|
Biləcəri sakini evində 7,5 kiloqrama yaxın narkotik vasitə saxlayırmış
Vətəndaşlardan xeyli narkotik vasitə götürülüb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin satışında şübhəli bilinən şəxslər saxlanılıb. Saxlanılanlar Biləcəri qəsəbə sakinləri Aslan Salamov və onun qardaşı Zahid Salamovdur. A.Salamovdan 0,261 qram, Zahiddən isə 0,344 qram narkotik vasitə olan heroin götürülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların Biləcəri qəsəbəsindəki yaşadıqları evlərinə baxış zamanı külli miqdarda - 6 kiloqram 235 qram narkotik vasitə olan marixuana və 1 kiloqram 130 qram heroin aşkar edilərək götürülüb. Balakən RPŞ və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Hənifə kənd sakini Rövşən Bahalovdan 865 qram narkotik vasitə olan marixuana götürülüb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|