Nazim Süleymanovun komandası "altılıq" ümidlərini "dəfn etdi"
Dünən Premyer Liqada ikinci mərhələnin startı verildi. Apasport.az saytının məlumatına görə, "altılığ"a düşmək uğrunda mübarizə aparan "Bakı" və "Qəbələ" vacib qələbə qazandı. "Turan" "altılıq"dan əlini çoxdan üzmüşdüsə, "Olimpik-Şüvəlan" ümidini itirmirdi. Ancaq "Qəbələ"yə məğlubiyyətlə son şansdan da istifadə etməyən "təyyarəçilər" indi bütün diqqətlərini ölkə kubokuna yönəltməlidirlər. "Bakı" ilə "Qəbələ" bu qələbələrdən sonra turnir cədvəlində ən azı bir günlük irəlilədilər. Qəbələnin eyni adlı komandası xalları eyni olduğu "Neftçi"ni şəxsi oyunlarda üstələdiyi (1:0 və 1:1) üçün qabaqlayır.
Premyer Liqada 38 günlük fasilədən sonra keçirilən ilk turda bütün qolları legionerlər vurdu. "Qəbələ"nin heyətində dubl edən Kristian Torres hazırda ölkəmizdə çıxış edən yeganə argentinalıdırsa, "Bakı"dan Yaba Braziliya, Gürşad Duymuş Türkiyə, "Turan"dan Rəşid Həsənov Rusiyanı təmsil edir. Maraqlıdır ki, Yaba "Turan"a hər iki görüşdə qol vurduğu halda, yeni transfer Gürşad isə "Bakı"da daxili yarışlarda debüt oyununda qol vurmaqla, komandasına mühüm 3 xal qazandırdı.
"Vacib qələbə qazandıq.
Bu münasibətlə hamını təbrik edirəm". Bu fikirləri "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov deyib. Ölkə kubokundakı məğlubiyyətə görə də rəqibindən əvəz çıxan R.Məmmədov yetirmələrindən tam razı qalıb: "Bu gün onlar verdiyim tapşırıqları yerinə yetirdilər. Bütün futbolçulardan tam razı qaldım. Yaxşı oynayıb, layiqli qələbə qazandıq. Bu qələbə ilə "altılığ"a düşmək yolunda ümidlərimizi artırdı".
"Olimpik-Şüvəlan"ın baş məşqçisi Nazim Süleymanov isə bəxtsizlikdən gileylənib: "Mən elə düşünmürəm ki, komandamız qış fasiləsinə qədər bundan yaxşı oynayırdı. Biz bu gün də yaxşı oynadıq. Sadəcə, futbol səhvlər üzərində qurulub. Rəqib bu oyunda səhvdən yararlanaraq qol vurdu, biz isə yox". N.Süleymanov bu nəticədən sonra "altılıq" şanslarının qalmadığını etiraf edib: "Bu məğlubiyyətlə mübarizə bizim üçün başa çatdı. Ancaq bu, o demək deyil ki, qalan görüşlərdə oynamayacağıq. Yenə meydanda mübarizə aparıb, maksimum xal qazanmağa çalışacağıq. "Qələbə"ni bu qələbə münasibəti ilə ürəkdən təbrik edirəm. Onlar bizdən fərqli, bu gün qol imkanlarından, rəqib səhvindən istifadə etdi. Bizdə komandada yeni futbolçular var və onlara uyğunlaşmağa vaxt lazımdır".
"Bakı"nın baş məşqçisi Bülənt Korkmaz isə "Turan"la keçirilən oyundan sonra mətbuat konfransında deyib ki, bu oyunda qələbə bizim üçün çox vacib idi. "Şadam ki, hesabımıza növbəti 3 xalı yazdıraraq, "altılıq" uğrunda mübarizəni davam etdiririk" - deyə baş məşqçi bildirib. O, "Turan"lı R.Həsənovun 60-cı dəqiqədə qapıçı Marko Şarliyanın əlində tutduğu topu qapıya göndərdiyi epizodla bağlı yalnız bunları söyləyib: "Həmin epizodun videoyazısına baxdıqdan sonra fikrimi açıqlaya bilərəm".
"Turan"ın baş məşqçisi Nizami Sadıqov cəzalı olduğundan, onu mətbuat konfransında Sakit Alıyev əvəzləyib. Tovuz klubunun məşqçisi minimal fərqli məğlubiyyətin səbəbini söyləyib: "Komandamızın oyunundan razı qaldım. Məğlubiyyətə səbəb qış fasiləsində yoldaşlıq görüşləri keçirə bilməməyimizdir. Oyun təcrübəsinin azlığı uduzmağımızla nəticələndi".
2 fevral
"Bakı" - "Turan" - 2:1
Yaba, 44; Kürşat Duymuş, 76 - Rəşid Həsənov, 60
"Olimpik-Şüvəlan" - "Qəbələ" - 0:2
Kristian Torres, 12; 44