|
"Cənub dəhlizi" layihəsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün iqtisadi baxımdan əhəmiyyətli dərəcədə sərfəli olacaq. APA-nın məlumatına görə, bu bəyanatla ABŞ dövlət katibinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar çıxış edib. ABŞ-ın 2010-cu ildə Avrasiyanın energetika probleminə və perspektivlərinə baxışından söz açan R.Morninqstar bəyan edib ki, Birləşmiş Ştatlar Xəzər regionundan Avropaya qaz nəqlinə imkan verən "Cənub dəhlizi" layihəsini dəstəkləyir. "Layihə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün iqtisadi baxımdan əhəmiyyətli dərəcədə sərfəli olacaq, həmçinin uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulmasına təkan verəcək. Bu məqsədlə biz iki istiqamətdə işləyirik: "Şahdəniz" qaz yatağı üzrə Türkiyə ilə Azərbaycan arasında razılaşmanı stimullaşdırmaq, Mərkəzi Asiya və Yaxın Şərqin istehsalçı ölkələrini dəhlizə qaz verməyə həvəsləndirmək" - deyə ABŞ dövlət katibinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi qeyd edib.
Bununla belə, R.Morninqstar bildirib ki, Azərbaycan və Türkiyənin qazın qiyməti ilə bağlı razılığa gələ bilməməsi "Cənub dəhlizi" layihəsinin reallaşmasını zərbə altında qoya bilər: "Ümid edirəm ki, tərəflər razılığa gələ biləcəklər. Hər iki ölkə ABŞ-ın yaxşı dostlarıdır və biz onların danışıqlarında heç birinə tərəfkeşlik etmirik. Amma əhəmiyyətli gecikmələr "Cənub dəhlizi" layihəsinin gerçəkləşməsi imkanlarını bağlaya bilər. Biz ümid edirik ki, tərəflər gec-tez razılığa gələcəklər və "Cənub dəhlizi" layihəsinə inamımız itməyib".
|