  • “Uşaqların ailələrə verilməsi və nativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinə start verildi
  • Bakıda “Caspian Banking and Finance” 6-cı Beynəlxalq Banklar və Maliyyə konfransı keçiriləcək
  • Gənc xanım modelyerlərin festivalı keçiriləcək
  • ATƏT PA-nın prezidenti Joao Soareşin Cənubi Qafqaz respublikalarına səfəri başlayıb
  • Bu gün Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfər edəcək
  • Deputat Dünyamin Xəlilov Qırğızıstanda ekspert görüşündə iştirak edir
  • Deputatlarımız AŞ PA-nın büro və komitə iclaslarında iştirak edəcəklər
  • Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Chung Jong-Hwan Azərbaycana səfərə gəlir
  • Hərbçilərimiz NATO-nun tədbirlərinə qatılacaqlar
  • Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin arasında Azərbaycan vətəndaşı yoxdur
  • Bu gün Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

  •  
    BANNERİMİZ
     
    kod almaq: