"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsi daxil edilib. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov dünən keçirdiyi brifinqdə məlumat verdi. O qeyd etdi ki, iş planına Tikinti, Şəhərsalma, Rəqabət məcəllələri, "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında", "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında", "Pambıqçılıq haqqında", "Fərdi məlumatlar haqqında", "Normativ hüquqi aktlar haqqında", "Sülhməramlı əməliyyatlarda iştirak haqqında", "İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında", "Kənd təsərrüfatının kooperasiyası haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "İnsan immun çatışmazlığının törətdiyi xəstəliklə mübarizə haqqında", "Kəşflərin hüquqi qorunması haqqında" qanun layihələri daxil edilib. İş planına, həmçinin ötən sessiyalarda fikir ayrılığına səbəb olan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də salınıb. A.Nəsirov sessiyada "Elm siyasəti haqqında", "Ali təhsil haqqında" qanun layihələrinin də müzakirə ediləcəyini bildirdi. "Eyni zamanda, prezidentin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim olunan qanun layihələri də yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib" - deyə mətbuat xidmətinin əməkdaşı vurğuladı.
O əlavə etdi ki, yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək. İlk iclasın gündəliyinə 14 məsələ daxil edilib.
Deputatlar ilk iş günü "Milli Məclisinin payız sessiyasının qanunvericilik işləri haqqında", "Milli Məclisin nizam-intizam və hesablayıcı komissiyalarının yenidən təşkili haqqında", "Azərbaycan və Qazaxıstan hökumətləri arasında vətəndaşların vizasız gediş-gəlişinin həyata keçirilməsi haqqında", "Azərbaycan-Qazaxıstan arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında", "Orden və medalların təsis edilməsi haqqında", "Polis haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında", "Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında", bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında, "Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında", Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihələrini müzakirə edəcəklər.
A.Nəsirov 2009-cu ilin payız sessiyası ilə bağlı məlumatları da çatdırdı. O qeyd etdi ki, payız sessiyası dövründə parlamentin 13 iclası keçirilib, ümumilikdə 80 qanun və qərar qəbul edilib. Qəbul edilən sənədlərdən 1-i Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 16-sı qanun, 7-si qərar, 32-si vaxtilə qəbul olunmuş qanunlara dəyişikliklər və əlavələr, 24-ü isə qanunla təsdiq edilmiş beynəlxalq müqavilələr və konvensiyalardır.
A.Nəsirov ötən dövr ərzində parlamentin beynəlxalq əlaqələrinin də yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, spiker Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İsveçrə və Rusiyada səfərdə olub. Parlament nümayəndə heyəti müxtəlif xarici dövlətlərin və beynəlxalq təşkilatların təşkil etdikləri tədbirlərdə Azərbaycanı təmsil ediblər. Eləcə də bir sıra xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olublar, səfər çərçivəsində palamentdə müxtəlif mövzulara həsr olunmuş Dəyirmi masalar baş tutub. Payız sesiyası zamanı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycan Parlament Proqramı layihəsi çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərlərində deputat köməkçiləri üçün təlim kursları, Milli Məclis Aparatının işçiləri üçün isə "Qanunvericilik prosesində sosial-iqtisadi problemlərin təhlili" mövzusunda seminar keçirilib.
A.Nəsirov dedi ki, sessiya müddətində Milli Məclisdə 1650 vətəndaş qəbul olunub. Ümumilikdə 2009-cu ildə isə parlamentdə 4968 vətəndaş qəbul edilib. Bu da 2008-ci illə müqayisədə 6,5 faiz azdır. A.Nəsirov parlamentdə qəbul edilən vətəndaşların sayının azalmasını deputatların yerlərdə köməkçilərinin fəaliyyətə başlaması ilə əlaqələndirdi.
A.Nəsirov onu da dedi ki, ötən sessiya dövrü TürkPA-nın yaradılması, Milli Məclisin yeni korpusunun istifadəyə verilməsi ilə əlamətdar olub. Ötən sessiyada Milli Məclis ABŞ Konqresi və Avropa Parlamentinə müraciət ünvanlayıb: "Milli Məclisin payız sessiyasında ölkənin milli qanunvericilik bazasının yaradılması istiqamətində bir sıra vacib qanunlar qəbul edilib".
A.Nəsirov Milli Məclisin adından istifadə edərək nəşr edilən mətbuat orqanları barədə də danışdı. O, bu cür fəaliyyət göstərən 7 mətbuat orqanının olduğunu bildirdi. Parlamentin adından sui-istifadə edən KİV-lər "Parlamentin səsi", "Parlament-2005", "Parlament xəbərləri", "Parlament və cəmiyyət", "Parlament", "Millət vəkili" və "Deputatın tribunası" qəzetləridir. A.Nəsirov bildirdi ki, bu qəzetlərin heç birinin parlamentlə bağlılığı yoxdur. "Parlamentin sədası" və "Azərbaycan parlamenti" qəzetləri isə Mətbuat Şurasının elan etdiyi "reket" qəzetlər siyahısındadır. A.Nəsirov adı çəkilən qəzetlərlə bağlı Milli Məclisə xeyli şikayət daxil olduğunu da bildirdi.
Mətbuat xidmətinin rəhbəri sonda onu da bildirdi ki, Milli Məclisin "Azərbaycan" qəzetindən və "Milli Məclis" yurnalından başqa heç bir mətbuat orqanı yoxdur. "Biz bu qəzetlərə qarşı mübarizədə həm parlament yurnalistlərinin, həm də cəmiyyətin yardım göstərməsini arzulayırıq" - deyə A.Nəsirov vurğuladı.
İlham QULİYEV