Əhməd Davudoğlu: "Üç ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də protokolları parlamentə göndərməyib"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, Ermənistanla imzalanmış protokollar gələcəkdə müzakirə olunarsa və həyata keçirilərsə, bütün maddələr eyni vaxtda gündəliyə çıxarılmalıdır. "Heç kim "Türkiyə sərhədləri açsın və protokolların digər maddələri sonraya qalsın" fikri ilə hərəkət etməməlidir" - deyə nazir vurğulayıb. Ə.Davudoğlu deyib ki, Türkiyə baş nazirinin Moskvaya rəsmi səfəri zamanı Dağlıq Qarabağ problemi ilə bağlı aparılmış danışıqlar və özünün rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü haqqında Azərbaycanın xarici işlər nazirinə ətraflı məlumat verib. Məsələ xarici siyasət idarələri rəhbərlərinin yaxın günlərdə Londonda keçiriləcək görüşündə də müzakirə olunacaq.
Türkiyəli nazir onu da əlavə edib ki, Azərbaycan-Ermənistan danışıqları prosesi olduqca mühümdür və çox çətin olmasına baxmayaraq "dondurulmuş" münaqişə kimi qalmaqdan daha yaxşıdır. Xarici işlər naziri bir daha rəsmi Ankaranın Ermənistanın protokollarla bağlı mövqeyindən narahatlığını dilə gətirib. Onun sözlərinə görə, Türkiyə bu protokolları imzalamaqla üç məqsəd güdüb. Birincisi, Türkiyə ilə Ermənistan arasında iki qonşu ölkə kimi sülhün və etimadın təsis edilməsi; ikincisi, dünyanın bütün ölkələrində olan türklər və ermənilər arasında ədavətin aradan qaldırılması və üçüncüsü, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması: "İndi qarşı tərəfin millətçilərin və daşnakların diqtəsi ilə bu ünsürləri təftiş etməsi haqlı narazılıq doğurur. Ermənistan rəhbərləri Sarkisyan və Nalbandyan imzlanmış protokollara sahib çıxmalıdırlar.
Çünki imzalanma mərasimindən üç ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də protokolları parlamentə göndərməyib".
Nazir onu da deyib ki, Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə imzalanan protokollarla bağlı qərarından sonra Ankara ilə Yerevan arasındakı yaxınlaşma prosesinin bitdiyini düşünmək səhvdir: "Məsələyə soyuqqanlı yanaşmaq lazımdır, protokolların mətnində heç bir dəyişiklik olmamalıdır". Ə.Davudoğlu hesab edir ki, ictimaiyyətdə narazılıqların qarşısını almaq üçün tərəflərin sənədlərlə bağlı şərhlərində müəyyən fərqli yanaşmalar müşahidə edilə bilər, lakin hüquqi sənədə fərqli fikrin daxil edilməsi yolverilməzdir. Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması, digər məsələlərin isə sonra həll edilməsi kimi yanaşmanı Ankara qəbul etməyəcək.
Türkiyənin xarici işlər naziri Londonda bu məsələni bir daha ABŞ-ın dövlət katibi Hillari Klintonla müzakirə edəcəyini də diqqətə çatdırıb. O, ABŞ və İsveçrəni də şübhə doğuran hərəkətlərdən vaz keçməyə çağırıb. "Bütün cəhdlərə rəğmən, tarixdə qalmış və hər iki tərəfin acı çəkdiyi bir hadisəyə səbəbiylə Konqresdə və ya digər yerlərdə türk xalqı ittiham ediləcəksə, buna ədalətli mövqe demək olmaz" - deyə nazir 24 aprel ərəfəsi ABŞ Konqresinin "erməni soyqırımı" iddialarını tanıması ehtimalını şərh edərkən belə fikir işlədib. "Biz bu mövzuda ABŞ Konqresinin də rasional düşüncəyə malik olduğunu düşünmək istəyirik. Türkiyə olaraq xarici siyasətdə hər an hər cür sürprizə hazır olmalıyıq, lakin həyəcan bizə yaraşmaz" - deyə o bildirib.
Qeyd edək ki, ABŞ tərəfi ötən gün Ankara və Yerevanı protokolları tez bir zamanda ratifikasiya etməyə çağıran bəyanat vreib. Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Xəlil Ünlütəpə isə hesab edir ki, ABŞ Dövlət Departamentinin Ankara-Yerevan protokollarının Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən dəyişiklik edildikdən sonra ratifikasiyasını istəməsi əsassızdır. Ünlütəpə hesab edir ki, ABŞ Dövlət Departamentinin protokolları Ermənistan tərəfindən edilən dəyişikliklərə rəğmən ratifikasiya istəyi ilə çıxış etməsi 24 aprel saxta erməni "soyqırımı" ildönümünün yaxınlaşması ilə əlaqədardır. Onun sözlərinə görə, ABŞ rəhbərliyi protokolların ratifikasiyası ilə saxta "soyqırımı"yla bağlı hər il ənənəvi olan çıxışlardan canını qurtarmaq istəyir. Millət vəkili onu da qeyd edib ki, ABŞ rəhbərliyinin ratifikasiya istəyi bir problemi həll etməklə yeni problemin yaranmasına start verə bilər. Onun sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsinin dəyişiklik qərarı olsa da, Türkiyə parlamenti bu protokolları ratifikasiya etməyəcək, çünki işğalçı bir dövlətlə hər hansı bir sənədin imzalanması və sonradan onun təsdiq edilməsi Ankaranın beynəlxalq imicinə zərbədir.
Azər NURİYEV