|
Qərarlar aprelin 15-də elan olunacaq
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya təkliflərinin qəbuluna başlayır. Fevralın 1-dən etibarən start verilən bu proses "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq aparılır. Güzəştli qaydada maliyyələşdiriləcək layihələrdə südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin (ailə fermer təsərrüfatlarının), kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması, uşaq qidası istehsalının təşkil olunması yer almalıdır. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, SKMF dünən yeni investisiya layihələrinin təqdimatını keçirib. Tədbirdə qeyd edilib ki, ötən il fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 130 milyon manat məbləğində güzəştli kreditlər verilib.
Bu vəsaitlə respublikanın 55 şəhər və rayonu üzrə 2101 sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib. Həmin məbləğin 74 milyon manatını büdcə vəsaiti, 56 milyon manatını isə fondun xəzinə hesabına qaytarılmış kredit məbləğləri və kredit faizləri təşkil edib. Güzəştli kreditlər əsasən sənaye məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur layihələrinə (soyuducu və taxıl anbarları komplekslərinə), kəndli fermer təsərrüfatlarının inkişafı və s. üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 8500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İnvestisiya layihələrinin 99,2 faizi (2085 layihə), yeni yaradılacaq iş yerlərinin isə 94,7 faizi (8047 yeni iş yeri) regionların payına düşür. Ötən il fond tərəfindən güzəştli kreditlərin verilməsində yeni yanaşmalar tətbiq edilib və iri infrastruktur layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi həyata keçirilib. 2009-cu ildə SKMF tərəfindən infrastruktur layihəsinin maliyyələşdirilməsinə isə 47,8 milyon manat güzəştli kredit ayrılıb. Bu vəsaitin 31,9 milyon manatı ümumi tutumu 48 min ton olan müasir soyuducu anbar komplekslərinin yaradılmasına ayrılıb. 15,9 milyon manat isə ümumi tutumu 199 min ton olan, müasir standartlara cavab verən taxıl anbarı komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 1183 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fondun qəbuluna başladığı yeni investisiya layihələrinə gəlincə, yaradılacaq kompleks və müəssisələr üçün seçiləcək ərazi əlverişli infrastruktura malik olmalı, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmalı, laboratoriya yaradılmalıdır. Uşaq qidası istehsalında qatışıqlar (ana südünün əvəzedicisi), sıyıqlar, südlər, pürelər (ət, tərəvəz), ət yeməkləri, balıq yeməkləri, şorbalar, meyvə püreləri, desertlər (pudinq, yoqurt və s.), peçenyelər, kefir, kəsmiklər, çaylar və s. yüksək keyfiyyət göstəriciləri (sanitar-texniki, ekoloyi və s.) ilə təmin edilməlidir. Bu sahədə həyata keçiriləcək fəaliyyət, o cümlədən aparılacaq tikinti-quraşdırma işləri, kommunikasiya xətlərinə qoşulma və s. müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qəbulu elan edilən digər investisiya təklifinə əsasən, minimum 100 başlıq südlük istiqamətli cins iri-buynuzlu heyvandarlıq kompleksi yaradılmalıdır. Bu kompleks yem tələbatının ödənilməsi üçün müvafiq əkin sahəsinə malik olmalı və ya sahibkarın yem istehsalçıları ilə sövdələşmələri olmalıdır. Kiçik və ya orta həcmli üzüm emalı müəssislərinin yaradılması üzrə investisiya təklifi ilə çıxış edən sahibkarlar xammal tələbatının ödənilməsi üçün üzüm sahələrinə malik olmalı və ya üzüm istehsalçıları ilə razılaşmalar əldə olunmalıdır. Optimal müddətdə həyata keçirilməli olan investisiya layihələrinin ümumi dəyərinin ən azı 30 faizi sahibkarlıq subyektinin şəxsi vəsaiti maliyyələşdirilir. Maliyyənin qalan hissəsini isə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri təşkil edəcək. Layihələrin maliyyələşdirilməsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC və onun törəmə şirkətləri də tərəflərin razılığı əsasında payçı qismində iştirak edə bilər. Sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Müvəkkil kredit təşkilatları maliyyələşdirilməsi barədə müsbət qərar qəbul etdiyi investisiya layihələrinə dair məlumatları iki nüsxədə, hər biri ayrı-ayrılıqda möhürlənmiş zərflərdə olmaqla 1 aprel saat 18.00-dək fonda təqdim etməlidir. Sahibkarlıq subyektlərinin investisiya təklifi zərfləri aprelin 2-də saat 12.00-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Akt zalında (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 88a, 9-cu mərtəbə) açılacaq. Təqdim edilmiş investisiya təkliflərinin ekspertizası və bilavasitə yerində ilkin monitorinqi fond tərəfindən həyata keçiriləcək. Qəbul olunmuş qərarlar isə aprelin 15-də saat 12.00-da nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Akt zalında elan olunacaq.
HƏQİQƏT
|