Deputatlar Qazaxıstanla vizasız gediş-gəlişi nəzərdə tutan sazişi ratifikasiya etdilər
Dünən Milli Məclisin yaz sessiyası işə başladı. Sessiyanı açıq elan edən spiker Oqtay Əsədov qeyd etdi ki, parlamentin payız sessiyası çox məhsuldar keçib. Sessiya çərçivəsində deputatlar 80-nə yaxın qanun və qərar qəbul ediblər. Millət vəkilləri sessiya çərçivəsində 21 ölkəyə 40 dəfə səfər ediblər. Eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların 15 nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Millət vəkilləri Özbəkistanda keçirilən parlament seçkilərini və Ukraynadakı prezident seçkilərini müşahidə ediblər.
O.Əsədov dedi ki, Milli Məclisin yaz sessiyasının iş planı da kifayət qədər gərgindir. Hazırlanmış iş planına 22 məsələ daxil edilib. Sessiya çərçivəsində Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı, 2009-cu ilin büdcəsinin icra vəziyyəti, Hesablama Palatasının və bələdiyyələrin işinə inzibati nəzarəti həyata keçirən orqanın hesabatları dinləniləcək.
İclasda çıxış edən bitərəf millət vəkili Cəmil Həsənli parlamentin yaz sessiyasında "Neft haqqında" qanunun qəbul olunmasını təklif etdi. Onun sözlərinə görə, bir neçə ildir bu barədə məsələ qaldırılsa da, müvafiq layihə hazırlanmır. Millət vəkili dedi ki, ölkənin ən kiçik sərvətləri ilə bağlı qanunlar qəbul olunduğu halda Azərbaycanın ən böyük neməti olan neftlə bağlı qanun yoxdur. Buna görə də ölkədə neftdən istifadənin hüquqi bazası yaradılmalıdır.
Millət vəkili Bakıda yeni tikilmiş binalarda yaşayanların problemlərinə də toxundu. Onun sözlərinə görə, hazırda paytaxtda 146 yeni tikilmiş bina var ki, həmin binalarda insanlar məskunlaşıblar. Amma buna baxmayaraq, həmin yeni tikililərə təbii qaz verilmir. Müvafiq strukturlar bunu həmin binaların təhvil verilməməsi və bəzi çatışmazlıqların olması ilə əlaqələndiriblər. "Nə problem varsa, həll olunmalı və həmin binalarda yaşayan vətəndaşlar qazla təmin olunmalıdırlar" - deyə millət vəkili vurğuladı.
İşğal olunmuş ərazilərlə bağlı qanun
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı parlamentin işğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməsini təklif etdi. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş əraziləri təkcə Dağlıq Qarabağ və ətraf rayonlarla kifayətlənmir. Ermənilər Dağlıq Qarabağdan kənarda yerləşən Qazax rayonunun, Naxçıvan Muxtar Respublikasının bəzi kəndlərini də işğal altında saxlayırlar. M.Qurbanlının fikrincə, işğal olunmuş ərazilərlə bağlı qanunun qəbul olunması siyasi, hüquqi və təbliğatı baxımından Azərbaycanın xeyrinə olacaq. Bu qanun işğal olunmuş ərazilərdə fəaliyyət göstərən dövlətlərin və xarici şirkətlərin üzləşəcəkləri sanksiyaları da müəyyənləşdirməlidir. Millət vəkili dedi ki, bu cür qanunu əraziləri işğal olunmuş əksər dövlətlər qəbul ediblər. Milli Məclis də ekspertlər və mütəxəssisləri cəlb etməklə müvafiq qanun layihəsi hazırlamalıdır.
Əhalinin işığa və suya görə yaranmış borclarının silinməsi təklif edildi
Müsavat deputat qrupunu təmsil edən millət vəkili Pənah Hüseyn ölkə prezidentinin əhalinin təbii qaza görə yaranmış borclarının silinməsi ilə bağlı addımını alqışladı. O qeyd etdi ki, yaxın gələcəkdə əhalinin işığa və suya görə yaranmış borcları da silinməlidir. Millət vəkilinin sözlərinə görə, bu addım heç olmasa sayğaclar quraşdırılana qədər olan dövrdəki borclara şamil edilməlidir.
P.Hüseyn dedi ki, Müsavat deputat qrupu il ərzində qızıl amnistiyanın tətbiq olunması ilə bağlı təkliflə çıxış etmək niyyətindədir.
Qüdrət Həsənquliyev - Elmira Axundova qarşıdurması
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə bu təklifin əleyhinə çıxdı. O qeyd etdi ki, tez-tez əfv fərmanlarının imzalanması, amnistiya aktlarının verilməsi cinayətkarlıqla mübarizəyə mənfi təsir göstərir. Bununla eyni zamanda, ədalət prinsipləri də pozulur. Millət vəkili dedi ki, əslində, amnistiya aktları 5-10 ildən bir qəbul olunmalı, əfv fərmanları ilə indiki kimi onlarla məhbus deyil, 1-2 nəfər əfv olunmalıdır.
Bitərəf millət vəkili Elmira Axundova həmkarı ilə razılaşmadı. O qeyd etdi ki, 1995-ci ildə fəaliyyətə başlayan Prezident yanında Əfv Komissiyası çox səmərəli işləyir. Komissiya əfv üçün müraciət etmiş şəxslərin müraciətlərini ciddi şəkildə araşdırır. "Əfv fərmanları ilə hər istəyən şəxs azadlığa buraxılmır. Biz yalnız etdiyi hərəkətlərdən peşman olanları, əlilləri, cəza müddətinin böyük bir hissəsini çəkənləri əfv üçün təqdim edirik" - deyə millət vəkili vurğuladı. O qeyd etdi ki, prezident fərmanı ilə əfv olunan məhbusların böyük əksəriyyətinin təkrarən cinayət törətməməsi də qərarlarımızın düzgünlüyünü sübut edir. Belə ki, son illər əfv fərmanı ilə azadlığa çıxan 8000-dək məhbusdan çox az bir qismi təkrar cinayət törədib. "Əfv böyük humanistlik nümunəsidir. Cəmiyyət də Əfv Komissiyasının işindən razıdır" - deyə millət vəkili vurğuladı.
Yenidən çıxış üçün söz alan Q.Həsənquliyev həmkarı E.Axundovanın parlamentdə oturmağa layiq olmadığını dedi. O bildirdi ki, bir neçə il əvvəl qardaşı Nadir Həsənquliyev qətlə yetirilib və onun üç övladı, həyat yoldaşı başsız qalıblar: "Mənim qardaşımı sifarişlə qətlə yetiriblər. Lakin Elmira Axundova Əfv Komissiyasının hər iclasında məsələ qaldırır ki, qardaşımı qətlə yetirən killer azadlığa buraxılmalıdır. Bu iş onun başına gələrsə, nə edərdi? Axı o da anadır. Mən bilirəm ki, Elmira xanım nəyin müqabilində bunu edir. Mən bilirəm ona sifarişi kim verib. Bu adam nə Əfv Komissiyasının üzvü olmağa, nə də Milli Məclisdə oturmağa layiqdir".
Məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov millət vəkillərini bir-birlərinə hörmətlə yanaşmağa dəvət etdi: "Gərək bunu ikilikdə danışaydınız. Kimin deputat olub-olmadığını biz yox, seçicilər həll edir".
Spiker deputatlardan şikayətləndi
Spiker parlamentin bir qrup deputatından da şikayətləndi. Onun sözlərinə görə, bəzi millət vəkilləri parlamenti işləməməkdə, fəaliyyətsizlikdə, səlahiyyətsizlikdə ittiham edirlər. Bunun səbəbsiz olmadığını və müəyyən kökləri olduğunu bildirən spiker dedi ki, həmin deputatlar bu mövqelərindən əl çəkməlidirlər. "Bunun səbəbləri olsa da, mən burada bunları araşdırmaq istəmirəm" - deyə spiker vurğuladı. O, medianı da daha çox parlamentdə populist çıxışlar edən deputatlara yer verməkdə qınadı.
Sonra millət vəkilləri gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. Əvvəlcə parlamentin yaz sessiyası üçün iş planı müzakirə və qəbul edildi.
İclasda Azərbaycan və Qazaxıstan hökumətləri arasında 2009-cu il oktyabrın 2-də Bakıda imzalanan vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında saziş də təsdiqləndi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, bu, vacib sazişdir: "Azərbaycan və Qazaxıstan prezidentləri arasında keçirilən görüşlər iki ölkənin xalqlarını da bir-birinə yaxınlaşdırıb. Azərbaycan və Qazaxıstan öz aralarında Avropaya və dünyaya nümunə olacaq çox yüksək səviyyədə münasibətlər qurublar. Bu da imkan verir ki, iki ölkənin vətəndaşları heç bir problem olmadan qarşılıqlı səfərlər etsinlər".
Sazişə əsasən, bir dövlətin vətəndaşı daimi yaşayış yerindən asılı olmayaraq, digər tərəfin dövlət ərazisinə vizasız qaydada onların şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədlər əsasında daxil olmaq, çıxmaq, tranzitlə keçmək, hərəkət etmək və gəlmək hüququna malikdir.
Milli Məclis iki ölkə arasında baytarlıq sahəsində əməkdaşlıq sazişini də təsdiqlədi.
İclasda parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil edildi. Spiker Oqtay Əsədov bildirdi ki, parlamentin daxili nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq İntizam komissiyasının tərkibi 8 nəfərdən ibarət olmaqla yenidən təşkil olunur.
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn dedi ki, intizam komissiyasında müxalifəti təmsil edən deputat yoxdur. Ona görə də o təklif etdi ki, Müsavat deputat qrupunun üzvü İkram İsrafil də komissiyaya üzv seçilsin.
O.Əsədov bu məsələdə problem olmadığını vurğuladı.
Deputatlar Ağacan Abıyev, Gülər Əhmədova, Fəttah Heydərov, Rüstəm Xəlilov, Musa Quliyev, Səttar Mehbalıyev, Fazil Mustafa və İkram İsrafil İntizam komissiyasının üzvləri seçildilər.
Hesablayıcı komissiyanın 7 nəfərlik üzvü də yenidən seçildi. Deputatlardan İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Məlahət İbrahimqızı, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin komissiyanın üzvləri oldular.
Deputatlar İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik etdilər. Dəyişikliyə görə, qanunun tələblərini pozmuş teleradio yayımçıları ona tətbiq edilən müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində yayımlamasa, məsuliyyət daşıyacaq. Qanunun tələblərini pozan vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər isə min manatdan iki min manatadək cərimə edilə bilərlər.
İlham QULİYEV