|
Paytaxtda isə fahişəliklə məşğul olan qadınlar saxlanılıb
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb edən şəxs tutulub. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, saxlanılan Xızı rayon sakini Samirə Ağahüseynovadır. O, gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilir. Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yüngül həyat tərzi keçirən bir qrup qadın saxlanılıb. "Əzizbəyov" və "Neftçilər" metro stansiyalarının yaxınlığında əxlaqsızlıqla məşğul olmaqla ictimai asayişi pozan şəxslər izahatlarının alınması üçün bölməyə gətiriliblər.
Saxlanılan qadınlar fahişəliklə məşğul olduqlarından artıq bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunublar. Amma onlar qanunvericilikdə nəzərdə tutulan cərimələri ödədikdən sonra azad ediliblər. Qadınlar əməllərindən əl çəkmədiklərinə görə növbəti dəfə polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlar müvafiq tibbi ekspertizalardan keçirilmələri üçün dəri-zöhrəvi dispanserinə göndərilib. Hər iki fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.
|