|
Və yaxud Azərbaycan toyunu necə dəyişdirirlər?
Yeni ilin adı yenidir. Dəyişən rəqəmlərdir. Cəmiyyətin təfəkkürü, fikri, yeməyə marağı və Üzeyirin mahnıları dəyişmir. Dəyişməyən yalançı bayram təbrikləri, "bayram axşamı stol arxasında ailə ilə birlikdə olmasan, 7 il ayrılıq olar" inancının yaratdığı qorxu, mobil operatorların nasazlığı, siyahı üzrə mesay göndəriləcək insanlara hazırlanan "deyurnı" sözlərdir. Əslində, ən zəhləm getdiyim prosedur yaxınlara-uzaqlara, tanıdıqlarıma, tanımadıqlarıma mesay göndərmək və ya almaqdır. Onsuz da kimlərin səmimi, kimlərin yalançı olduğunu bilirəm. Dərd belələrinə cavab yazmaqdadır. Saxta nəzakətə. Söhbət başqa mövzudadır, sadəcə, ötən ilin son gecəsi ağlıma yaxşı bir fikir gəldi. Bu il ilk dəfə olaraq dost-tanışa ümumi, "deyurnı" tostlardan sonra "arzu edirəm sizi bu il toya çağırmasınlar" yazmağı düşündüm. İnanın ki, "prob-snimka" üçün iki-üç zarafatcıl qohuma göndərdim. Biri güldü, qalan ikisi qarğış bilib incidi. Bu yazını da toydan bezib, candərdi bu ritualda iştirak edənlərə və məndən inciyən iki qohumuma ithaf edirəm.
Hər şey biznesdir və biznes hər şeydir; insan hisslərinin olduğu bütün müstəvilərdə - ehtirasların, arzuların, inamın, dinin, qorxunun - bütün bunların hamısının üzərində biznes qurula bilər və qurulur da; ancaq milli biznesin iki sahəsinə mən konkret olaraq nifrət edirəm: ölümün və toyun üzərində qurulan pul qazanma mexanizmlərinə! İkisinin arasından isə, zənnimcə, toy daha bədheybətdir. Hərdən elə şeylər olur ki, onları yazmaq məcburiyyətində qalıram. Ancaq məni qorxudan odur ki, ağlıma gələn hər şeyi yaza bilmirəm. Axı, yazdıqlarımın tənqidinə tuş gələnlərin məni həcv etməsindən, ya da adımı dəli qoymalarından ürpənirəm. Hərçənd ki, bizdə buna köhnə dəyirmana çalınan yeni mismar deyilir. Amma yazmaya bilmirəm. Bu yazını həm də ona görə yazıram ki, uzun illər ürəyimdə yığılıb qalanlar həm beynimə, həm ağrıyan ürəyimə, həm də kompyuterin yaddaşına ağırlıq edir. Bu yazını həm də ona görə yazıram ki, belə fikirləşən atalar, qızlar və müğənnilər var: "Elə atalar var ki, gəlir mənə deyir, imkanım yoxdur, qızımı zorla ərə verirəm, qız da qarşıma məqsəd qoyub ki, Mənzurəni toya gətirsən, həmin oğlana ərə gedəcəm" (Müğənni Mənzurə Musayevanın lent.az-a müsahibəsindən). Bu yazını həm də ona görə yazıram ki, ancaq Azərbaycanda toydan sonra nağara çalınır, ancaq Azərbaycanda toylarda ölənə kimi içir, ölənə kimi oynayır, ölənə kimi döyülürlər, ancaq Azərbaycanda toylarda süfrədə üzərinə barmaq qoymağa yer olmur, ancaq Azərbaycanda toyda müğənni ilə şəkil çəkdirib, sonra bu şəkli qohum-əqrəbaya göstərib forslanmaq var. Cənablar, dünyanın ən müdrik ədəbi eşşək personayı Bencamin yaxşı deyib: "Həmişə belə olub, nə çox yaxşı, nə də çox pis". Azərbaycan toyu da belədir. Həmişə belə olub, nə çox yaxşı, nə çox pis. Bu yazını həm də ona görə yazıram ki, ziyalılarımıza müraciət edək, ağsaqqallar işə qarışsın, mətbuat öz sözünü desin. Axı, əsl ziyalı (yuxarıda qeyd etdiklərimi ziyalı hesab edirəm) həmişə xalqdan yüksəkdə dayanıb, adət-ənənə əndazəni aşanda ona qarşı danışmağı bacarıb, bu mənada xalqla mübarizə aparıb və nəhayət, kütləni doğru yolla öz arxasınca aparıb. O kəslər ki, toyları vəsf edib, qız köçürməyə, gəlin qəbul etməyə, üç gün, üç gecəlik toyların möhtəşəmliyindən yazıblar, onların indiki toylar haqda susması dözülməzdir. Axı, mənim əzizlərim, hər toya çəkilən xərclər, "bozbaş" müğənnilərə verilən pullara nəinki övlada xaricdə yaxşı təhsil vermək, hətta məktəbi də təmir etmək, onun müasirləşməsini, kompyuterləşməsini də formalaşdırmaq mümkündür. Bəs niyə etmirik? Bəlkə bu xalqa daha məktəb, kitabxana, oxumaq lazım deyil, bəlkə elə doğrudan da həyatımız toyxanaya çevrilməsinin səbəbi elə özümüzük, "bozbaş" müğənnini ulduza çevirməkdə məqsədimiz var? Başqa arqument görmürəm. Əgər varsa, polemikaya hazıram. Hələliksə bildiklərimi yazacam. Hazırda Azərbaycan toyu yoxdur. Bu böyük toy mafiyasının oyunu var. Təzada fikir verin: meyxana, zurna, saz və Mendelson marşı; mimoza salatı və plov; oriental rəqs və "toy gecəsi"nin təmtəraqlı gözləntiləri, milli adət-ənənə və tuluqlara doldurulan tonlarla spirtli içkilər... O qədər təzad saymaq olar ki, Azərbaycan toyundan. Nədir bu - geridəqalmışlıq, ya çox irəli getmək? Bəlkə heç biri. Ortadaqalma qeyri-müəyyən, bəlkə də mücərrəd bir formasiya, sivilizasiya. V.M.Tekkreyin bir aforizmi yadıma düşür. "Hərəkət səpin, vərdiş biçərsiniz, vərdiş səpin, xarakter biçərsiniz, xarakter səpin, onda siz taleyinizi biçərsiniz". Hərəkət, vərdiş, xarakter və tale. Bu da bizim taleyimizdir. Psixoz hərəkətlərin vərdiş halına keçdiyi və bundan formalaşan toy xarakterindən əziyyət çəkən taleyimiz. Çünki toy yad, əcnəbi dəyərlərin geniş kütlə tərəfindən isti qarşılanıb doğmalaşması, öz təfəkkürü səviyyəsində qəbul olunub və tətbiq edilir, ənənəvi olan doğmalıq isə "köhnəlmişdir" adı ilə tərk edilib. Şüur və təfəkkürün bu qədər dayazlaşması, cılızlaşması necə də nifrət ediləsidir! Ola bilsin ki, əsas problem bu kütlənin psixoloyi vəziyyətindən qaynaqlanır. Doğrudan da, toyxana mədəniyyətinin formalaşmasında kütləvi psixozun müstəsna rolu var. Şadlıq evlərində axşam saat 10-dan sonra baş verənləri siz bir anlıq təsəvvürünüzə gətirin. Bu mənzərəni başqa cür qiymətləndirənlər varsa, mən onların həm ağlına, həm də leksikonlarındakı söz ehtiyatına qibtə edirəm. Hər nə isə. Gəlin bir müzakirə edək: niyə toylarımız kütləvi psixoz termininə əyani sübut olacaq qədər deqradasiyaya uğrayıb? Fikrimizcə, bunlardan birincisi, adət-ənənəyə hədsiz bağlılıq, lakin onu müasirləşdirmək bacarıqsızlığı ilə bağlıdır. Daha doğrusu, azərbaycanlılarda mentalitetlə bağlı islahat aparmaq yoxdur. İkincisi, şəxsi maraqlardır. Evin kişisinin hörməti, gəlin köçəçək qızın tələbləri, çoxlu para toplamaq hərisliyi, toy mafiyasının maraqları və s. Üçüncüsü, israfçılıqdır. Həm maddi, həm mənəvi baxımdan. Dördüncüsü, toyun mahiyyətindən kənarlaşmasıdır. İndi bunları bənd-bənd izah etməyə çalışacağıq. Təbii ki, ilk olaraq toy adətlərimizdən danışacağıq. Yəni azərbaycanlıların toy adəti vaxtilə necə olub, nə ediblər, kimlər edib, indi necədir? Buna keçməzdən öncə uşaqlıq xatirəmə hopmuş bəzi məqamları xatırlatmaq istəridm. Anadan olduğum yerlər haqda danışarkən nədənsə kəndimizdə keçirilən toylar daha çox yadıma düşür. Üç gün, üç gecə. Necə maraqla hazırlaşardılar, necə xoş idi, necə mehribanlıq var idi. Toy əsl el bayramına çevrilərdi. Bəlkə də elə bu xoş xatirələrdir ki, indiki toyxana mədəniyyətini qəbul etməyə imkan vermir. Nə isə, keçdi getdi... Uzun araşdırmadan sonra bu qənaətə gəlmişik ki, bizim xalqın mental xüsusiyyətlərinin formalaşmasında toy müstəsna rol oynayıb. Yəni ta qədimdən formalaşan toy adətlərindən doğan rüşvət, yaltaqlıq, yalançı nəzakət, yalançı vəd zaman-zaman fərdlərin beyninə sirayət edib və nəticədə indiki cəmiyyət və formasını dəyişmiş toy mədəniyyəti yaranıb. Bu yazı hazırlanana qədər Azərbaycanın müxtəlif bölgələrinin (Borçalı, Şirvan, Lənkəran, Şəki, Cəbrayıl) toy adətlərini analiz etmişik. Tədqiq etdiyimiz bölgələrdə apardığımız müşahidələr göstərir ki, Azərbaycan toyunun müxtəlif və rəngarəng formalarından bəzən istifadə edilir. Bəzən. Bu adət və ayinlər hər bir bölgənin spesifik xüsusiyyətləri nəzərə alınmaqla demək olar ki, bütün Azərbaycanda eynilik təşkil edib. Vaxtilə toy mərasimi bir neçə mərhələdən keçirmiş: qız bəyənmə və ya qızgörmə, xəbər göndərmə, kiçik elçilik, elçilik, xonça gətirmə, bayramlıq, danışığagəlmə, cehizaparma, fətirüstü, çörəkbişdi, paltarbiçdi, qız şaxı, xınayaxdı, kəbinkəsdirmə, qız toyu, gəlin aparma, oğlan toyu. Bu, toya qədər olan mərhələdir. Yaxşıdır, pisdir, hər halda adətdir. Toydan sonrakı mərhələlər: üzəçıxdı, gəlingördü, ayaqaçdı, qonaqçağırma və nəhayət, nəvəgörmə. İndi gəlin bu mərhələlərə ayrı-ayrılıqda diqqət yetirib, yuxarıda qeyd etdiyimiz neqativliyi bəlli edək. Elsiliyə qədər olan mərhələləri bir tərəfə qoyub keçək ciddi məsələlərə. Deyilənə görə, əslində indi də var, qız evində elçilər üçün süfrəyə çay gətirərdilər. Lakin elçilər çaya əl vurmazdılar. Bu zaman ailənin başçısı təklif edərdi ki, çayınızı için, söhbət edəcəyik, baş tutarsa, razılaşacağıq. Diqqət yetirin, sanki bazarlıqdır, oğlan evi ya qoyun alır, ya da hansısa torpaq sahəsi. Çayı da minnətlə içirlər. Qız evindən razılıq - "hə" alındıqdan sonra şirin çay gətirilər, yemək süfrəsi açılardı. Oğlan adamlarının (3-5 nəfər) qız evindəki danışıqları iki gəncin ailə qayğılarından daha çox, sövdələşməyə oxşayır. Ən geniş mübahisə qız üçün veriləcək başlığın tərkibi və miqdarı ətrafında cərəyan edirdi. Başlığın miqdarı qız evinin iqtisadi və sosial vəziyyətindən, qızın əxlaq və gözəlliyindən, sağlamlığından, ev işlərini necə görməsindən, gəbə, kilim, palaz toxumağı bacarıb-bacarmamasından, inək, bir sıra kəndlərdə isə camış sağmaq, habelə süddən müxtəlif məmulat hazırlamaq qabiliyyətindən asılı olub. Natural kəndli təsərrüfatının hakim mövqe tutduğu dövrlərdə başlıq natura ilə, iribuynuzlu mal-qara, qoyun, dəvə, at, gəbə, kilim, yun və s. ilə, kapitalist münasibətlərinin kənd şəraitinə daxil olmasından sonra isə pulla ödənilirdi. Qeyd etmək lazımdır ki, başlığın pul ilə ödənilməsi əsasən aran zonaya aiddir və bu, əsrimizin 50-ci illərindən başlayaraq bərqərar olub. Nəqd puldan əlavə qız sahibləri, həmçinin bahalı bəzək şeyləri-üzük, bilərzik, boyunbağı, qızıl və gümüş, toy paltarı tikmək üçün ipək parçalar, bir cüt ayaqqabı, iri ölçülü güzkü və s. tələb edirmişlər. Hər iki tərəfin səyi nəticəsində başlıq barəsində razılığa gəldikdən sonra toy xərcini danışmağa başlayırdılar. Qızın atası toya çağıracağı adamların sayı və onları yedizdirmək, şənləndirmək üçün lazım olan ərzaq məhsullarının kəmiyyəti barəsində öz mülahizəsini irəli sürürdü. Elçilikdən sonra "üzüktaxma" mərhələsi başlayırdı. "Üzüktaxma" adətinə görə, oğlan evindən qız evinə qoyun, düyü, yağ, un və s. göndərilər və bu ərzaq məhsullarından yemək hazırlanıb qonaqlara verilərdi. Oğlan evinin xərcləri başlayıb. Laçın, Qubadlı, Zəngilan və Kəlbəcərdə də "üzüktaxma"da oğlan evindən qız evinə ərzaq və şirniyyat göndərilirdi. Burada adətən şirniyyatı məcməyiyə yığır və üzərini qırmızı ipək parça və ya qırmızı "şamaxı" ilə örtürdülər. Bu "xonça" adlanırdı. Burada da eynilə olduğu kimi, oğlanın yaxın qohumları xonça düzəldir və nişan məclisinə aparırdılar. "Üzüktaxma"dan sonra qız və oğlan "nişanlı", "deyikli" hesab olunurdular. Adətə görə, nişanlılar toya qədər görüşməməli idilər. Nişanlı qız oğlan evinin icazəsi olmadan heç bir yerə gedə bilməzdi. Yəni mal bizimdir, özümüz bilərik, hara istəsək aparar, hara istəsək getməyə qoymarıq. Gender balansı, feminizm qanunları işləmir. Azərbaycanın əksər bölgələrində çox nadir hallarda "üzüktaxma"dan sonra nişan aparılırdı. "Üzüktaxma" elə nişan hesab olunurdu. Amma bəzi bölgələrdə həngamə nişan mərasimi keçirilir. Beləliklə, böyük nişan. Bəlgədən bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdır alıb gətirirlər. Təkcə ayaqqabıdan başqa. Deyirlər ki, ayaqqabı darlıqdır. Nişanda bütün xərci çox vaxt oğlan evi göndərir. Ət, yağ, un, düyü, göyərti, bir sözlə, soğandan başqa hər şey. Oğlan evi nişanı, qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirirlər. Hamı yeyib-içib, şənlənəndən sonra süfrə yığışır. Qızı oturdurlar yuxarı başda. Qabağına güzgü qoyurlar, şam yandırırlar. Xonçalarıda düzürlər dövrəsinə. Bundan sonra oğlan yengəsi (adətən, qardaşı arvadı) və qızın yengəsi xonçanın üstünə nəmər atır. Bundan sonra oğlanın bacısı başlayır gətirilən şeyləri nümayiş etdirməyə. Başlıq parası. Oğlan evi toya başlamamışdan bir neçə gün öncə qız evinə ətlik heyvan, un, çay-şəkər, düyü, və sair imkanına görə toy xərci göndərərdi. Ən önəmlisi isə bəzi yerlərdə "Yol pulu" bəzilərində "Başlıq parası" deyilən haqq-hesab məsələsidir. Bu pulu bəyin qohumlarından toy üçün seçilmiş oğlan vəkili, qız vəkilinə qırmızı yaylığa bükülmüş formada verərdi. Bu da bir xərc.
(ardı var)
|