|
"Antirusiya siyasəti Gürcüstana yaxşı heç nə gətirməyəcək"
"Rusiya ilə qarşıdurma şəraitində Gürcüstanın ərazi bütövlüyünün bərpası mümkün deyil. "Ədalətli Gürcüstan uğrunda hərəkat" Partiyasının lideri, keçmiş baş nazir Zurab Noqaideli belə hesab edir. "Gürcüstanın xarici siyasətində əsas vəzifə ərazi bütövlüyünün bərpasıdır. Bunu Rusiya ilə qarşıdurma şəraitində etmək mümkün deyil. Odur ki, bu ölkə rəhbərliyi ilə dialoqa başlamaq lazlmdır" - deyə Z.Noqaideli Tbilisidə "Gürcüstan sabah - xarici siyasət" mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, bir an içində Gürcüstan-Rusiya münasibətləri dost münasibətlərinə çevrilməyəcək, "ancaq düşmənçilik aradan qaldırılsa, tərəfdaşlıq münasibətlərinə çevrilə bilər". Z.Noqaideli bildirib ki, Moskvaya bir neçə səfəri nəticəsində Sxinvalidə saxlanmış dörd gürcü yeniyetmənin azad edilməsi, Yeni il bayramında Moskva və Tbilisi arasında bir neçə çarter reysinə icazə verilməsi ilə bağlı müəyyən müsbət addımlar atılıb. "Təəssüf ki, Gürcüstanın hazırki rəhbərliyi antirusiya siyasəti yürüdür ki, bu da Gürcüstana yaxşı heç nə gətirməyəcək" - deyə Z.Noqaideli vurğulayıb.
O deyib ki, yaxın vaxtlarda Moskvaya getmək, öz partiyası və "Vahid Rusiya" Partiyası arasında əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Onların Rusiya XİN-də, eləcə də Dövlət Dumasında qəbul olunacağı gözlənilir. Qeyd edək ki, Noqaideli son ayda bir neçə dəfə Moskvada olub. Keçmiş baş nazirin Moskvaya meyillənməsi isə prezident Mixail Saakaşvilini əməlli-başlı özündən çıxarıb. O bildirib ki, keçmiş silahdaşının mənəvi cəhətdən belə formada deqradasiyaya uğradığını təsəvvürünə belə gətirmir. Ümumiyyətlə, gürcü müxalifətinin Rusiyaya meyillənməsi son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. Müxalifətin Rusiya ilə münasibətlərini normallaşdırması ölkədə bir növ siyasi şüara çevrilib. "Xalq Cəbhəsi" Partiyasının lideri Nodr Natadze "Yeni nəsil" qəzetində "Gürcüstanın Rusiya tərəfindən yenidən fəthi" başlıqlı məqalə dərc edib. Onun qənaətincə, Moskva Gürcüstana qarşı artıq ali hücuma başlayıb. Rusiya baş naziri Vladimir Putinin Yevgeni Primakovun yubileyində çıxışı isə burada siqnal rolunu oynayıb. Putin Gürcüstanın ərazi bütövlüyünün bərpasının mümkünlüyünü açıqlayıb və gürcü müxalifətçisi Putinin bu fikrinin arxasında Gürcüstanın Rusiyaya birləşməsi ideyasının dura biləcəyi versiyasını irəli sürüb. Onun qənaətincə, məhz bundan sonra Noqaidelinin Moskvaya səfərləri çoxalıb: "Moskva keçmiş baş naziri özünün Gürcüstandakı dayağı hesab edir". Natadzenin fikrincə, hadisələrin gələcək ssenarisi aşağıdakı kimi olacaq: Gürcüstanda yeni təşkilat yaranacaq və hazırki müxalifətlə birgə etiraz aksiyalarına başlayacaq. Etiraz aksiyaları az keçməyəcək ki, qarmaqarışığa gətirib çıxaracaq. Bu isə həmin təşkilata kömək üçün Moskvaya müraciət etməsinə səbəb olacaq. Məhz bununla da Gürcüstanın yenidən Rusiya tərəfindən işğalı baş verir. Yeri gəlmişkən, hakimiyyətdən narazı olanların sayının durmadan artması da bu ehtimalı gücdəndirir. Saakaşvili hökuməti isə bu narazılıqların qarşısını hər vasitə ilə almağa çalışır. Lakin onun bu addımı həm daxildə, həm də xaricdə ona olan narazılıqları gücləndirir. Məsələn, "Freedom House" hüquq müdafiə təşkilatınını siyahısında Gürcüstan ötən il olduğu kimi, bu il də 4.4 bal alaraq "qismən azad ölkə"lərin sırasına daxil edilib. "Konstitusiyanın 42-ci Maddəsi" adlı QHT-nin rəhbəri Manana Kobaxidze deyir ki, demokratiyanın inkişafı baxımından ötən il Gürcüstanda irəliləyiş olmayıb: "Təəssüfləndirici haldır ki, demokratik inkişaf mənasında tərəqqi yoxdur. Mətbuatın müstəqilliyi, ifadə azadlığı yoxdur, siyasi məhbuslar var. Belə şəraitdə müsbət hesabatın olacağını gözləmirdik". İnsan Haqları Mərkəzinin icraçı direktoru Uça Nanuaşvili hesabata daha sərt yanaşır: "Ölkə sabit olaraq "qismən azad ölkələr" siyahısında qalır. Bu, hər hansı sahədə problemlərin olması ilə əlaqədar deyil. Bu, sistemin nəticəsidir. Çünki Gürcüstanda başlayan islahatlar dayanıb və ölkə tənəzzül yolunu tutub". "Freedom House"un tədqiqatlar üzrə direktoru Arç Pudinqtonun fikrincə, Saakaşvili idarəçiliyinin avtoritar xüsusiyyəti olsa da, Gürcüstanın yaranmış vəziyyətdən çıxmaq imkanı var: "Mətbuat və qeyri-hökumət təşkilatları ilə tanışlıqdan sonra demək olar ki, Gürcüstanın açıq-aşkar imkanları var. Gürcüstanda Saakaşvilinin ən mənfi davranışlarına belə müqavimət göstərə bilən qüvvələr var. Biz Gürcüstandan hələ əlimizi üzməmişik".
Azər NURİYEV
|