|
Bahar Muradova: "Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensivliyin olması müsbət haldır. Danışıqlar prosesində intensivliyin özünü də irəliləyiş kimi dəyərləndirmək lazımdır. Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil". Bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova danışıqlar prosesi ilə bağlı hazırkı vəziyyətə münasibət bildirərkən deyib (yap.org.az). B.Muradova hesab edir ki, bu intensivlik nəticə verməlidir. Nəticə ilə əlaqədar son zamanlar bədbin proqnozlarla yanaşı, nikbin proqnozlar da verilməkdədir. Nikbin proqnozların verilməsi üçün müəyyən qədər əsaslar var: "Bu, təkcə mənim deyil, bir sıra ekspertlərin, həll prosesi ilə məşğul olan rəsmi şəxslərin də mövqeyidir. Onlar münaqişənin həllində müsbət nəticə əldə olunacağına çox böyük inam ifadə etməkdədirlər.
Amma Ermənistanın hərəkətlərini, danışıqlar prosesində iştirakını və onun məzmununa uyğun gəlməyən fikirlərini nəzərdən keçirib bu nəticəyə gəlmək olur ki, ermənilər hər zaman olduğu kimi həm öhdəliklərinə, həm imzalarına, həm də beynəlxalq prinsiplərə sayğısızlıq göstərməkdə davam edirlər. Bu faktı Türkiyə ilə imzalanmış protokollarla əlaqədar götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Ermənistanın tutduğu mövqeyə də aid etmək olar". Onun sözlərinə görə, Ermənistanın bu mövqeyini nəzərə aldıqda, çox da irəli gedən nikbin proqnozlar vermək mümkün deyil. "Amma hər halda düşünürəm ki, prosesin özünün sürətlənməsi və daha çox dairələrin bu məsələnin həllinin vacib olduğunu dilə gətirməsi ümidləri artırmaqdadır. Bu baxımdan, Rusiyanın fəallığı da xüsusi qeyd olunmalıdır"- deyə vitse-spiker bildirib.
K.HACIYEV
|