Nailə Əziz: "Başlıca məqsədim Azərbaycan musiqisini və mədəniyyətini təbliğ etməkdir"
Nailə Əziz həm klassik, həm də folklor yanrlarında ifa etmək texnikasına sərbəst malik olan müğənni kimi tanınır. Bir bəstəkar və ifaçı kimi o, Moskvada, Tbilisidə, Yerevanda, Vitebskdə keçirilən bir çox müsabiqə və festivalda, İstanbulda keçirilən "Türkiyədə Azərbaycan günləri"ndə iştirak edib. "Bakı payızı" 1985-ci il müsabiqəsinin diplomantı, Moskva televiziyasında "Tovariş pesnya" verilişinin laureatıdır. O, həmçinin tamaşaçıların yaddaşında 1987-ci ildə ekranlara çıxan bəstəkar Vaqif Gərayzadənin "Bayatılar" mahnısına çəkilən videoklipdə Alim Qasımovla duet oxuyan müğənni kimi qalıb. Nailə xanım 1995-ci ildə Azərbaycana həsr edilmiş ən yaxşı mahnıya görə bəstəkarların müsabiqəsində III yerə layiq görülüb.
Bu günlərdə vətəndə qonaq olan Nailə xanım Amerikadakı fəaliyyəti və planları barədə "Kaspi"nin müxbirinə danışıb:
- Hər iki ildən bir Azərbaycana gəlirəm. Anam, bacılarim, qohumlarım və dostlarım burada yaşayır. Həm də öz vətənimi çox sevirəm. Ona görə də gəlməyə bilmərəm. 12 ildir ki, Nyu-Yorkda yaşayıram və musiqi fəaliyyətimi davam etdirərək "Anakrusis", "Danzas Espanyolas", "Melodiya " kimi müxtəlif musiqi qrupları və ansamblları ilə çıxış edirəm. Çox istərdim ki, Amerikanın ürəyi sayılan Nyu-Yorkda Azərbaycanın böyük Mədəniyyət Mərkəzi yaransın.
- Siz Amerikaya gedəndən dərhal sonra özünüzə iş tapdınız, yoxsa konkret iş təklifi vardı?
- Başqa ölkəyə köçən insan öz həyatını elə bil ki sıfırdan başlayır, yeni munasibətləri qurur, yeni işə başlayır. Çünki o ölkədə onu heç kim tanımır. Əvvəlcə ölkənin dilini öyrənmək lazımdır, çünki bu, yaşamaq üçün ən vacib amildir. Mən məktəb vaxtımdan rəsm çəkə bilirdim və sonradan dizaynla da məşğul olmuşdum. Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya fakültəsində oxuyanda rəsm çəkməyi davam etdirirdim, hətta konsertlər üçün səhnə paltarlarını özüm tikirdim. Bütün bunları dostlarım bilirdi və məni "Danzas Espanyolas" musiqi qrupu ilə tanış etdilər. Bu, teatrlaşdırılmış ispan rəqsi qrupu idi. Onlar o vaxt proqram hazırlamışdılar və kostyumlar üçün dizayner axtarırdılar. Onlara səhnə kostyumlarının dizaynını hazırladım və çox xoşlarına gəldi. Tikiş işlərinə başlayanda onlarla daha yaxından tanış oldum və onlar bildilər ki, mən musiqiçiyəm. Qrupun rəhbərliyi bu barədə biləndə məni kampaniyaya dəvət etdi. Çünki mən həm də Asəf Zeynallı adına Musiqi Məktəbinin musiqi nəzəriyyəsi şöbəsini bitirmişdim. Caz, klassik, folklor yanrlarında oxuya bildiyim üçün onlar mənə ispan mahnıları oxumağı təklif etdilər.
- Siz ispan mahnılarını oxumağı necə bacardınız?
- Hamı bilir ki, klassik stildə oxuyan müğənnilər digər dillərdə də oxumağa qadirdirlər. Ona görə də ispan dilində oxumaq çətin deyildi. İspan rəqsi Flamenko müğənninin müşayiəti ilə ifa olunur. Onlar mahnının sözlərini mənə tərcümə edirdilər və mahnıları nə haqda oxuduğumu bilirdim və həmçinin bəzi mahnıların aranyimanını edirdim.
- Bu onların xoşuna gəlirdi?
- Əlbəttə, çünki bizim əməkdaşlığımız bu günə qədər də davam edir. "Danzas Espanyolas" qrupunun direktoru Barbara Romero bu haqda müsahibəsində demişdi ki, "Nailə kampaniyamızın ayrılmaz bir hissəsidir, o, çox istedadlıdır, təkbaşına dörd-beş müğənnini əvəz edə bilir. Qeyd etmək istəyirəm ki, o, hətta Flamenko müğənnilərinə çox kömək edir. Bu musiqi ilə böyümüş adamlar onu ifa edə bilirlər, lakin bunu düz etmirlər. Nailə onlara Flamenkonun texnikasını başa sala bildi və onlar düzgün oxuya bildilər. Bunun hesabına səs telləri və paliplə bağlı problemləri həll etdilər. Onlar Nailənin sayəsində səslərini itirmədilər. O, eləcə də bizim rəqqaslarla işləyir, bizə oxumağı öyrədir ki, səhnədə bizim ispan repertuarımıza daxil olan qrupada hamı birlikdə çıxış edə bilsin".
Mən başqa konsertlərdə çıxış edəndə proqrama Azərbaycan mahnıları da daxil edirdim. Biz Cənub Şərqi Asiyada baş verən sunamidə həlak olanların ailəsinə yardım üçün xeyriyyə konserti verdik. Mən həmin konsertdə də belə bir proqramla çıxış etdim.
- Azərbaycan mahnılarını necə qarşıladılar?
- Çox gözəl... Musiqimiz amerikalıların o qədər xoşuna gəlir ki, onlar heyrətlə "Nə gözəl musiqiniz var" deyirlər. Onların çoxu Azərbaycanı tanımır. Ancaq musiqimizi eşidəndən sonra internet vasitəsi ilə ölkəmizlə maraqlanmağa başlayırlar. Mən, həmçinin tələbələrlə vokal dərsləri keçməyi başladım. Tələbələrim Almaniya, Kolumbiya, Braziliya, İspaniya, İsrail, Hindistan, Çexiya və s. ölkələrdən olan professional müğənnilərdir. Mən eyni zamanda, bir çox elmi nailiyyət və təcrübə əsasında səs tellərində problemləri olan müğənnilərə dərs vermək sistemini yaratmışam. Bununla bağlı çoxlu kitab mütaliə etmişəm. Müğənnilərin səs tellərində problem olanda adətən bunu cərrahi əməliyyatla aradan qaldırmağa çalışırlar. Müxtəlif çalışmalarla, oxumalarla, səsin düzgün qurulması yolu ilə səsdə olan problemlər aradan qalxır. Bu sistemlə bağlı məni Nyu-York televiziyasının "Nyu-yorkçular" verilişinə dəvət etdilər. Mən həmin proqramda sistemin mahiyyəti ilə bağlı ətraflı çıxış etdim.
- Bəs solo ifaçılığınız hansı səviyyədədir?
- Mən "Anakrusis" kamera ansamblı ilə XII əsrin klassik repertuarı ilə, "Danzas Espanyolas"la birlikdə Nyu-Yorkun Karnegi Xoll, Mörkin konsert Xoll, Linkoln mərkəzi, Dikapo-opera teatrı, Donell kitabxana mərkəzi, Vaşinqton svker metodist Çerç, Sant Piters Çörç, Bruklin Laysium, Müzik for Montak və s. müxtəlif konsert zallarında çıxış etmişəm.
- Siz, həmçinin Nyu-Yorkun qadın xoru ilə oxumusunuz.
- Mən öz musiqimizi daha geniş mənada harada və necə təbliğ edə biləcəyimi düşünürdim. Studiyada Azərbaycan və digər mahnılardan ibarət olan diski yazdım və onu tanıyıb bildiyim hər kəsə bağışlayırdım ki, musiqimiz təbliğ olunsun. Günlərin birində "Melodiya" qadın xorunun dinləmə ilə bağlı elanını oxudum. Fikirləşdim ki, həmin xorda oxuya bilsəm, musiqimizi daha çox adam tanıya bilər. Buna görə də həmin xora daxil oldum və diski onların hər birinə payladım. "Melodiya" qadın xoru qadın səsləri üçün olan əsərləri ifa etməyə yaradıcı surətdə uyğun gələn 32 peşəkar qadın müğənnidən ibarətdir. XII əsrdən XXI əsrədək qadın qrupları tərəfindən ifa edilən əsərləri təqdim edən Sintiya Pauelin diriyorluğu ilə çalışan "Melodiya"ın repertuarı az-az ifa edilən klassik və yeni işlər də daxil olmaqla "contemporary" əsərlərin birləşməsidir. Musiqimizi eşidəndən sonra direktor: "Növbəti konsertdə mütləq Azərbaycan mahnısı olmalıdır" - deyə təklif etdi. Mən Tofiq Quliyevin "Sənə də qalmaz" lirik mahnısını onlara təqdim etdim və onlar bu mahnıya sözün həqiqi mənasında heyran oldular. Xor üçün aranyiman yazmağımı xahiş etdilər. Xorun kollektivi 5 may 2007-ci il tarixdə Müqəddəs Pyotr kilsəsində "Shout Sister, Shout" adı altında keçirilən konsertdə Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını ifa etdi. Bu mahnını xor üçün tərtib etdim, həmçinin solo partiyasını ifa etdim. Bu mahnı ABŞ-da ingilisdilli qadın xorunun ifasında ilk dəfə olaraq Azərbaycan dilində səslənirdi. Məşqlər zamanı xorun üzvləri ilə sözlərin tələffüzü üzərində işləyirdik. Onlar çox çalışqandır və bu mahnını ürəkdən oxuyurdular. Daha sonra xorun diriyoru Sintiya Pauel may ayında olacaq növbəti konsertdə də Azərbaycan mahnısının səslənməsi ilə bağlı mənə müraciət etdi. Ona internetlə üç Azərbaycan mahnısı göndərdim ki, birini konsert üçün seçsin. Mən çox sevindim, çünki mahnılar onların o qədər xoşlarına gəldi ki, "olarmı, mahnıların üçünü də oxuyaq" - dedilər.
Bizim musiqimiz o qədər gözəldir ki, eşidənlərə əsl möcüzə təsiri bağışlayır. Diriyor Sintiya Pauel musabiqədə demişdir ki: "Biz "Melodiya" qadın xoru və Nailənin ifasında Azərbaycan musiqilərindən ibarət kompakt-disk hazırlamaq istəyirik. Çox ümid edirik ki, "Melodiya" qadın xoru bir gün Azərbaycana gələ və Bakının konsert zalında Azərbaycan bəstəkarlarının gözəl musiqilərini ifa edə biləcək. Bu bizim arzumuzdur və ümid edirik ki, o, bir gün reallaşacaq".
Qeyd edim ki, həmin diskdə "Sarı gəlin" mahnısı da olacaq. Bu, çox vaxt və vəsait tələb edən böyük bir layihədir.
- Bizim Amerikada diasporumuz fəaliyyət göstərir. Eyni zamanda, orada çoxlu azərbaycanlı yaşayır. Onlarla əlaqə yarada bilmisinizmi?
- Hər il Azərbaycan diasporu Novruz bayramı keçirəndə mən də orada iştirak edirəm. ABŞ-da öz üzərimə düşən bir vəzifə kimi musiqimizin təbliği ilə məşğulam. Vətəndən uzaqda yaşayaraq, mənim başlıca məqsədim Azərbaycan musiqisini və mədəniyyətini təbliğ etməkdir. İstəyirəm ki, musiqimizi biləndən sonra amerikalılar özləri də oxusunlar.
Hazırda "Şərq üslubunda oxumaq texnikası" adlı dərs vəsaiti üzərində işləyirəm. Bu vəsaitə Azərbaycan xalq mahnıları daxil ediləcək. Dərs vəsaitinin tərkibinə Şərq texnikası, Azərbaycan mahnıları və karaokedən ibarət iki disk daxil olacaq.
- Sizin üçün Amerkada yaşamağın hansı çətinlikləri var?
- Hərdən orada darıxıram və nostalyi hisslər keçirirəm. Vətəndən uzaq qalanda onun dəyərini anlayırsan. Mənə elə gəlir ki, bizim xalq kimi istedadlı, istiqanlı, qonaqpərvər insanlar dünyanın heç bir yerində yoxdur. Məndən soruşanda ki, əgər darıxırsansa, niyə qayıtmırsan, cavab verirəm ki, mən orada Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etmək və amerikalılara Vətənimi tanıtdırmaq üçün daha çox iş görə bilərəm. Bu işə bütün var gücümü sərf edəcəyəm.
- Nə vaxtsa qayıdıb gəlmək fikriniz varmı?
- Bunu yalnız Allah bilər... Azərbaycana gəlişimə çox sevindim. Bakı çox gözəlləşib. Həm də sevinirəm ki, bu gün dövlətimiz muğama, mədəniyyətə və incəsənətimizə yüksək qiymət verir. Bütün bunlar məni çox sevindirir.
Təranə MƏHƏRRƏMOVA