|
BMT TŞ hərəkatın 5 üzvünün adını "qara siyahı"dan silib
BMT Təhlükəsizlik Şurası "Taliban" hərəkatının 5 yüksək səlahiyyətli şəxsinin adını "qara siyahı"sından çıxarıb. "Exo Moskva" radiosunun yaydığı məlumata görə, bu barədə BMT məlumat verib. Məlumatda o da qeyd olunur ki, Əfqanıstan prezidenti Həmid Kərzayi "Taliban"ın həmin rəhbər şəxslərinin adının "qara siyahı"dan çıxarılması xahişi ilə BMT-yə müraciət edib. Əfqanıstanın maliyyə naziri taliblərlə sülhə və barışığa nail olmaq üçün onlara hakimiyyətin bütün sahələrində yer verilməsini təklif edib. "Financial Times"in yaydığı məlumata görə, nazir bildirib ki, taliblərlə danışıqlar günü sabahdan başlaya bilər, yetər ki, bu istiqamətdə beynəlxalq dəstək olsun. O, "Taliban"ın danışıqlara hazır olduğunu bəyan edib.
Xatırladaq ki, BMT TŞ 1999-cu ilin oktyabr ayında qətnamə qəbul edib. Burada həmin vaxt "Taliban"ın nəzarətində olan Əfqanıstana qarşı sanksiyalar barədə yazılmışdı. Sonrakı illər ərzində bu sanksiyalar başqa qətnamələrlə daha da möhkəmləndirilib. Sonuncu isə 2009-cu ildə qəbul edilib. Qətnaməyə əsasən, BMT-yə üzv ölkələr "qara siyahı"da adı olanlara qarşı səyahət qadağası təqdim etməli, onların əmlaklarını dondurmalı və silahların satışına embarqo qoymalıdır. BMT TŞ-nın sanksiyalar panelinə 2009-cu ilin yanvarın 1-dən Avstriya sədrlik edir. Komitədə TŞ-nın 15 üzvü var. Onlar həm rəsmi, həm də qeyri-rəsmi sessiyalar zamanı mütəmadi olaraq toplantılar keçirirlər. Komitənin hazırkı sədri Avstriyanın BMT-dəki daimi təmsilçisi Tomas Meyr Hartinqdir. İstənilən ölkə sanksiyalar komitəsindən razılaşdırılmış siyahıya adların salınmasını və ya çıxarılmasını xahiş edə bilər. Buna baxmayaraq, siyahıdan adın çıxarılması TŞ-nin sanksiyalar panelinin 15 üzvünün hamısının yekdilliklə təsdiqlənməsini tələb edir. Prezident Kərzayi də dünən bəyan edib ki, Londonda keçiriləcək Əfqan konfransı zamanı siyahıdan adların çıxarılmasını istəyəcək. Bu konfrans zamanı o, "Taliban" yaraqlılarının silahlarını yerə qoymaqda yola gətirmək üçün onlara pul və iş yerlərinin təklif edilməsi planına Qərbin dəstəyini qazanmağa ümid edir. Şərhçilər deyirlər ki, "Taliban"la danışıqlara böyük dəstək mövcuddur. Buna baxmayaraq, bu, bəzi əfqan rəsmilərinin təsvir etdiyi kimi, elə də asan proses deyil. Məsələn, pakistanlı analitik Əhməd Rəşidə əsasən, ilk öncə Kərzayi Əfqanıstanın qonşularını və regiondakı ölkələri əfqan hökumətinin başçılıq edəcəyi "Taliban"la barışıq strategiyasını imzalamaqda yola gətirməlidir. İkincisi, Əfqanıstana BMT TŞ-yə "Taliban" liderlərinin adlarının 2001-ci ildə tərtib edilmiş siyahıdan çıxarılmasını tələb edən sənədi təqdim etməsinə icazə verilməlidir. Əlbəttə ki, bu liderlər zorakılığı pisləməli və "Əl-Qaidə" ilə əlaqələri kəsməlidir. Üçüncüsü, TŞ əfqan hökumətinə "Taliban"la rəsmi mandatla danışıqlar apara biləcək və ABŞ, NATO və BMT-yə bu prosesi dəstəkləyə biləcək qətnamə qəbul etməlidir. Dördüncüsü, NATO və əfqan qüvvələri "Taliban"ın və onların ailə üzvlərinin Əfqanıstana qayıtmasına və təhlükəsizliyinə cavabdeh olmalıdır. Bu işdə beynəlxalq yardım agentlikləri də iştirak etməlidir. Beşincisi, əfqan hökumətinin başçılıq edəcəyi barışıq işi ilə məşğul olacaq qurumda çalışanların təlimini və maliyyələşdirilməsini təmin etmək. Bu qurum Qərb qüvvələri və humanitar yardım agentlikləri ilə çalışmalıdır və ölkəyə qayıdan "Taliban" üzvlərinin təhlükəsizliyi, onları qəbul etmək üçün imkanların yaradılmasını nəzərdə tutan hərtərəfli proqramlar işlənməlidir. Altıncısı, Pakistan hərbiyyəsinə ölkəyə dönən "Taliban" yaraqlıları və onların ailələrinin təhlükəsizliyini təmin etmək üçün NATO və əfqan qüvvələrinə yardımı artırmaq. Buraya sərhəd keçid məntəqələrində beynəlxalq yardım agentliklərinin köməyi də daxildir. Və nəhayət, "Taliban" rəhbərliyinə Səudiyyə Ərəbistanı kimi neytral ölkə təklif olunmalıdır ki, əfqan hökuməti və NATO ilə danışıqlar apara bilsin. Eyni zamanda, ABŞ Quantanamoda saxlanılan əfqan məhbuslarını azad etməli və onların Əfqanıstana, Paksitana və Səudiyyə Ərəbistanına qayıtmasına imkan yaratmalıdır. Bu, London konfransında nail oluna biləcək çətin və olduqca uzun məsələdir. Amma artıq Kərzayi bu məsələdə qonşularının dəstəyini ala bilib. Danışıqlardan sonra verilən birgə bəyanatda onlar Əfqanıstan konstitusiyasına əsasən əfqanların başçılıq edəcəyi əfqan milli barışıq və reinteqrasiya prosesini dəstəklədiklərini bildiriblər.
Azər NURİYEV
|