Ferraranı Zakkeroni əvəz etdi
Hələ "İnter"lə oyun ərəfəsində Çiro Ferraranın "Yuventus"u sonuncu matça çıxaracağı haqda ehtimallar yetərincə artmışdı. Buna Turin klubu rəhbərliyinin ona xələf axtarışıyla bağlı çalışmaları rəvac vermişdi. Dünən çoxdan gözlənilən hadisə baş verib: Ferrara çox çək-çevirdən sonra istefaya göndərilib!
Əvvəlcə İtaliya kubokunda prinsipial rəqib üzərində qazanılan 2:1 hesablı qələbənin "İnter"in düşərgəsində necə hisslər oyatdığı ilə tanış olaq. Əslində ölkə çempionunun sıralarında hansı əhval-ruhiyyənin hökm sürdüyünü güman etmək elə də çətin deyil. İlk növbədə prezident Massimo Morattinin düşüncələriylə tanış olaq. Qeyd edək ki, milanlıların sahibi olan bu şəxs qarşılaşma ərəfəsində "Yuventus" mütləq kənarlaşdırılmalıdır!" çağırışıyla "İnter"in məşqçilərinə və futbolçularına müraciət etmişdi. Yerli qəzetlər M.Morattinin xüsusilə oyunçulara səslənərək çox çətin günlərini yaşayan turinliləri yerlə yeksan etməyə çağırdığını iddia edirdi: "Həticədən çox razıyam. Bazar günü "Milan" üzərindəki tarixi qələbədən sonra daha bir önəmli uğur qazanmaq əlbəttə ki, mənim üçün xoşdur. Futbolçularımız əvvəldən axıradək intizamlı oyunu və işinə peşəkar yanaşması sayəsində rəhbərliyi və azarkeşləri sevindirdi. Layiqli qələbə qazandığımızı düşünürəm.
"İnter" qarşısına qoyduğu daha bir vəzifənin öhdəsindən gələrək ölkə kuboku uğrunda yoluna davam edir. Biz bu turnirdə də qalib adını qazanmaq niyyətindəyik".
Baş məşqçi Yoze Mourinyo növbəti dəfə həmkarı Ferraranı dəstəkləməsiylə diqqət çəkib: "Matçı yaxşı keçirdik. Əvvəlki oyunla müqayisədə heyətdə bir sıra dəyişikliklərə əl atmaq qərarına gəlmişdim. Amma bu, komandamızın ənənəvi oyun üslubuna zərrə qədər də təsir etmədi. Təəssüf ki, qapımızda erkən qol gördük. Buna baxmayaraq, qalan vaxtda heç də təlaşa qapılmadıq. Hər halda, "İnter" bu mövsüm bir neçə dəfə hesabda geri düşsə də, sonradan matçın axarını öz xeyrinə dəyişə bilmişdi. İkinci yarıda Kambyassonu Militoyla əvəzlədim. Bununla da daha yaxşı oynamağa başladıq. Biz psixoloyi cəhətdən turinlilərdən güclü idik. Həmkarım Ferrara ətrafında cərəyan edən hadisələr arzuolunmazdı. Onun gah Hiddink, gah Benites, gah da Zakkeroni ilə əvəzlənəcəyi haqda şayiələr indiyədək davam edir. Halbuki Çiro böyük hörmətə layiqdir. Hə, məşqçilərin komandadakı aqibətini rəhbərlik həll edir. Bütün həmkarlarım da bunun işimizin bir hissəsi olduğunu yaxşı anlayır. Amma bir şey var ki, onu xüsusi vurğulamaq istəyirəm. Biz nə qədər ki, postumuzdayıq, hörmətə layiqik. İndi Ferraraya heç kim hörmət etmir. Amma mən hörmət edirəm".
"Yuventus"un çalışdırıcısının mətbuat konfransında hansı simada olmasını zənn etmək də çətin deyil. Ferrara sanki baş məşqçi vəzifəsində sonuncu çıxışını edirmiş kimi təsir bağışlayıb: "Hələ ki, heç kim mənə qovulduğumu deməyib. Odur ki, komandanı sabahkı məşqə də mən çıxaracam. Matça gəlincə, Lusionun hesabı bərabərləşdirərkən ofsaydda olduğuna əmin idik. Bu vəziyyət qalan vaxtda matçın axarına çox təsir etdi. Hakim bayrağını qaldırsaydı, bəlkə də sonda biz sevinəcəkdik. Görünür, cümə axşamı laysmanın günü deyildi. Amma təcrübəli qapıçımız Buffonun da həmin vəziyyətdə səhvi vardı..."
"Yuventus"un matç günü 32 yaşını qeyd edən qapıçısı Canluici Buffon komandasının məğlubiyyətə layiq olmadığını deyib: "Məğlubiyyətə layiq deyildik. Amma etiraf edim ki, elə "İnter" də sonda üzülməyə layiq futbol sərgiləmədi. Təəssüf ki, son dəqiqələrdə bəxtimiz gətirmədi. Biz peşəkarıq, işimizə can-başla davam etməliyik. Hə qədər ağır olsa da, növbəti uğursuzluqdan sonra da özümüzdə güc taparaq vəziyyətdən çıxmağa çalışmalıyıq..."
Qayıdaq əsas məsələyə: Ferrara mətbuat konfransından sonra istefasıyla bağlı rəhbərlikdən hər hansı göstəriş almasa da, onun bir neçə saat sonra belə aqibətlə üzləşəcəyi çoxlarına bəlli idi. Qeyd edək ki, Turin klubunun bossları təxminən son 2 ayda ona münasibətdə çox güzəştə əl atsa da, "Yuve"nin səhmdarlarının artan təzyiqi gənc mütəxəssisin qovulmasına səbəb olub. Ferrara dünən rəsmən "Yuventus"un baş məşqçi vəzifəsindən qovulub. Onu bu vəzifədə Zakkeroni əvəz edib. 1998/99 mövsümündə də "Milan"ı A seriyasında qələbəyə daşıyan Zak ləqəbli çalışdırıcı da təxminən 3 ildir işsiz idi. Amma hər halda, böyük təcrübəsi "Yuve" bosslarının məhz ona üstünlük verməsinə səbəb olub. Zakkeroni "ağ-qaralar"ı mövsümün sonuna qədər çalışdıracaq. O, təxminən 3 ay yarımlıq müddətdə komandanı böhrandan çıxaracağı və ÇL-ə vəsiqəni təmin edəcəyi halda müqaviləsi yenilənə bilər. Əks-halda Zakın mayda iş yerini tərk etməli olacağı bildirilir.