|
"Rövşən Lənkəranski"nin məhkəmə prosesi keçirilib
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə bir sıra ağır cinayətlər törətməkdə ittiham olunan Rövşən Canıyevin məhkəmə prosesi keçirilib. Məhkəmə qarşısında cavab verən R.Canıyev kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınıb. R.Canıyev Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü R.Canıyev barəsində Azərbaycan Daxili İşlər Nazirliyi beynəlxalq axtarış elan edib. R.Canıyev 2009-cu il dekabrın 3-də Ukrayna DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kiyevdə saxlanılıb. Onunla birlikdə hazırda Kiyevdə yaşayan, paytaxt restoranlarından birinin sahibi olan Rusiya vətəndaşı və onun üç mühafizəçisi də saxlanılıb. Onların üzərindən rezin güllələr üçün nəzərdə tutulub "Fort-12P" və "PMR-9" tapançaları və "Vulkan" markalı karabin götürülüb. Bundan başqa, maşında aparılan axtarış zamanı daha bir "Fort-12P" tapançası aşkarlanıb. R.Canıyev 2009-cu il dekabrın 12-də Kiyev-Bakı reysi ilə Azərbaycana gətirilib.
|