Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib. APA-nın "Azərtac" Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyevin İsveçrə prezidenti, xanım Doris Loyhardla görüşü olub. Xanım Doris Loyhard Azərbaycan prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfərini xatırladıb və bu səfərin uğurlu olduğunu qeyd edib. İsveçrə prezidenti ölkələrimiz arasında iqtisadi sahədə, eləcə də energetika sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirib. Prezident İlham Əliyev İsveçrə ilə əlaqələrin müxtəlif sahələrdə, həmçinin iqtisadi sahədə uğurla inkişaf etdiyini deyib. Dövlət başçısı İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq, gələcəkdə bu sahədə əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib. Görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, energetika sahələrində ikitərəfli əlaqələr, "Nabukko" layihəsi çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Davosda Polşa prezidenti Lex Kaçinski ilə də görüşüb. Görüşdə bildirilib ki, Azərbaycanla Polşa arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf edir. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulan görüşdə bu səfərlərin və belə görüşlərin əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb. Görüşdə ikitərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezidentin digər görüşü Böyük Britaniyanın York hersoqu, şahzadə Endryu ilə olub. Görüşdə Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Ölkə başçısı İordaniya Kralı II Abdullahla da görüşüb. Görüşdə Azərbaycanla İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafı etdiyi qeyd olunub, yüksək səviyyəli səfərlərin əməkdaşlığın möhkəmlənməsində xüsusi rolu olduğu vurğulanıb. Azərbaycanla İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu da bildirilib və əlaqələrin gələcəkdə daha da möhkəmlənərək, inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|