|
Məhkəmə qarşısında 5 hərbçi cavab verir
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mehdixan Abdullayevin sədrliyi ilə əsgərlərdən pul tələb etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - kiçik çavuş Azər Şamilov və David Hacıyev, əsgərlər Umuxan Allahverdiyev, Pərvin Höccətov və Radik Qüdrətov cavab verir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.2.2-ci (hədə-qorxu ilə təkrar tələb etmə), 182.2.3-cü (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 331.3-cü (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi), 332.2.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrar pozma), 332.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən nizamnamə qaydalarını pozma) və 341.1-ci (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi) maddələri ilə ittiham olunur. İttihama görə, təqsirləndirilən şəxslər hərbi xidmət dövründə tabeçiliklərində olan əsgərlərdən pul və danışıq kartları tələb ediblər. İş üzrə məhkəmə prosesi davam etdirilir.
|