|
1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Bu artım ölkə başçısının "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram"ın təsdiq edilməsi haqqında sərəncamı çərçivəsində həyata keçirilib. Bu barədə qəzetimizə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Qurumdan qeyd edilib ki, adıçəkilən proqramda fonda 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi üçün təkliflərin verilməsi tapşırılıb. Bu tapşırığa uyğun olaraq, hazırlanan təkliflər "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər və əlavələr sırasında yer alıb. Ölkə başçısı tərəfindən təsdiqlənən dəyişikliklər və əlavələr 2010-cu ilin 1 yanvarından qüvvəyə minib.
Qurumdan vurğulanıb ki, artıq Dövlət Sosial Müdafiə Fondu tərəfindən artımın şamil olunduğu şəxslərə çatdırılması yanvar ayı üzrə həyata keçirilib. Bu artımın maliyyələşməsi üçün müvafiq vəsaitlər fondun büdcəsində öz əksini tapıb.
HƏQİQƏT
|