|
İran-Azərbaycan sərhəd keçid məntəqələrində İrana səfər etmək istəyən Azərbaycan vətəndaşlarına sağlamlıq haqqında arayışlar verilməsi məsələsi müzakirə olunur. APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi deyib. Fevralın 1-dən İrana səfər edən Azərbaycan vətəndaşlarına vizasız reyim tətbiq edildiyini deyən nazir müavini bununla bağlı sərhəd keçid məntəqələrində müəyyən problemlərin yarandığını deyib. H.Qaşqavi xatırladıb ki, İrana getmək istəyən Azərbaycan vətəndaşları Bakı, Gəncə və Lənkəran şəhərlərində sağlamlıq haqqında arayış ala bilirlər. Nazir müavini bu tibb mərkəzlərinin sayının artırılması üçün Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən də səylər göstəriləcəyinə ümid etdiyini deyib. H.Qaşqavi Naxçıvan Muxtar Respublikası sakinlərinin artıq iki ildir ki, İrana vizasız, sağlamlıq haqqında arayışlar almaqla getdiklərini də qeyd edib.
|