|
İtaliya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olmaq istəyir. Bu barədə Milli Məclisin dünən keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verdi. O qeyd etdi ki, bu təkliflər Azərbaycan parlamentinin nümayəndə heyətinin İtaliyaya səfəri zamanı səsləndirilib. Keçirilən görüşlərdə azərbaycanlı deputatlar regiondakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların gedişi barədə məlumat veriblər. Öz növbəsində italiyalı parlamentarilər qeyd ediblər ki, ölkələri Minsk qrupunun üzvü kimi danışıqlar prosesinin intensivləşdirilməsində maraqlıdır.
Onlar danışıqların daha da irəli aparılması üçün Minsk qrupunun həmsədri olmağa da hazır olduqlarını bildiriblər. Q.Həsənquliyev dedi ki, hazırda Minsk qrupunun həmsədri olan dövlətlərin ermənipərəst mövqedən çıxış etdikləri nəzərə alınarsa, İtaliyanın bu təklifi müsbət qiymətləndirilməlidir. Çünki İtaliya regionda baş verən proseslərə bitərəf mövqedən yanaşır. Bundan əlavə, Azərbaycan-İtaliya əlaqələrinin inkişafı üçün geniş perspektivlər var. "İtaliyada bizə bildirdilər ki, bu məsələ ilə bağlı mövqelərini Azərbaycan hökumətinə çatdıraq" - deyə millət vəkili vurğuladı.
İlham QULİYEV
|