Yeni layihənin icrasına başlanıb
"Azad Gənclər" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Biz regionlarda AİDS görmürük" adlı layihənin icrasına başlayıb. İctimai Birlikdən qəzetimizə verilən məlumata görə, layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları əsrin təhlükəli xəstəliyi hesab olunan AİDS-dən qorumaqdır. Kampaniya 2010-cu ilin yanvar-mart aylarında Azərbaycanın dörd bölgəsində - Tovuz, Şəmkir, Qazax və Cəlilabad rayonlarında həyata keçiriləcək.
Layihə zamanı hər bir regiondan seçilmiş gəncin iştirakı ilə xüsusi seminarlar və kampaniyalar təşkil olunacaq. Sonda hər bir seminarda iştirak etmiş aktiv gənclərə "Biz regionlarda AİDS görmürük" adlı Gənclər Kampaniyasını öz yaşadıqları icmada da davam etdirmək üçün xüsusi məlumatlar veriləcək. Eyni zamanda, sözügedən layihənin nəticəsi olaraq Azərbaycanın qeyd olunan rayonlarında sağlam həyat tərzi uğrunda aparılacaq profilaktik tədbirlər, maarifləndirmə və təbliğat işlərinin ölkəmizin digər regionlarında davam etdirilməsi və bununla bağlı yeni layihənin hazırlanması da nəzərdə tutulur. Seminarlar zamanı iştirakçılara layihə üçün xüsusi dərc olunmuş yazı kitabçaları, köynəklər, qovluqlar və qələmlər paylanacaq. Eyni zamanda, hər bir regionda seminarların sonunda tədbir iştirakçıları həmin regionda "Biz regionlarda AİDS görmürük" adlı layihə çərçivəsində fəaliyyət göstərən gənclərə xüsusi təqvimlər, bukletlər, blaknotlar və s. paylayacaq və təbliğat kampaniyası aparacaqlar. Kampaniyada iştirak etmək və ətraflı məlumat almaq istəyənlər iazadgencler@yaho.som e-mailə müraciət edə bilərlər.
Təranə
|