|
Bakının orta məktəblərində SMS-gündəlik layihəsi tətbiq olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, əvvəl layihəyə beş pilot məktəb qoşulacaq. Artıq pilot layihəyə qoşulan təhsil müəssisələri də müəyyənləşib. Həmin məktəblər Bağça-Məktəb-Lisey Kompleksi, 5, 62, 204 və 239 nömrəli məktəblərdir. Məktəblərin seçilməsində təhsil müəssisəsində Valideyn-Müəllim Assosiasiyasının (VMA) fəaliyyət göstərməsi də nəzərdə tutulan amil olub. Layihəyə əsasən, şagirdlərin qiymətləri gündəlik olaraq sms vasitəsilə valideynlərinə çatdırılacaq. Lakin bu, məcburi deyil. Valideynlər könüllü olaraq qarşılıqlı müqavilə əsasında layihəyə qoşula biləcəklər. İlkin məlumata görə, xidmət üçün aylıq ödəniş haqqı 5 manat məbləğindədir.
|