|
Ali təhsil məktəblərinin tələbələrinə 2008-2009-cu tədris ilinin II semestrinin nəticələrinə görə Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdləri təqdim olunub. "APA-Economics"in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən, təqaüdə layiq görülmüş 100 tələbəyə, o cümlədən Azərbaycan Dövlət Neft Akademiyasının 79, Bakı Dövlət Universitetinin 8, Qafqaz Universitetinin 6, Azərbaycan Dövlət İqtisad Universitetinin 4, Moskva Dövlət Universitetinin Bakı filialının 2 və Azərbaycan Texniki Universitetinin 1 tələbəsinə ARDNŞ-nin təqaüdlərini (plastik kartları) təqdim edib. R.Abdullayev qeyd edib ki, müsabiqədə əvvəllər olduğu kimi, təkcə ADNA tələbələri deyil, ARDNŞ-nin elan etdiyi ixtisaslar üzrə təhsil alan bütün ali məktəb tələbələri müstəqil şəkildə iştirak edə bilirlər. Artıq iki ildir şirkətin aylıq təqaüdünün məbləği 40 manatdan 70 manata qaldırılıb və təqaüdlərin fərdi plastik kartlar vasitəsilə ödənilməsinə başlanıb.
ARDNŞ prezidenti vurğulayıb ki, 2008-2009-cu tədris ilinin II semestri üzrə Azərbaycanın 12 ali məktəbindən ARDNŞ-nin Təqaüd Proqramına iddialı 800 nəfərdən artıq tələbə müsabiqəyə müraciət edib. Onlardan 100-ü şirkətin təqaüdünə layiq görülüb. Bu tələbələrdən 56 nəfəri ilk dəfədir ki, ARDNŞ təqaüdçüsü seçilib. Bakalavr pilləsindən olan təqaüdçülərin 57%-nin ali məktəbə qəbul balı 600-dən yuxarı, 38%-nin 400-600 bal arası, 5%-nin isə 400 baldan aşağı olub. ARDNŞ-nin təqaüd müsabiqəsinə müraciət edənlərin sayının çoxluğu nəzərə alınaraq, müsabiqə iki turda həyata keçirilib. Birinci turda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən namizədlərin məntiqi təfəkkür qabiliyyəti test imtahanı vasitəsilə yoxlanılıb. Bu turu 181 tələbə keçərək II turda ARDNŞ-nin Müsabiqə Komissiyası tərəfindən müsahibə olunub. Tədbirdə iştirak edən təhsil nazirinin müavini Elmar Qasımov bu cür təqaüdlərin tələbələrin təhsilə marağını artırdığın və onlara maddi baxımdan kömək olduğunu qeyd edib.
|