|
Türk Musiqi Birliyi telekanalı türk dünyasının MTV-si olmaq istəyir
Dünən Mətbuat Şurasında Türk Musiqi Birliyi (TMB) telekanalının Azərbaycanda səfərdə olan nümayəndə heyəti mətbuat konfransı keçirdi. Telekanalın yaradıcısı, musiqişünas, yurnalist Naim Burak Elçi, telekanalın xarici məsələlər şöbəsinin müdiri Nazilə Abbaslı, TMB-nin Azərbaycan təmsilçisi Tahir Aydınoğlunun qatıldığı tədbirdə telekanalın Azərbaycanla bağlı fəaliyyətinə aydınlıq gətirildi. MŞ-nin sədri Əflatun Amaşov türkdilli xalqların yaşadığı ölkələrdə yeni bir televiziya kanalının fəaliyyətə başladığını diqqətə çatdıraraq bildirdi ki, ortaq musiqi kanalı olan TMB-nin verilişləri hazırda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan və Türkmənistan, eyni zamanda Rusiyanın türkdilli vilayətlərində yayımlanır: "Demək olar ki, bu televiziya artıq bütün dünyada yayımlanır. Kanalın əsas məqsədi türkdilli xalqların musiqisini toplayıb dünya xalqlarına çatdırmaqdır". Ə.Amaşov məlumat verdi ki, artıq telekanalın fəaliyyətə başlaması üçün görülən işlərdən bir il vaxt keçir. Belə ki, bir il bundan əvvəl kanalın rəhbərləri Azərbaycana gələrək müxtəlif görüşlər keçiriblər. Telekanal fəaliyyətə başladığından onun rəhbərliyi və nümayəndələri ikinci dəfə Azərbaycana qonaq gələrək telekanalın Azərbaycanla bağlılığını reallaşdırmaq üçün müxtəlif qurumlarla görüşlər keçiriblər.
Telekanalın rəhbəri Naim Burak Elçi TMB-nin türk cümhuriyyətlərinin ortaq bir musiqi kanalı olduğunu diqqətə çatdırdı: "Bu, nə Türkiyə, nə Azərbaycan, nə Qırğızıstan, nə də Özbəkistanın kanalı deyil. Bu, əslində, bir dünya kanalıdır. TMB-nin məqsədi türk cümhuriyyətlərinin modern musiqisini bütün dünyaya tanıtmaqdır. Türk cümhuriyyətlərində Türkiyənin bütün sənətçiləri - Tarkanlar, Sibel Canlar, Sezen Aksular, İbrahim Tatlısəslərin hamısı tanınır. Amma bilirəm ki, bütün türkdilli respublikalarda da Tarkanlar, Sezen Aksular var. Ən azı onlar qədər də bacarıqlı sənətçilər var. Ancaq həmin sənətçiləri biz Türkiyədə tanımırıq. Biz tanımırıqsa, Avropa, Amerika heç tanımır". Telekanal rəhbərliyinin sözlərinə görə, TMB təkcə türk cümhuriyyətləri içərisində deyil, bütün Avropadakı kabel televiziyalarında yayımlanır. Yaxın vaxtlarda isə bu kanala bütün dünya tamaşaçıları baxa biləcək: "Biz bu kanalı bir nömrəli musiqi kanalı sayılan MTV-nin rəqibi kimi görərək türk xalqlarının musiqisini bütün dünyaya tanıtmaq niyyətindəyik". Naim Burak Elçinin sözlərinə görə, onlar bu işə ticarət məqsədi ilə başlamayıblar. "Təbii ki, işin bir qismi ticarət olsa da, yarısı da könül işidir. Bu işə başlarkən, həm buradakı, həm də digər ölkələrdəki dostlarımız bizə inanılmaz dəstək verdilər. Əlbəttə, bütün sənətçi dostlarımızın kliplərini yayımlamaq istərdik. Ancaq məqsədimiz bütün ölkələrdəki ən dəyərli musiqiləri və klipləri seçməkdir. Çünki biz pulla işləyən kanal deyilik. Biz gerçəkdən gözəl işləri seçib yayımlamaq istəyirik. Hal-hazırda 6 ölkədə yayımlanan kanal olaraq bizə hədsiz sayda musiqilər və kliplər göndərirlər. Təbii ki, bunların içərisindən seçim etməliyik. Ona görə də bizim üçün pul keçərli deyil. Azərbaycandakı sənətçilər də bizə TMB-nin Azərbaycan təmsilçiliyi vasitəsi ilə klip və musiqilərini yollayırlar. Biz onları çox incəliklə izləyib, öz seçimimizi edəcəyik. Bilirik ki, Azərbaycanda çox məşhur sənətçilər var. Onların burada həyatları çox gözəldir. Ancaq onlar sadəcə, Azərbaycanın içərisində tanınırlar, dünya onları tanımır. Onların dünya ölkələri içərisində tanınmasına ehtiyac var. Bizim məqsədimiz də türk dünyasındakı sənətçiləri bütün dünyada tanıtmaqdır. Məhz bu işdən ötrü TMB bütün bu ölkələrdə öz təmsilçiliyini açaraq yayımına başlayıb". Telekanal rəhbərliyi bildirdi ki, türkdilli ölkələrin heç birində yalnız musiqi yayımlayan bir kanal yoxdur. Bu baxımdan Türk Musiqi Birliyi türk dünyasının ilk və tək musiqi kanalıdır. "Türkiyədə çoxlu musiqi kanalı var. Onlar yalnız Türkiyə sənətçilərinin musiqi və kliplərini yayımlayırlar. Biz istəyirik ki, bütün türk dünyasının musiqi dəyərlərini dünyaya tanıdaq". Kanal rəhbərliyinin sözlərinə görə, hələlik "Türksat" vasitəsilə yayımlanan kanal yaxın vaxtlarda Azərbaycanda kabel sistemiinə keçərək yayımlanacaq. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Bülənt Uğur açılan hər yeni kanalın, fəaliyyətə başlayan hər yeni dərgi və qəzetin mediada yeni iş yerlərinin yaranması kimi dəyərləndirdi: "Türk Musiqi Birliyi telekanalının fəaliyyətə başlaması türk dünyasında mövcud olan boşluğu doldurmaq deməkdir. Bundan əvvəl TRT-Avaz ortaq kanalı fəaliyyətə başladı. Ancaq sadəcə, musiqi ilə bağlı bir kanala ehtiyac vardı. Bu mənada TMB böyük iş görəcək. Bu kanal bir çox sənətçinin tanınması üçün şərait yaradacaq. Bu yaxınlarda İzmirdə "Can Azərbaycan" kanalı fəaliyyətə başladı. İndi də TMB yayımlanacaq. Bütün bu kanallar bir millət olaraq dil və mədəniyyətimizin daha da yaxınlaşması baxımından önəmlidir". Kanalın xarici məsələlər üzrə müdiri Nazilə Abbaslı kanal rəhbərliyinin Türk Musiqi Birliyinin (TMB) yaradılması haqqında təklifini böyük sevinclə qarşıladığını bildirdi. N.Abbaslı əmin etdi ki, TMB-nin bütün dünya kanalları içərisində gerçəkdən birincilər sırasında olması üçün əlindən gələni edəcək. "Düzdür, Türkiyədəki maliyyə böhranı Türk Musiqi Birliyinin Azərbaycanda fəaliyyətə başlamasında bir az fasilə yaratdı. Bu kanalı yaradarkən bir çox ölkəni gəzdik, görüşlər keçirdik. Bu gün artıq təkcə türk cümhuriyyətlərindən deyil, Avropa ölkələrində, Amerikada yaşayan türklərdən, eləcə də İrandakı azəri qardaşlarımızdan, ərəb ölkələrindən aldığımız məktublar nə qədər böyük və xeyirli bir iş gördüyümüzün sübutudur. Gerçəkdən musiqi bir qidadır. Azərbaycanda kabel televiziyasına daxil olmaqla dünyaya səpələnmiş türklərə musiqi ilə - sərhəd tanımayan bir yolla qucaq açmaq istəyirik. Bu, böyük bir güc deməkdir. Bunun üçün media mənsubları və musiqiçilər ətrafımızda birləşməlidirlər". Kanalın Azərbaycan təmsilçisi Tahir Aydınoğlu türk dünyasının ilk beynəlxalq kanalı olan TMB-nin Azərbaycan təmsilçisi olmağından qürur duyduğunu dilə gətirdi: "Bu bir tarix, nağılların reallığa çevrilməsi günüdür. Nəhayət, dünyanın hər yerində yaşayan türklərin öz musiqisini dinləmək üçün vahid bir kanalı var - dünya türklərinin dünya musiqi kanalı yarandı. Bu, türk dünyası üçün böyük bir töhfədir". T.Aydınoğlu Azərbaycan sənətçilərini TMB ilə yaxından əməkdaşlıq etməyə çağırdı. Xalq artisti Faiq Ağayev Türk Musiqi Birliyinin (TMB) kanalında canlı olaraq çıxış edən ikinci Azərbaycan sənətçisi kimi kanalın fəaliyyətindən məmnunluğunu dilə gətirdi. Xalq artisti TMB-nin fəaliyyətini türk xalqları arasında körpü kimi dəyərləndirdi: "Yeddi ölkənin xalqlarının milli dəyərlərini bütün dünyaya çatdırmaq böyük və şərəfli bir işdir". Yurnalistlərin suallarını cavablandıran telekanal rəhbərliyi bildirdi ki, gələcəkdə TMB-nin musiqidən başqa ayrı-ayrı proqramları da yayımlanacaq və telekanal türk dünyasının MTV-sinə çevriləcək. Belə ki, gələcəkdə digər musiqi yanrları, musiqili filmlər, o cümlədən gəncliyə yönələn seriallara yer veriləcək. Eyni zamanda, gələcəkdə "Kültür və sənət" adlı yeni bir telekanalın açılması da gündəmdədir. Bu kanalda bütün incəsənət növlərini əhatələyən dəyişik verilişlərin yayımlanması nəzərdə tutulur. TMB-nin yaxın zaman üçün gerçəkləşdirəcəyi layihələrə gəlincə, telekanal Novruz bayramı ərəfəsində bütün türk dünyası sənətçilərinin iştirakı ilə layihə gerçəkləşdirəcək. Telekanalın digər layihəsi isə "Türkviziyon" layihəsidir.
Təranə MƏHƏRRƏMOVA
|