|
Dünən Tiflisdə fəaliyyət göstərən "Gürcüstan azərbaycanlıları arasında gürcü dilini yayan cəmiyyət" adlı QHT-nin nəzdində tərcümə şöbəsi yaradılıb. Bu barədə APA-ya təşkilatın sədri, pedaqoyi elmlər doktoru, professor Alı Musayev bildirib. Onun sözlərinə görə, tərcümə şöbəsinin yaradılmasında əsas məqsəd gürcü dilində olan dərslikləri Azərbaycan dilinə tərcümə etməklə bərabər, eyni zamanda klassik və müasir Azərbaycan və gürcü ədəbiyyatı nümunələrini oriyinaldan hər iki dilə tərcümə edərək təbliğ etməkdir: "İndiyədək tərcümə olunan dərsliklərdə çoxlu tərcümə qüsurları var.
Məqsədimiz odur ki, saf Azərbaycan dilini özündə əks etdirən dərslikləri, həm də poeziya və nəsr nümunələrini təcrübəli tərcüməçilərin, Gürcüstanda yazıb-yaradan şair və yazıçıların, yurnalistlərin köməyi ilə hər iki dilə tərcümə edək. Tərcümə şöbəsi eyni zamanda rəsmi sənədləri, müxtəlif məna kəsb edən terminləri Azərbaycan dilinə tərcümə etməyi də nəzərdə tutub." Tədbirdə gürcü və Azərbaycan dilinə əsərləri peşəkarcasına tərcümə etməyi bacaran Nəsib Nəsibov, Zezva Medulaşvili, Emin Mahmudov, Yanna Asanidze və başqaları tərcümə şöbəsinin yaradılmasına öz münasibətlərini bildirib və səmərəli təkliflərini söyləyiblər.
|