|
Flaqman Vladimir Voskoboynikov Sergey Alekseyevin keçidini də həll edib
Valeri Abramidzenin Bakının "Neftçi" klubuna qayıdışı rəsmiləşib. Valeri apasport.az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş müxbirinə açıqlamasında keçmiş komandası ilə müqavilə bağladığını bildirib. 30 yaşlı gürcü müdafiəçinin anlaşması ən azı yaya kimi nəzərdə tutulub. V.Abramidze hələ "Neftçi" Bakıda olduğu zamanı baxışa gələrək, "Olimpik-Şüvəlan"la yoxlama oyununda (1:0) meydana çıxıb. Bundan sonra "ağ-qaralar"la birgə Antalyaya təlim-məşq toplanışına yollanan Valeri bir neçə yoxlama oyununda iştirak edərək, baş məşqçi Vaqif Sadıqovun etimadını qazanıb. Ruslan Abışovla Tural Nərimanov zədəli olduğundan, mərkəz müdafiəçisi axtarışında olan V.Sadıqov bu mövqedə yaranan boşluğu V.Abramidze kimi təcrübəli futbolçu ilə doldurmaq fikrindədir.
"Neftçi" daha iki transfer də reallaşdırıb. Flaqman əcnəbi hücumçular - eston Vladimir Voskoboynikov və moldovalı Sergey Alekseyevin keçidini həll edib. Hər iki legioner həm Bakıda, həm də Antalyada baxışdan uğurla keçiblər. Onlarla anlaşma ən azı yaya kimi nəzərdə tutulub. Bu iki transferdən sonra "Neftçi"nin ön xəttində böyük rəqabət yaranıb. Belə ki, uruqvaylı V Quqlemon, kamerunlu Valentin Atem, braziliyalı Yoze Karlos, Samir Əliyev də komandanın hücumçularıdır. Həm Voskoboynikov, həm də Aleksey öz milli komandalarının üzvləridir. 27 yaşlı Vladimir hələ 2008-ci ilin yayında "Neftçi"ni ukraynalı Anatoli Demyanenko çalışdırdığı zamanı İntertoto kubokunun oyunları zamanı baxışa gəlsə də, tezliklə geri qaytarılıb. Göründüyü kimi, ikinci cəhdi uğurlu alınan Voskoboynikovun son klubu Rusiyanın birinci divizion təmsilçisi "Luç-Eneryi" olub. 24 yaşlı Alekseyev isə son vaxtlar İsveçrənin yüksək liqasının autsayderi olan "Aarau" klubunda çıxış edib. Qeyd edək ki, "Neftçi" qış fasiləsində "İnter"dən yarımmüdafiəçi Cavid Hüseynovu da transfer edib.
|