|
Təşəbbüs qrupu yeni qurum yaratmaq iddiasındadır
Mərkəzləşdirilmiş sənədli televiziya birliyinin yaradılmasına zərurət var. Bu fikri yaxın günlərdə yaradılan təşəbbüs qrupunun üzvləri bildiriblər. Qrupun adından çıxış edən yurnalist Vüqar Tapdıqlı qeyd edib ki, dövlətin vəsaiti və sifarişi hesabına hazırlanan sənədli televiziya filmləri əksər halda bir kanalın mülkiyyətinə çevrilir. Bu filmlər hansı kanalda istehsal olunursa, müəllif hüququ və mülkiyyəti də həmin kanala məxsus olur: "Ancaq sənədli filmlərin ictimai əhəmiyyəti ondan ibarətdir ki, o həm də tarixdə salnamə funksiyasını yerinə yetirir. Bu səbəbdən təşəbbüs qrupunun üzvləri hər bir kanalda sənədli televiziya filminin çəkilməsini vacib hesab edir. Burada söhbət dövlət vəsaiti və dövlət sifarişi ilə çəkilən filmlərdən gedir. Eyni zamanda, çəkilən filmlərin tiraylanıb bir yox, bütün kanallarda əvəzsiz nümayiş olunmasına şərait yaradılmalıdır".
Vüqar Tapdıqlı hesab edir ki, dünyanın hər bir yerində sənədli televiziya filmləri dövlətçiliklə bağlıdır. Bu səbəbdən mərkəzləşdirilmiş dövlət sənədli televiziya filmləri birliyi yaradılarsa, bütün kanalların yaradıcı nümayəndələri də orada təmsil oluna bilərlər. Onun fikrincə, qurum Baş Arxivlər Birliyinin nəzdində, yaxud əsasnaməsinə görə, Milli Televiziya və Radio Şurasının nəzdində fəaliyyət göstərə bilər. Akademik Ramiz Mehdiyevin məlum məqaləsinə toxunan Vüqar Tapdıqlı orada iki yerdə səslənən sənədli televiziya filmlərinin inkişaf etdirilməsini xüsusi vurğulayıb: "Sadəcə o, fikrini prodakşınlar haqqında bildirib. Sənədli filmlər milli ideologiyanın tərkib hissəsidir. Amma bu sahədə bir sıra boşluq görürəm. Yəni kənd təsərrüfatı, hərbi vətənpərvərlik, təhsil və s. sahələrdə sənədli filmlər olduqca az istehsal olunur. Bu sahə Milli Televiziyada redaksiya kimi fəaliyyət göstərir. Təşəbbüs qrupunun mövqeyi belədir ki, filmlər tiraylanmalı və yayılmalıdır. Təbliğatı genişləndirilməlidir. Bu səbəbdən Sənədli Televiziya Birliyinin yaradılmasına zərurət var".
|